Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə, 20 İyun 2018 00:00

Bizi bir millət olaraq yaşadan məziyyətlər

Written by 
Bizi bir millət olaraq yaşadan məziyyətlər https://www.google.ru

XX əsr – Azərbaycanın dövlətçilik tarixində ən mürək­kəb, çətin və eyni zamanda ən şərəfli dövrlərdən biridir. Milli fikrin oyanışı ilə siyasi repres­siyalar və ideoloji məhdud­laş­dır­ma­lar eyni dövrə təsadüf et­diyindən, siyasi, ictimai və fərdi şüur­dakı ziddiyyətlər bir çox şəxsi faciələrin də səbəbinə çevril­mişdir.

Önəmli olan məsələlərdən biri yaşanmış faciələrə, heç olmazsa, müstəqillik dövründə anlayışlı yanaşmaq, o dövrün daxili ziddiyyətlərini və tələblərini nəzərə almaqdır. Və milli varlığın qorunub saxlanması üçün nələrin daha vacib olduğunu müəyyənləşdirməkdir.

Bizi bir millət olaraq yaşadan nədir: hadisələr, təfərrüatlar, yoxsa mahiyyətlər?

Məsələ burasındadır ki, milli varlıq heç də özünü hansı isə millətdən hesab edən insanların cismani və ya sosial varlığı deyil. Milli varlıq – milli ideyanın varlığıdır; bu ideyanın yaşamasını təmin edən bir zehniyyət, sosiallaşmış mənəvi prosesdir. Bioloji və ictimai varlıq mənəvi varlığın sadəcə daşıyıcısıdır. Əlbəttə, daşıyıcılar olmasa – millət də olmaz. Lakin digər tərəfdən, əgər milli ideyanı, milli ruhu yaşadan çox kiçik bir ictimai qrup (şair deyərdi: bircə nəfər də) hələ varsa, deməli, millət də hələ yaşayır. Və əksinə, çoxlu sayda bioloji varlıqlar və yaxşı təşkilatlanmış və hətta dövlətləşmiş böyük bir cəmiyyət varsa və o, öz iqtisadi, elmi-texnoloji inkişafına görə irəlidə getməyi də bacarırsa və itirmiş olduğu (qurban verdiyi) sadəcə (?!) milli ruhdursa, milli varlığın yaşadığını deyə bilmərik. Çünki bu möhkəm və böyük sosial bədənə artıq başqa bir ruh hakim kəsilmişdir. Ad-familiya (o cümlədən, millətin ad-familiyası) hələ milli mənsubiyyəti təsdiq edə bilməz. O qədər manqurt xalqlar var ki... Bir sözlə, əsas məsələ zehniyyətdir, mənəviyyatdır.

“Din içində din bəsləyən”, yad sosial-mənəvi iqlimdə öz həqiqi milli zehniyyətini və ruhunu qoruyub-saxlayan və gələcək nəsillərə çatdıran millət fədailərimiz olmasaydı, biz də çoxdan özgələşər, yabançılaşardıq.

Çar Rusiyası dövründə əyninə məmur mundiri geyinib, çiynində poqon gəzdirən A.Bakıxanov, M.F.Axundzadə kimi, bolşevizmin ilk hakimiyyəti dövründə kommunist partiyasının iyerarxiyasında yüksək mövqe tutan Nəriman Nərimanov və sonralar Heydər Hüseynov kimi şəxsiyyətlər öz rəsmi vəzifə borclarından kənara çıxaraq və hətta bu vəzifənin, bu mövqeyin verdiyi səlahiyyətlərdən məharətlə istifadə edərək, həm də və daha çox dərəcədə millət üçün çalışmırdılarmı? Vaxtilə Çar ordusuna xidmət edən və hərbi sahədə böyük bilik, təcrübə və mənsəb sahibi olan Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski kimi generallar fürsət düşən kimi milli istiqlala xidmət etmədilərmi? İndi biz onları İmperiyaya xidmət etdiyinə, öz dövrlərində hakim mühitlə “kompromisə getdiklərinə görə” qınamalıyıqmı?  

Və nəhayət, Heydər Əliyev bir kommunist lideri olmaqla yanaşı, özünün bütün imkanlarından milli tərəqqi üçün istifadə etmirdimi? 2001-ci ildə çapdan çıxmış “Lider, dövlət, cəmiyyət” kitabımda mən Heydər Əliyevin partiya rəhbərliyində çalışarkən öz mövqeyindən millət naminə necə istifadə etdiyinə dair belə bir faktı diqqətə çatdırmışam: “...Həmin dövrdə Azərbaycan tarixini vərəqləyərkən paradoksal vəziyyətlə qarşılaşırıq. Bütün ölkə miqyasında inkişafın ləngidiyi və bir sıra sahələrdə hətta tənəzzül getdiyi bu dövr Azərbaycanda ancaq sürətli inkişaf və dirçəliş dövrü kimi səciyyələnə bilər. Bəs necə ola bilirdi ki, Azərbaycan ölkə miqyasında gedən bu mənfi proseslərdən bir növ kənarda qalmış, əksinə, iqtisadiyyatın demək olar ki, bütün sahələrində: sənayedə, kənd təsərrüfatında, şəhərsalma və tikintidə, elm və mədəniyyətdə böyük uğurlar qazanaraq sürətli inkişaf yolunu tuta bilmişdi?

Bir türk respublikasının qabağa çıxması, sürətlə tərəqqi etməsi Mərkəzin siyasəti, dəst-xətti ilə heç cür uyğunlaşmırdı. Deməli, kimsə Mərkəzin siyasətindən, ümumi meyl­lərdən kənara çıxırdı, kimsə tabunu pozurdu, kimsə axının əksinə üzürdü. Həm də dərin qatlarda, gözə görünmədən üzürdü. Hər dəfə aşkarda – axın istiqamətində, alt qatda isə ikiqat sürətlə – axına qarşı üzmək qeyri-adi güc və iradə tələb edir. O vaxt bu gücün bizə hara­dan gəldiyini çoxları dərk et­mirdi. O vaxt bunu dərk et­mək çətin idi”. Amma təəssüf ki, indi də dərk etməyənlər var.

Yaxud Nərimanovla bağlı tez-tez “o niyə bolşevik partiyasının üzvü olmuşdu?” deyənlər tapılır. Amma fərz edək ki, o dövrdə Nərimanov yox idi: bir milli istiqlalçılar var idi, bir də bolşeviklər. Xalq Cümhuriyyəti artıq qurulmuşdu, hakimiyyət onların əlində idi və onlar nə edə bilərdilərsə, etdilər. Bolşeviklərin gəlişi isə bir işğal hadisəsi idi və bu, Nərimanovlu da olacaqdı, Nərimanovsuz da. Onsuz da həyata keçən bu prosesdə Orconikidze, Kirov və bizim onlardan betər “milli bolşeviklərlə” yanaşı, Nərimanovun da iştirakı olmasaydı, onda bütün erməni planlarının və rus imperialist siyasətinin tam həcmdə gerçəkləşəcəyinə (bu isə Azərbaycanın xəritədən silinməsi demək idi) heç bir şübhə ola bilməzdi. Amma milli ruhlu bir azərbaycanlı lazım olan məqamda lazım olan yerdə tapıldı və onların planlarını pozdu. Bəs Nərimanov da cümhuriyyətçilərdən biri olsaydı və onlarla bərabər sürgün edilsəydi, onda necə?

Bu gün M.F.Axundzadənin də millət yolunda geniş miqyaslı maarifçilik fəaliyyətinə kölgə salmaq üçün onu məhz Çar Rusiyasının məmuru kimi təqdim etməyə, onun fəaliyyətini maarifçilik deyil, ateizm səpkisində dəyərləndirməyə çalışanlar var. Mirzə Kazım bəyin də hansı amallar naminə kompromisə gedərək sinəsindən xaç asdığını anlamadan onun bütün fəaliyyətini bu xaçın kölgəsinə salanlar tapılır. Akademik Heydər Hüseynovun da Azərbaycanda elmin təşkilatlanması və milli fəlsəfi-fikir tariximizin inkişafı sahəsində misilsiz xidmətlərinə rəğmən, onu məhz “marksist” kimi dəyərləndirməyə, onu qınamağa çalışanlar var. Bu gün 1953-cü ilə qədər davam edən Stalin repressiyası dövründə, Cavidlərin, Müşfiqlərin fiziki yolla sıradan çıxarıldığı və milli ruhun qırılmaq təhlükəsi qarşısında qaldığı o ağır illərdə bütün təqiblərə və təzyiqlərə rəğmən, Azərbaycan milli ruhunu misraların ahəngində qoruyub-saxlayan, vətən sevgisini ana dilinin ecazkarlığı ilə təlqin edən, hər bir partiyalı şeirin əvəzində beş qat artıq milli poeziya nümunəsi yaradan böyük Səməd Vurğuna da irad tutanlar tapılır.

O vaxt Səməd Vurğunun qarşısında duran missiya Azərbaycan tarixinin təfərrüatlarını yazmaqdan ibarət deyildi; bunun üçün tarixçilər vardır. O vaxt qarşıda daha böyük bir vəzifə dayanırdı. Kremlin yeritdiyi millətsizləşmə və ruslaşma siyasətinə rəğmən, milli ruhu yaşatmaq və sağ-salamat gələcək nəsillərə ötürmək: nə vaxtsa müstəqillik üçün tarixi şans yarananda, millət bu şansla üz-üzə ruhsuz-qanadsız qalmasın deyə! Doğrudan da, SSRİ-dən çıxmaq və müstəqillik uğrunda mücadilə aparmaq missiyası üzərimizə düşəndə və özümüzü bir millət kimi duymaq, milli qürur hissi ilə silahlanmaq zərurəti yarananda məhz o vaxt Cavidlərin, Vurğunların yaşatdığı həmin milli ruh köməyə gəldi.

Həlledici məqamda keçmiş tarixin təfərrüatları deyil, millətin özünün, milli ruhun, milli qürur və iftixar hissinin canlı olması önəmlidir. Bu missiyanı Səməd Vurğun milli qürur hissinin rəmzinə və böyük abidəsinə çevrilən Vaqif obrazını yaratmaqla yerinə yetirmişdir.

Bu yerdə dörd il bundan öncə çap olunmuş məqalədən bir parçanı yada salmaq istəyirəm: “Bəli, «Vaqif» bir sənət əsəridir. İştirakçılar da məhz bədii obrazlardır. Ədəbiyyatşünaslıqda yayılmış qüsurlu baxışlardan fərqli olaraq, bu pyes nə tarixi əsərdir, nə də realizm üslubunda yazılmışdır. «Vaqif» romantizmin ən parlaq nümunələrindən biridir. Burada nə tarixi Molla Pənah var, nə də tarixi Ağa Məhəmməd şah. Burada bir hökmdar və bir də şair obrazı yaradılmış, ədəbiyyat və mədəniyyətin gücü rəyasət və ordunun gücü ilə qarşı-qarşıya qoyulmuşdur. Burada şair milli ruhun təmsilçisi kimi təqdim olunur. O şair ki, Cübran onu “xalqın yaradıcı gücünün ifadəçisi, ruh aləminin bələdçisi» adlandırır.

Əlbəttə, bu cür başa düşülən Şair sadəcə şeir yazan, yaxud tarixi nəzmə çəkən şəxs yox, milli düşüncəni poetik zirvəyə qaldıran bir şəxsdir. Aristotel də təsadüfən poeziyanın tarixdən daha yüksək olduğunu vurğulamır. Amma biz nə edirik? Səməd Vurğunun yaratdığı böyük Şair obrazından tarixi detallar və «obyektivlik» tələb edirik.  

Azadlığa çıxmış tarix prizmasından «Vaqif»ə baxıb burada Ağa Məhəmməd şah Qacarın tarixi təfsilatlarını tapa bilməyənlər görəsən Molla Pənah Vaqiflə bağlı tarixdən bəlli detalları nə əcəb axtarmır və Vaqifin də bir siyasi sima kimi səhvlərinin qələmə alınmasını və üzə çıxarılmasını tələb etmirlər? Və nə əcəb qeyd etmirlər ki, niyə burada Vaqif obrazı Rusiyanın ancaq ədəbiyyatını, mədəniyyətini qiymətləndirir, Rusiya padşahından isə bir zülmkar olaraq bəhs edir, ona nifrətini bəyan edir, amma əslində belə olmayıbmış?..

Səməd Vurğun öz «Vaqif»ini, öz əzəmətli şair obrazını tarixi detallar üzərində qurmur. Əksinə, şair obrazına hər hansı bir kölgə salacaq hadisələri bilə-bilə “unudur”. Çünki şair bizə kölgəsiz, ləkəsiz şəkildə – milli ruhun timsalı kimi lazım idi.” (10 iyun 2009).

Amma «Vaqif» tariximizin mənimsənilməsi üçün doğrudan da yardımçı vasitə kimi istifadə oluna bilər. Lakin təsvirçi tarixçilər üçün yox, tədqiqatçı tarixçilər üçün. Bir məsələni qarışıq salmamaq şərti ilə: «Vaqif» XVIII əsrin axırlarının deyil, XX əsrin 30-cu illərinin, məhz 37-ci ilin tarixini əks etdirmək baxımından qiy­mətlidir. Hər addımı bir təhlükə olan həmin dövrün tarixini yazarkən şair­lərimizdə satqınlıq nişanələri axtarmaq əvəzinə, həqiqi qəhrəmanlıq nümunəsinə göz yummamaq şərti ilə. Əlbəttə, Vaqif obrazının prototipi kimi Molla Pənah Vaqifi yox, Cavidi, Cavadı, Müşfiqi və nəhayət, Vurğunun özünü; Qacar obrazının prototipi kimi isə Ağa Məhəmməd şahı yox, Stalini, Mircəfər Bağırovu görə bilmək səriştəsi heç də hamıya verilməmişdir. Yəni söhbət təxəyyülün gücündən gedir. Hətta təxəyyüldən daha çox, gerçək hiss-həyəcandan. Çünki 37-nin ab-havasını qismən də olsa təsəvvür etsək, onun hər gündüzü və gecəsi həyatla ölüm arasında qıl körpüsü idi. Məşhurlar hamısı bu hissi yaşayırdılar. Cəlladla görüş səhnəsi günün gerçəkliyi idi. Milli ruhun bütün böyük təmsilçiləri bu gün yoxsa da, yarın “olum ya ölüm” dilemması ilə üzləşməyə məhkum idi. Amma əslində, həbs sanksiyasından geriyə yol olmadığına görə, burada ancaq ölüm var idi. “Olum ya ölüm” isə hələ tutulmayanların hər gün yaşadığı sarsıntı idi. Səməd Vurğun kimi nəhəngləri narahat edən isə, heç şübhəsiz, öz şəxsi həyatı, sağ qalıb-qalmayacağı barədə düşüncələrdən daha çox “o da getsə millətin taleyi, gələcəyi necə olacaq?” sualı idi. Ölümün gözünə dik baxaraq, “mən bu repressiyalara qarşı çıxıram”, “mən Cavidi, Müşviqi dəstəkləyirəm, mən də onlarla bir sıradayam”, – demək... Budurmu qəhrəmanlıq? Yoxsa, millətin taleyini düşünmək, hər necə olursa olsun ona verilmiş vurğunluq, millətin şairi olmaq, milli mənəvi ruhu tərənnüm etmək, yaşatmaq və bunun naminə səsini içinə salmaq, haqsızlığa dözmək... Milli qüruru yaşatmaq üçün şəxsi qürurunu öldürmək! Vaqifi yaratmaq və yaşatmaq üçün Səməd Vəkilovun qəlbindəki üsyanları yatırtmaq və 31 yaşında müdriklik yükünü üzərinə götürərək, bundan sonrakı bütün ömrü boyu bu yüklə, bu ağrı-acı ilə yazıb-yaratmaq!

Mən bu situasiyanı daha aydın izah etmək üçün “Uzaq sahillərdə” filmindən hər bir azərbaycanlı tamaşaçıya tanış olan bir səhnəni xatırlatmaq istəyirəm. Anjelikaya işgəncə verilərkən Veselin və Mehdinin iki fərqli reaksiyası. Məgər Mehdi Anjelikaya biganə idimi? Amma o, daha böyük bir məqsəd naminə Veselinə də dözməyi əmr edir. Özü də dözür. Bəli, bəzən hansı isə daha böyük məram naminə dözmək daha böyük qəhrəmanlıq tələb edir. Əlbəttə, qorxaqlığından susanlar, hətta satqınlar da tapıla bilər, lakin səviyyəni aşağı salmayaq; söhbət millətin təmsilçilərindən gedir. Söhbət ruhun ən tragik məqamlarını yaşamış və qələmi ilə yaşatmış böyük sənətkardan gedir.

Vurğun ruhu, Vurğun təxəyyülü! Tarixi keçmişin yarım-yarımçıq məlumatları cəmi üç həftəyə bəşər poeziyasının bu böyük şedevrini yaratmaq üçün necə güc-ilham verə bilərdi?! Ancaq fikrimiz və hissiyyatımızla həmin dövrə daşına bilsək, belə böyük bir yaradıcı impulsun məhz 37-ci ilin ağrı-acısını təzəcə yaşamış olan, hələ bu hissiyyatın təsiri altında olan, öz etiraz səsini başqa yolla ucalda bilməyən böyük şairin hayqırtısı olduğunu duya bilərik!  

Belə çətin bir məqamda əyilməz şair obrazını yaratmaq və onu hökmdara qarşı qoymaq, – bax, budur 30-cu illərin mənəviyyat tarixi! Səməd Vurğunun dahiliyi özünü bunda da göstərir ki, o, şairlərin hökmdar tərəfindən dara çəkildiyi belə çətin bir dövrdə sanki ideologiyanın da tələblərinə cavab verərək və sanki onun şərtlərinə uyğun bir tarix yazaraq, əslində ortaya tarix deyil, fəlsəfə qoyur. 37-ci ilin ölüm qorxusunu daxilən dəf edərək milli ruhun himnini yazır, «Əyilməz vicdanın böyük heykəli!», – deyir.  

Səməd Vurğunun böyük daxili enerjisi ilə təkcə ədəbi-bədii mühitə deyil, bütövlükdə mədəni-mənəvi həyata, tükədilməkdə olan ruhani həyata böyük energetik potensial, yeni bir ruh, ruhun mübarizlik əzmi qatıldı. Azərbaycanda şair ruhu məhz Vaqif obrazı ilə yaşadıldı.”

Böyük şəxsiyyətlərin faciəsi də böyük olur. Çünki onlar öz içərilərindən gələn istəklə zamanın tələbi arasındakı əksliyi görür və bunları uzlaşdırmağın, daxili tələbatı zamanın tələbinə qurban verməməyin yollarını axtarırlar.

Səməd Vurğun özü belə deyirdi:

Lakin duyan olmamış ki,

mənim öz aləmim vardır,

Bu səbəbdən ürəyimdə

                    dünya boyda qəmim vardır.

Bəli, duyğusuzlarla əhatə olunanda dərdi çəkmək daha çətin olur. Yeganə təsəlli gələcək nəsillərin anlaşıqlı olmasıdır ki, bədbəxtlikdən indi də bu faciəni duya bilməyənlər meydan sulayırlar.

Ruh dünyasının təbəddülatları, mənəvi həyatın dramatizmi, emosional yaşantının dərinliyi qalmayanda, bəsit adamların saralmış qəzet səhifələri və arxiv sənədləri səviyyəsində əyani, empirik düşüncəsi və faktoloji demaqogiyası önə keçir. Bayağılığın təntənəsi... O zaman qəlbləri şeytan yoluna sövq edə bilməyən, ruhlara hakim kəsilə bilməyənlər maddi gücün həqiqət üzərində “qələbəsinə” ancaq işgəncə, zor, fiziki məhrumiyyətlər vasitəsilə nail olanlar bu gün tamam başqa ampluada, başqa bir mühit və başqa bir zehniyyət şəraitində istəklərinə nail olmağa yaxın görünürlər.

Əqidə möhkəmliyini, ruhun əzmini işgəncələrə, fiziki təzyiqlərə, doğmaların aqibətinə rəğmən nəyə isə qol çəkməməkdə görmək bəsitliyin və bu sahəyə nabələdliyin aşkar göstəricisidir. Guya o vaxt kim isə kiminsə əvəzinə qol çəkə bilməzdi. Əksinə, saxta imzalar bir güllə ilə iki şikar vurmaq demək idi. Əgər qəzetdə kiminsə adından bir məqalə çıxırsa, bu məqalədə yazılanların məhz həmin adam tərəfindən yazıldığı və ya məhz həmin adamın baxışlarını ifadə etdiyinə inanmaq məkrin toruna düşməkdən başqa bir şey deyil. Məkr ustaları gözəl bilirdilər ki, kimi isə “ifşa etməyin” bir yolu da onun adından ideoloji şablon çap etdirməkdir. Ağlını itiribsə, qoy, etiraz eləsin və onda o özü tilova düşmüş olacaqdır.

Kim isə soruşa bilər ki, əgər Cavid həbs olunduqdan sonra onun haqqında məqalə əslində icbari şablondursa, onda nəyə görə başqa yazıçılar tərəfindən deyil, məhz Səməd Vurğun tərəfindən yazılmışdır? Lakin unudulur ki, bu cür şablonlar hamı tərəfindən deyil, müəyyən bir sahə üçün məsuliyyət daşıyan rəsmi şəxslər tərəfindən imzalanırdı. Bunu başa düşmək çətin deyil. Çətin olan başqa sualdır. Əslində şair Səməd Vurğunun deyil, rəsmi şəxsin – Yazıçılar İttifaqının katibinin adından çap olunmuş ideoloji şablonu bu gün canlandırmaq istəyənlərin əsl məqsədi nədir? 37-ci il qətliamını törədənlərin yarımçıq qalmış işini indi başa çatdırmaq istəyi düşünülmüş bir addımdır, yoxsa səviyyə aşağı düşəndə müqavimət qüvvəsi azaldığından, indi bütün bunlar kor-koranə surətdə baş verir? İndi 37-ci ildəkinə bənzər bir ab-hava yaransa, görəsən millətin müqəddəratı necə olar? Nə yaxşı ki, biz indi siyasi müstəqillik dövründə yaşayırıq və mənəvi terror sınağına çəkilmirik. Ara-sıra işıq üzü görən küfrlər isə ancaq könüllülərin diversiyasıdır. Könüllü manqurtluq?

Bu gün qəzet səhifələrində Cavidi “ucaltmaq” üçün Cabbarlının eyni adda şeirini pisləyənlər, onu məzmunsuz və sönük adlandıranlar tapılır. Və belə tədqiqatçıların belə “tapıntılarını” qəzetlər də çap edir. Bu nəyin göstəricisidir? Söz azadlığınınmı, mənəvi düşüklüyünmü? Cabbarlının bir dırnağı qədər bilməyənlər onun şeirinə “qiymət verirlər”.

Ötən əsrin əvvəl­lərində Azərbaycanda gedən milli oyanış və milli-siyasi özü­nü­dərk prosesləri ictimai şüurda böyük iz qoymuş və 23 aylıq demo­kratik cümhuriyyət müddətində intişar tapmış mil­li dövlətçilik şüuru ilə birləşərək milli-siyasi şüurun for­malaşması üçün əlverişli zəmin hazırlamışdı. İyirminci illər­də ədəbi-bədii yaradıcılığın və milli məfkurənin oyanış və inkişaf dalğaları öz siyasi hakimiyyətini və ideologiyasını ic­timai həyatın bütün sahələrinə transformasiya etməyə çalı­şan bolşevizm ilə üzləşməli oldu. Otuzuncu illərdəki siyasi rep­ressiyaların Azərbaycanda həm də bütövlükdə ziyalılara qarşı bir irtica səciyyəsi daşıması da bu amil ilə bağlı idi. Belə ki, məhz Bakı hələ Çar Rusiyası dövründən yeni iqtisadi mü­na­sibət­lərə keçid və milli burjuaziyanın yaranması, milli fikrin oyanışı sahəsində digər bölgələrdən kəskin surətdə seçi­lirdi və buradakı repressiyalar da SSRİ-nin başqa ərazilərin­dəkindən fərqli olaraq, siyasi-ideoloji mülahizələrdən başqa, həm də milli-siyasi və mədəni-mənəvi məzmun daşıyırdı.

Dövrün faciəsinin tək Səməd Vurğun üçün deyil, o vaxtlar yaşamış digər böyük şəxsiyyətlərimiz üçün də eyni dərəcədə təsirli olduğunu vurğulamaq üçün 10 il əvvəl Heydər Hüseynovun yubileyi ilə əlaqədar yazdığım mətndən bir parçanı xatırlatmaq istəyirəm: “Otuzuncu illərdə ictimai-siyasi həyata təzəcə qədəm ba­san gənclər isə kommunist ideologiyasının açdığı yolla irə­lilədiyindən təhlükəli görünmürdülər. Lakin uşaqlıq illərində formalaşmış milli qürur, dövlətçilik və xalqına sədaqətli xid­mət hissiyyatı o dövrdə yetişən gənclərin bir qisminin zeh­nin­də, təhtəlşüur qatında hələ qalmaqda idi.

Sosialist quruluşunun yaratdığı bütün imkanlardan is­tifadə edərək xalqına xidmət göstərmək, milli-fəlsəfi fikir ta­rixini, ədəbi-bədii və milli-mənəvi dəyərləri tərənnüm etməklə xal­qın genetik yadda­şını bərpa etmək, siyasi-ideoloji müstəvidə qadağan olunmuş milli dövlətçilik məfkurəsini, heç olmazsa, bədii ədəbiyyat, mənəvi mə­də­niy­yət prizmasından keçirərək yaşatmaq – bütün bu istəklər ötən əsrin iyirminci-otuzuncu illərindəki elitar gəncliyin zehninə və qəl­binə hopmuşdu. Səməd Vurğun, Rəsul Rza, Heydər Hüseynov, Mir­zə İbrahi­mov kimi gənclər ictimai-siyasi və milli-mənəvi həyata artıq so­sializm cəmiyyətində qədəm qoyduqlarından və bu cəmiy­yətin tələblərini mənimsəmiş olduqlarından daxili aləm­lərin­dəki ziddiyyətləri mümkün qədər büruzə vermədən fəaliyyət göstərmək məcburiyyətində idilər. Babaların gen yaddaşını qırmızı bolşevik dəbilqəsində yaşatmaq və yeni nəsillərə təq­dim etmək kimi çətin bir vəzifəni icra etməli olan bu şəx­siyyətlərin faciəsi – dövrün faciəsi idi.

Hələ əsrin əvvəllərində özü­nü təsdiq etmiş, yaradıcılıq istiqaməti və üslubu forma­laşmış Mirzə Cəlil kimi, Hüseyn Cavid kimi şəxsiyyətlər Ye­ni Dövrə uyğunlaşa bilməyərək, onunla üz-üzə dayanmaq məcburiyyətində idilər. Daha doğrusu, dövr, ictimai-siyasi mü­hit özü onlarla üz-üzə dayanmışdı.

Nisbətən sonrakı nəsil üçün isə başqa bir aqibət hazır­lan­mışdı. Bu aqibəti yaşamaq məcburiyyətində olanlardan biri də Heydər Hüseynov idi. Yeni cəmiyyətin «yetişdirməsi» olan, kommunist ideologiyasının, marksist-leninçi fəlsəfənin mərkəzində dayanan, lakin milli varlığına bağlılığı qəlbindən çıxarıb ata bilmə­yən, sosialist cəmiyyətinin verdiyi bütün im­kanlardan məhz millət üçün, xalq üçün istifadə etməyə çalı­şan, milli mənəviy­ya­tımız, mədəni-mənəvi dəyərlərimiz, əbə­di-bədii və fəlsəfi abidələrimiz kommunist ideologiyasının la­bi­rintlərindən keçirib yaşatmaq uğrunda çalışan və bu sa­hədə böyük uğurlar qazanan Heydər Hüseynovun daxili zid­diyyəti, görünüşü ilə mahiyyəti arasındakı fərq günlərin bu günü bolşeviklərin diqqətini cəlb etsə də, artıq o öz işini görmüşdü. Milli məfkurənin estafeti yeni nəslə ötürülmüş­dü. Milli mənəviyyatın, ictimai fikir ta­ri­xinin, döv­lət­çilik şüurunun, ədəbi-bədii və fəlsəfi dəyərlərin qırmızı ter­ror baryerin­dən keçirilərək yeni nəslə ötürülməsi ilə mənəvi tarixin kəsilməzliyi təmin olunmuşdu”.

 

P.S.

İndi biz müstəqilik. Və indi biz tariximizi də, fəlsəfəmizi də olduğu kimi yazmaq imkanı əldə etmişik. İndi milli ruhun qorunub-saxlanması üçün onu “bolşevizmin dəmir dəbilqələrində” gizlətməyə ehtiyac yoxdur. Və bu yeni şərait və uzaq zaman məsafəsindən baxanlara döyüş asan gəlir. Amma gəlin, biz açılmış yeni imkanlar şəraitində intellektual enerjimizi keçmişimizi aşağılamağa, mühakimə etməyə deyil, bu günün milli fəlsəfi fikrini və milli məfkurəsini yazıb-yaratmağa sərf edək, azadlıqdan pərvazlanan yeni milli ədəbiyyatın hələ də formalaşmamasının səbəblərini araşdıraq.

Açılmış yeni imkanları layiqincə dəyərləndirmək görəvi artıq bizim nəslin üzərinə düşür. Qarşıda tariximizi təhriflərdən təmizlənmiş halda, olduğu kimi yazmaq vəzifəsi durur. Lakin bundan da böyük vəzifə çağdaş ictimai və mənəvi-estetik gerçəkliyimizi əks elətdirən müasir ədəbiyyatın və milli fəlsəfi fikrin doğuluşudur.

Səlahəddin Xəlilov

http://felsefedunyasi.org/site/?name=xeber&dil=az&news_id=284

 

Read 48 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR