Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə, 13 İyun 2018 06:25

Səlcuq yürüşləri və Şəki çarlığı

Written by 
Səlcuq yürüşləri və Şəki çarlığı https://www.google.ru

Şirinbəy ƏLİYEV

Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və
regionşünaslıq fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

 
Xilafətin süqutundan sonra Albaniyanın qanuni varisi kimi meydana gəlmiş və “albanların çarı” titulunu özündə saxlayan Şəki çarlığı 886-1104-cü illərdə, təxminən 230 ildən çox bir müddətdə mövcud olmuşdur [1, s. 173]. Hammamın qurduğu bu dövlət ərəb mənbələrində Şəki, erməni mənbələrində Albaniya, gürcü mənbələrində isə Hereti çarlığı kimi təqdim olunur [10, s. 38].  Kürdən şimala Qəbələdən Telaviyədək torpaqları əhatə edən Şəki çarlığının ərazisi 1014-cü ildə Kaxeti knyazlığı ilə siyasi birləşmədən sonra qərbdə Araqvi çayınadək uzanmışdı. Müvafiq dövrdə Azərbaycanda yaranmış digər feodal dövlətləri (Sacilər, Salarilər, Rəvvadilər, Şirvanşahlar, Şəddadilər) sırasında Şəki çarlığı əhalisinin böyük əksəriyyətinin  xristian olması ilə seçilirdi.    
 
Şəki çarlığında atası Qağikin vəfatından sonra I Axsartan (1058-1084) çarlıq tacını qəbul etmişdi [4, s.129]. 26 il çarlıq etmiş I Axsartanın çevik və fəal siyasi fəaliyyətinin bəzi məqamları ilkin mənbələrdə nisbətən daha geniş şəkildə öz əksini tapmışdır. I Axsartanın çarlıq illəri regionda yenicə görünməyə başlayan səlcuq türklərinin yürüşləri ilə eyni zamana təsadüf edirdi. Səlcuqlar Yaxın Şərq ölkələrini ələ keçirib, onlara tabe olmayan dövlətləri ləğv edir və ya özlərindən asılı vəziyyətə salırdılar. 1071-ci il Malazgirt savaşında Bizans üzərində böyük qələbədən və 1074-cü ildə bağlanmış sülh müqaviləsindən sonra səlcuqlar Yaxın Şərq və Cənubi Qafqazın mütləq hakimlərinə çevrildilər.
 
1. Səlcuq yürüşləri ərəfəsində Şəki çarlığı
 
Mənbələrdə Şəki hökmdarı I Axsartanın adına ilk dəfə 1062-ci il hadisələri ilə əlaqədar rast gəlinir. Münəccimbaşı məlumat verir ki, 454/1062-ci ildə Tiflis əyanlarından bir qrupu Gəncəyə gələrək, Şəddadi əmiri Əbüləsvar Şavurdan öz adamlarını göndərərək Tiflisi tutmasını və oraya canlı qüvvə, silah, ərzaq göndərməsini xahiş etmişdi. Əbüləsvar Şavur bu təklifi qəbul etmək istəsə də, vəziri Bəxtiyar ibn Salmanın məsləhəti ilə Tiflis qalasının açarlarını geri qaytarmışdı. Münəccimbaşı daha sonra yazırdı: “Onlar (Tiflis əyanları - Ş.Ə.) qayıdaraq açarı və qalanı onları qəbul edərək yaxşı hədiyyələrlə yola salmış Şəki hökmdarı Axsartan ibn Qağikə verdilər. Sonradan o, (Axsartan - Ş.Ə.) qala açarlarını çoxlu miqdarda pula Rum (Bizans - Ş.Ə.) hökmdarına satdı...” [3, s.218[. Məlumatdan göründüyü kimi, müvafiq dövrdə həm Şəddadi əmiri Əbüləsvar Şavur, həm də I Axsartan Tiflis qalasına sahib olmaq iqtidarında deyildilər. Daha doğrusu, onlar region dövlətlərinin diqqət mərkəzində olan Tiflis qalasına sahib olmaqla regionda vəziyyəti gərginləşdirmək, xüsusilə də sözü gedən qalanı cidd-cəhdlə ələ keçirməyə çalışan Abxaz-Kartli çarı IV Baqratla növbəti qarşıdurmaya yol vermək istəməmişdilər.  
 
XI əsrin 60-cı illərində Abxaz-Kartli çarı IV Baqrat Birləşmiş Şəki/Hereti-Kaxeti çarlığına münasibətdə yenidən özünün işğalçılıq planlarını həyata keçirməyə başladı. Gürcü mənbəyinin verdiyi məlumata görə, IV Baqrat Kveteri və Naxçavani qalaları [Ştoris-xevi çayının Alazana töküldüyü yerdə - 7, s.87, qeyd 250] istisna olmaqla, Hereti və Kaxetidəki bütün qalaları ələ keçirir [7, s.53; 6, s.72]. Elə həmin mənbədən aydın olur ki, Hereti və Kaxetinin ələ keçirilməsi bilavasitə Səlcuq sultanı Alp Arslanın 1064/65-ci illərdə Kartliyə yürüşündən əvvəl (təxminən, 1063/64-cü illərdə) baş vermişdi [7, s.54, 87, qeyd 248; 6, s.72]. 
Təəssüflə qeyd etmək lazımdır ki, IV Baqratın “belə böyük nailiyyətini” gürcü mənbəsi bir cümlə ilə ifadə etməklə kifayətlənmişdir. Ehtimal etmək olar ki, IV Baqrat hər hansı ciddi müqavimətlə üzləşmədən Şəki (Hereti-Kaxeti) qalalarını ələ keçirmişdi. Ümumiyyətlə, gürcü mənbəyinə görə, Kaxetidən fərqli olaraq, Şəki/Hereti didebulları IV Baqratın tərəfdarları olub ona sadiq idilər [7, s.55; 6, s.73]. Bununla belə, mənbə materialının təhlilindən aydın olur ki, bu yürüş zamanı IV Baqrat yalnız Kaxetidə yerləşən qalaları ələ keçirə bilmişdi. Coğrafi cəhətdən Şəki/Hereti ilə Kaxeti sərhədində yerləşən qalaların (Kveteri və Naxçavani) ələ keçirilməməsi bunu bir daha sübüt edir. Lakin IV Baqrat bu dəfə də Şəki (Hereti-Kaxeti) çarlığının işğalını başa çatdıra və burada möhkəmlənə bilmədi. 
 
1064/65-ci illərdə Səlcuq sultanı Alp Arslan Kartliyə yürüş edərək [12, s.228; 11, s.48] bir çox vilayətləri - Kanqari, Trialeti, Şavşeti, Klarceti, Tao, Cavaxeti və s. işğal etdi. Sultan Alp Arslan eyni zamanda IV Baqratın bacısı qızını istədi. IV Baqratın bacısı qızı həm də ermənilərin Samşvilde çarı Kvirikenin qardaşı qızı idi və IV Baqrat erməni çarından sultanın arzusunu həyata keçirməyi xahiş etdi. Erməni çarı etiraz etdikdə IV Baqrat Samşvilde üzərinə qoşun yeritdi və erməniləri özünə tabe etdi. Bundan sonra o, bacısı qızını sultan Alp Arslana göndərdi [7, s. 54-55; 6, s. 72-73; 11, s. 190, qeyd 18]. Gürcü mənbəyindən, habelə “Şirvan və Dərbənd tarixi”ndən məlum olur ki, yaranmış şəraitdən istifadə edən I Axsartan bundan əvvəl IV Baqrat tərəfindən ələ keçirilmiş ərazilərin böyük hissəsini (görünür, Kaxetidəki başlıca qalalar olan Boçorma və Ucarma istisna olmaqla) yenidən geri almağa müvəffəq olmuşdur [7, s. 55; 6, s. 73; 9, s. 60].
 
Ümumiyyətlə, bu dövrdə I Axsartanın son dərəcə çətin vəziyyətdə olduğu məlum olur [7, s.55; 6, s.73]. Gürcü mənbəyindən məlum olur ki, səlcuqların növbəti yürüşü (1067/68-ci illərdə) ərəfəsində Birləşmiş Şəki/Hereti-Kaxeti çarlığı qərbdən IV Baqratın təcavüzünə məruz qalmışdı. IV Baqrat Boçorma və Ucarma qalaları daxil olmaqla Kaxetinin böyük hissəsini (Şəki/Hereti sərhədinədək) ələ keçirmişdi. Şəki/Hereti feodalları isə IV Baqrata meyil edirdilər və ona sədaqət nümayiş etdirirdilər [7, s.55; 6, s.73]. Bu dövrdə həmçinin Gəncə Şəddadi əmirlərinin Xornabuc qalası daxil olmaqla Şəki/Hereti ölkəsinin cənub torpaqlarına yiyələndikləri məlum olur [7, s.57; 6, s.75]. Bununla belə, paytaxt Telavi daxil olmaqla Şəki/Heretinin böyük hissəsinə və Kaxetinin şimalına nəzarət edən I Axsartan ölkəsini ələ keçirməyə çalışan qüvvələrə qarşı mübarizəsini davam etdirirdi.
 
2. Səlcuq sultanı Alp Arslanın Şəki ölkəsinə yürüşü
 
Münəccimbaşının verdiyi məlumata görə, 459-cu ilin zilhiccə ayında (1067-ci ilin oktyabr-noyabr aylarında) Səlcuq sultanı Alp Arslan Arran ölkəsinə daxil oldu. Şəddadi əmiri Fəzl ibn Şavur ona itaət göstərməyə məcbur oldu. Həmçinin, Şirvanşah Fəribuz ibn Sallar çoxlu hədiyyələrlə onun yanına gəldi və öz xidmətlərini təklif etdi. “460-cı ilin məhərrəm ayında (1067-ci ilin noyabrında) sultan Şəki və Curzan ölkəsinə (Hereti-Kaxeti - Ş.Ə.), sonra isə Abxazlar ölkəsinə (Abxaz-Kartli - Ş.Ə.) yürüş etdi və çoxlu qətl törədərək xeyli qənimət və əsir aldı” [3, s.220]. “Şirvan və Dərbənd tarixi”ndən Şirvanşah Fəribuzun 460/1068-ci ildə sultan Alp Arslanı yürüşdə müşayiət etdiyi məlum olur [9, s.60]. 
Sultan Alp Arslanın ər-Ruma (Bizansa) ikinci yürüşünü təsvir edən Sədrəddin Əli əl-Hüseyni ər-Rum döyüşçülərindən ən cəsurlarının franklar [Abxaz-Kartli çarı IV Baqratın xidmətində olan 3 min varyaq döyüşçüsü - 11, s. 192, qeyd 2] və Şəki ölkəsinin piyada döyüşçülərinin (müəllif səhv olaraq Abxaz-Kartli və Şəki qoşunlarının Bizans ordusu tərkibində olduğunu güman etmişdir) olduğunu qeyd edir [11, s. 54]. Müəllif Şəki ölkəsinə yürüşlə bağlı bir rəvayəti də əsərinə daxil etmişdir: “Şəki Axsitanın (Çar I Axsartan - Ş.Ə.) knyazlıq etdiyi dairədir. Şəki dairəsi ər-Rum və Abxaz ölkəsi quldurlarının gizləndiyi qalın meşələrlə zəngindir. Sultan neftsatanlara qalın meşələri yandırmağı əmr etdi və onlar bunu etdilər. Bu qalın meşələrin arasında sultan mis mıxlarla bir-birinə bənd edilmiş dəmir lövhələrdən (atbak) tikilmiş iki qala gördü. Lakin at belində bu qalalara yaxınlaşmaq mümkün deyildi... Bu iki qalanın hakimi ilə Şəki məliki (Çar I Axsartan - Ş.Ə.) arasında düşmənçilik vardı. Buna görə də qalaların hakimi sultanın qarşısına çıxdı, islamı qəbul etdi və hər iki qalanı təslim etdi”. Müəllifin yazdığına görə, yalnız bundan sonra sultan ölkənin içərilərinə doğru hərəkət etdi və ağlagəlməz miqdarda mal, qənimət topladı [11, s. 54-55]. Əsəri tərcümə etmiş akademik Z.M.Bünyadov giriş sözündə bu rəvayəti "reallığı əks etdirməyən bir əfsanə" hesab edir [11, s. 19]. Lakin sonda öz qeydlərində sözü gedən qalaların Daskarat əl-Cunayn və İlisu qalası olduğunu ehtimal edərək [8, s.193, qeyd 4] birinciyə təzad təşkil edən ikinci ehtimalını irəli sürür.  
Gürcü mənbəyi səlcuqların yürüşü haqqında nisbətən geniş və dolğun məlumat verir: “Üç ildən sonra (1068-ci ilin əvvəli nəzərdə tutulur - Ş.Ə.) sultan gözlənilmədən yürüşə başlayaraq Ran əyalətini keçdi və Heretiyə daxil oldu. Bu ölkənin (Hereti) didebulları Baqrata sadiq olub onun tərəfdarları idilər. Bu zaman Kaxeti çarı (mənbədə Hereti qeyd olunmur - Ş.Ə.) Axsartan Qağik oğlu xeyli zəifləmişdi (və yaxud cüzi əmlaka malik idi). Hamı öz qalalarını tərk edib Qafqaz dağlarına qaçdı. Bu zaman çar Baqrat Kaxetini ələ keçirmək məqsədilə yürüşə çıxmışdı və öz qoşununu irəli Vejini eristavı Sirkvalelinin üzərinə göndərmişdi. Qoşun əmin-amanlıqla geri qayıtdı, çara sultanın yürüşü və qalaların boşalması haqqında məlumat verildi. Baqrat dərhal öz ölkəsi Kartliyə qayıtdı. Axsartan isə sultanın tərəfinə keçdi. Ona çoxlu hədiyyələr verdi, dindən (xristianlıqdan) əl çəkib sünnət etdirdi (islamı qəbul etdi) və xərac ödəməyi vəd etdi. Sultan isə həm abxazlar çarının (IV Baqrat - Ş.Ə.), həm də Axsartanın özünün qüvvələri (sahibləri) tərəfindən tərk olunmuş butün qalaları ona verdi. Üç həftədən sonra isə o, (sultan - Ş.Ə.) abxazlar çarına qarşı yönəldi. Ona ermənilərin çarı Kvirike, Tiflis əmiri və Axsartan qoşuldular və onunla birlikdə Caçvidən [Araqvi çayının sol sahilində yer - 7, s. 89, qeyd 262] keçərək Kartliyə daxil oldular...” [7, s. 55; 6, s. 73].
Məlumatdan göründuyü kimi, səlcuqların Şəki (Hereti-Kaxeti) çarlığına yürüşü ərəfəsində I Axsartan xeyli zəifləmişdi. Bir tərəfdən, Abxaz-Kartli çarı IV Baqrat Kaxetinin böyük hissəsini ələ keçirərək Şəki/Hereti sərhədinə çatmışdı. Digər tərəfdən isə cənubdan Şəddadi əmirlərinin təcavüzünə məruz qalmış Şəki/Hereti ölkəsinin [7, s.57; 6, s.75] əyanları IV Baqrata meyil edirdilər. Sultan Alp Arslanın yürüşü zamanı isə artıq ölkəsini müdafiə etmək iqtidarında olmayan I Axsartan sultana tabe olub, onun ali hakimiyyətini qəbul etmək məcburiyyətində qaldı. Sultanın etimadını qazanmaq üçün I Axsartan ona coxlu hədiyyələr verməklə və xərac ödəməyi öhdəsinə götürməklə yanaşı, rəsmi olaraq islam dinini qəbul etdi. Sədr əd-Din Əli əl-Hüseyni də I Axsartanın sultanın hüzuruna gələrək ona itaət etməsi və islam dinini qəbul etməsi haqqında geniş məlumat verir [11, s.55].
 
Qeyd etmək lazımdır ki, I Axsartan islam dinini qəbul etmiş ilk Birləşmiş Şəki/Hereti-Kaxeti çarı idi. Hərçənd, ondan əvvəl Şəki/Hereti çarı Adarnersehin üç dinə, o cümlədən islam dininə etiqad etdiyini göstərmişdik. Şübhəsiz, I Axsartanın bu xidmətləri sultan Alp Arslan tərəfindən yüksək qiymətləndirildi. I Axsartan səlcuqların yürüşü nəticəsində mudafiəçiləri tərəfindən tərk olunmuş bütün qalalarını geri almaqla bərabər, ölkəsini labüd dağıntılardan, qətl və qarətlərdən qoruya bildi. Ümumiyyətlə, səlcuq ağalığı dövründə Azərbaycanın şimal-qərb torpaqlarında islam dininin yayılması istiqamətində ciddi işlər görülmüşdü. Məhz bu dövrdə sultan Alp Arslanın vəziri, müxtəlif vilayətlərdə çoxsaylı mədrəsələr tikdirmiş Nizam əl-Mülkün [11, s. 201, qeyd 11] şəxsi vəsaiti ilə Saxur kəndində məşhur mədrəsənin əsası qoyulmuşdu [2, s.107). I Axsartanın  müsəlman hökmdar kimi Şəki çarlığında islam dininin təbliği və yayılması sahəsində fəaliyyətinə dair isə mənbələrdə hər hansı bir məlumata rast gəlinməmişdir. 
Məlumatdan o da aydın olur ki, sultan Alp Arslan Şəki ölkəsindən keçərək birbaşa Kartliyə yürüş etmişdi. Yürüşdə sultanı müşayiət edən hökmdarlar arasında I Axsartan da var idi. Məlumatdan I Axsartanın bu yürüşdə iştirakının sultanın göstərişi əsasında məcburi və yaxud könüllü olduğunu müəyyənləşdirmək mümkün olmasa da, Abxaz-Kartli çarlığına qarşı yönəlmiş bu yürüşün I Axsartanın maraqlarına hərtərəfli cavab verdiyini görmək çətin deyil. Daima IV Baqrat tərəfindən gözlənilən təhlükə, mütəmadi baş verən müharibələr və geniş ərazilərin zəbt olunması və s. kimi amillərlə üzləşmiş I Axsartana bu yürüş başlıca rəqibi olan IV Baqratı cəzalandırmaq və itirilmiş əraziləri geri qaytarmaq üçün əlverişli şərait yaradırdı. Digər tərəfdən, Abxaz-Kartli çarlığına qarşı səlcuqların yürüşləri IV Baqratın qonşu ölkələri ələ keçirmək üçün apardığı müharibələrə son qoya bilərdi.
 
Gürcü mənbəyi altı həftə davam edən yürüş nəticəsində bütün Kartlidə dəhşətli dağıntıların, qətl və qarətlərin baş verməsindən geniş bəhs edir [7, s. 55-56; 6, s. 73]. Abxaz-Kartli çarı IV Baqrat isə heç bir müqavimət göstərmədən Qərbi Gürcüstana (Abxazeti) çəkilir [7, s. 56; 6, s. 74]. 
 
3. Gəncə Şəddadi əmiri Fəzl ibn Şavurun əsir düşməsi
 
İlkin mənbələrdən məlum olur ki, sultan Alp Arslan yürüşdən qayıdarkən Tiflis və Rustavi qalalarını ələ keçirir və ətraf ərazilərlə birlikdə Gəncə Şəddadi əmiri Fəzl ibn Şavura (gürcü mənbəyində Fadlon) verir. 1068-ci ilin avqustunda Fəzl ibn Şavur 33 minlik qoşunla Tiflisə gələrək həmsərhəd Kartli vilayətlərini qarət etməyə başlayır. Lakin Abxaz-Kartli çarı IV Baqrat onu Silkan dağı (Msxetdən şimalda) yaxınlığında haqlayaraq ağır məğlubiyyətə uğradır. Mühasirədən və təqibdən çox çətinliklə canını qurtaran Fəzl ibn Şavur cəmi 15 süvari ilə Erso vilayətinə (Kaxetidə Araqvi və İori çayları arasında vilayət) daxil olur [7, s. 56-57; 6, s. 74; 3, s. 220]. Gürcü mənbəyində qeyd olunan rəvayətə görə, bir nəfər onu Jaleti qalasının (Erso vilayətində) aznauru İsak Toloşelisdzenin yanına gətirir və həmin aznaur Fəzli həbs edir [7, s. 57; 6, s. 75]. Bu hadisədən bəhs edən Münəccimbaşı isə səhv olaraq Fəzl ibn Şavurun “Şəki və Curzan mülkədarlarından (batrik) biri olan İvan ibn Lifaritin” yanına gəldiyini qeyd edir [3, s. 220]. Lakin gürcü mənbəyindən İvane Liparit oğlunun Kldekar eristavı olduğu və onun Şəki və Curzan (Hereti-Kaxeti - Ş.Ə.) ölkəsi ilə heç bir bağlılığı olmadığı məlumdur. Yeri gəlmişkən, gürcü mənbəyindən IV Baqrat tərəfindən Fəzl ibn Şavurun üzərinə göndərilmiş kəşfiyyat dəstəsinə başçılıq edənlərdən birinin İvane Liparit oğlu olduğu məlum olur [7, s. 56; 6, s. 74].
Daha sonra gürcü mənbəyindən oxuyuruq; “İsak abxazlar çarının mövcudluğunu xatırlamadı və abxaz çarından qaçan Fəzli yaxaladığını unudaraq onu çar Baqratın yanına Boçormaya gətirmək əvəzinə, cəld Telaviyə Axsartanın yanına gətirdi. Abxazlar çarının təqiblərindən ehtiyat edən Axsartan isə ləngimədən onu (Fəzli - Ş.Ə.) Xornabuca apardı. Fəzli Xornabuc müdafiəçilərinə göstərdilər və o, Xornabucu təslim etdi. (Axsartan - Ş.Ə.) onu Aradetiyə apardı və o, (Fəzl - Ş.Ə.) Aradetini də həmin Axsartana verdi. Baqrat isə Fəzli buraxmaqdan qorxaraq Boçorma va Ucarmanı kaxlara (mənbədə herlər qeyd olunur - Ş.Ə.) verib əvəzində Fəzli aldı” [7, s. 57; 6, s. 75].
Gürcü mənbəsindən götürülmüş bu məlumat informasiya bolluğu baxımından diqqəti cəlb edir. Birincisi, məlumatdan aydın olur ki, bir qədər əvvəl baş vermiş səlcuqların Kartliyə yürüşündən sonra belə, IV Baqrat Boçorma və Ucarma qalaları daxil olmaqla Kaxetinin bir hissəsini öz nəzarəti altında saxlamağa müvəffəq olmuşdur. Səlcuqların bu yürüşündə I Axsartan da iştirak etmişdi və çox qəribədir ki, o, yaranmış şəraitdən istifadə edib bu qalaları geri almamışdır. I Axsartanın hansı səbəbdən bu qalaları geri almadığı və hansı şəraitdə qalaların IV Baqratın əlində qalması məlumatda açıqlanmır. Yuxarıda qeyd etdik ki, sultan Alp Arslan I Axsartanın ona itaət etməsinə cavab olaraq IV Baqratın qüvvələri tərəfindən tərk olunmuş Kaxeti qalalarını Axsartana qaytarmışdı. Görünür, IV Baqrat səlcuqların yürüşü zamanı müqavimət göstərmədən Qərbi Gürcüstana çəkilsə də, onun Boçorma və Ucarmada yerləşən qüvvələri öz qalalarını tərk etməmişdilər. Mənbələrdə səlcuqların 1068-ci il yürüşü zamanı bu qalaların ələ keçirilməsi barədə məlumatlar verilmir. Çox güman ki, IV Baqratın sultan Alp Arslana sülh təklif etməsi də [7, s. 56; 6, s. 74] onun ölkəsinin (habelə nəzarət altına aldığı qonşu ərazilərin) bütövlüyünün saxlanılmasında müəyyən rol oynamışdı.
İkincisi, gürcü mənbəyindən Birləşmiş Şəki/Hereti-Kaxeti çarı I Axsartanın iqamətgahının Telavidə yerləşdiyi və nəticədə bu şəhərin ölkənin paytaxtı olduğu məlum olur.  
Üçüncüsü, məlumatdan Xornabuc qalası daxil olmaqla Birləşmiş Şəki/Hereti-Kaxeti çarlığının cənub torpaqlarının bir hissəsinin Gəncə Şəddadi əmirlərinin nəzarəti altında olduğu aydın olur. Görünür, onlar bu əraziləri səlcuqların 1068-ci il yürüşündən əvvəl ələ keçirmişdilər. Digər mənbələrdə, o cümlədən Şəddadilər dövləti haqqında ən dolğun məlumatlar verən Münəccimbaşıda bu barədə heç bir məlumatın olmaması, gürcü mənbəyindən götürülmüş məlumatın əhəmiyyətini bir qədər də artırmış olur. 
Nəhayət, burada bir daha I Axsartanın siyasi fəallığının və onun çevik manevrlərinin şahidi oluruq. I Axsartan bir təsadüf nəticəsində ələ keçirdiyi Şəddadi əmiri Fəzl ibn Şavurdan istifadə edərək, əvvəlcə Şəddadilərin nəzarəti altına keçmiş Xornabuc qalası daxil olmaqla ölkənin cənub torpaqlarını geri qaytarır və üstəlik, görünür, lap əvvəldən Şəddadilərə məxsus olmuş Aradeti qalasını ələ keçirir. Sonra isə IV Baqratdan Boçorma və Ucarma qalalarını geri alıb Fəzl ibn Şavuru ona təhvil verir. Ən başlıcası isə budur ki, I Axsartan bütün bu qalalara qan tökmədən, müharibəsiz, özünün yüksək siyasi fəallığı sayəsində yenidən sahib olur.
Gürcü mənbəyinin verdiyi məlumata görə, Fəzl ibn Şavuru ələ keçirən IV Baqrat öz növbəsində onu Tiflis, Rustavi, Parsxisi, Aqarani, Qriqol-Tsmindani, Kavazini qalaları müdafiəçilərinə göstərir və Tiflis istisna olmaqla digər qalaları döyüşsüz ələ keçirir. Tiflis böyük çətinliklə ələ keçirilsə də, IV Baqrat şəhərə sahib olmağı məqsədəuyğun hesab etmir. IV Baqrat 44 min dinar və girovlar aldıqdan, habelə sultan tərəfindən göndərilmiş Saranq Alxazın (İraq əmiri Savtəkin Alxas) vasitəçiliyindən sonra Fəzl ibn Şavuru azad edir [7, s. 57-58; 6, s. 75]. Münəccimbaşı qalaların, pul və girovların verilməsi, habelə Savtəkin Alxasın vasitəçiliyi haqqında məlumat verməsə də, o, Fəzl ibn Şavurun yalnız 461-ci ilin cümadə əl-axirə ayında (1069-cu ilin aprelində) əsirlikdən qurtardığını və yenidən taxta çıxdığını qeyd edir [3, s. 221].
 
4. Regional hegemonluq uğrunda mübarizə 
 
Bu dövrdə və ümumiyyətlə, islamı qəbul edərək sultan Alp-Arslanın etimadını qazandıqdan sonra I Axsartanın xeyli gücləndiyi məlum olur. Xüsusilə də, regionda başlıca rəqibi olan Abxaz-Kartli çarı IV Baqratın 1072-ci ildə vəfatından [7, s. 59; 6, s. 76] sonra I Axsartan regionda ən qüdrətli hökmdarlardan birinə çevrildi. Gürcü mənbəyi IV Baqratı əvəz etmiş oğlu II Georginin (1072-1089) Rustavi və Losobanni qalalarını I Axsartana güzəştə getməsi  [7, s. 60; 6, s. 77], onun həm ölkə daxilindəki müxalif qüvvələrə, həm də səlcuqlara qarşı mübarizədə I Axsartana arxalanması, habelə səlcuq türklərinə qarşı aparılan mübarizədə birinciliyin I Axsartana keçməsi haqqında qısa, lakin dolğun məlumatlar verir.
  Abxaz-Kartli çarlığının zəifləməsi və qonşu ölkələrə münasibətdə əvvəllər bu ölkə tərəfindən gözlənilən təhlükənin müvəqqəti aradan qalxması nəticəsində, XI əsrin 70-ci illərindən etibarən, I Axsartan tədricən öz siyasətində bəzi dəyişikliklər etməyə başladı. Xüsusilə də, sultan Alp Arslanın vəfatından (1072-ci il) sonra I Axsartan səlcuqlardan uzaqlaşmağa və sultanın ağalığından qurtarmağa çalışdı. 1072-1082-ci illərdə səlcuq ağalığından imtina etmiş Şəki çarı I Axsartanın islam dinindən də uzaqlaşdığı ehtimal olunur [13, s. 322]. Bundan əvvəl qonşu dövlətlərə münasibətdə böyük uğurlar əldə etmiş və öz mövqeyini gücləndirmiş I Axsartanın sultandan vassal asılılığını ləğv etmək cəhdləri tamamilə təbii bir proses idi.
Bununla yanaşı, müvafiq dövrdə yaranmış siyasi durum I Axsartanı siyasətində köklü dəyişikliklər etməyə vadar edirdi. 1071-ci il Malazgirt savaşında Bizans üzərində böyük qələbədən və 1074-cü ildə bağlanmış sülh müqaviləsindən sonra Yaxın Şərq və Cənubi Qafqazın mütləq hakimlərinə çevrilmiş səlcuqların Cənubi Qafqaz ölkələrinə təzyiqləri daha da güclənmişdi. 1074/75-ci ildə sultan Məlik şahın göstərişinə əsasən, Savtəkin (Saranq) Gəncə Şəddadilər dövlətinin mövcudluğuna son qoydu [3, s. 221-222]. Savtəkini Gəncə (Arran) hakimi təyin edən sultan ona ətraf ölkələrlə mübarizəni davam etdirmək üçün 48 minlik qoşun verdi [7, s. 60; 6, s.78]. Eyni münasibətlə qarşılaşan Şirvanşah böyük çətinliklə özünün yarımmüstəqil hakimiyyətini qoruyub-saxlaya bildi [9, s. 63]. Nəticədə, belə bir aqibətin onu da gözlədiyini əvvəlcədən duyan Şəki çarı I Axsartan səlcuqlara qarşı çıxaraq, bu mübarizədə II Georgi ilə birləşdi.
Gürcü mənbəyindən məlum olur ki, 1075-ci ildə Arranın yeni hakimi Savtəkin (Saranq) II Georgiyə qarşı yüruşə başladı. II Georgi bütün qüvvələrini topladı və I Axsartanla ittifaqda Savtəkinlə açıq döyüşə çıxdı. Parsxisi yaxınlığında (Tiflisin cənub-qərbində) baş vermiş döyüşdə ağır məğlubiyyətə uğrayan Savtəkin geri çəkilməyə məcbur oldu [7, s. 60; 6, s. 78].
XI əsrin 70-ci illərinin sonlarından etibarən səlcuqların yürüşləri daha kəskin xarakter almağa başladı. 1080-ci ildə sultan Məlik şahın göndərdiyi və əmir Əhmədin başçılıq etdiyi səlcuq qoşunları Kartlini ələ keçirdi və Abxazetiyə qaçan II Georginin ardınca Qərbi Gürcüstana hücum etdi [13, s. 319]. Gürcü mənbəyi “Çarlar çarı Davidin həyatı”nı qələmə almış anonim müəllif bu dövrü ilk “Didi Turkoba” (“böyük türkçülük” və ya “türklərin böyük təzyiqi”) adlandırırdı [13, s. 320].
Ölkəsi viran olmuş Abxaz-Kartli çarı II Georgi sultana itaət etmək məcburiyyətində qaldı. 1082-ci ildə II Georgi sultan Məlik şahın hüzuruna (İsfahana) gələrək ona itaət etdi və xərac verməyi öhdəsinə götürdü [13, s. 321; 8, s. 25]. Beləliklə, səlcuqların dağıdıcı yürüşlərinin qarşısı alınsa da, Abxaz-Kartli çarlığı sultanın vassal asılılığına düşdü [8, s. 25].
Digər Cənubi Qafqaz ölkələri hökmdarlarından fərqli olaraq, I Axsartan əvvəlcə sultana tabe olmaq istəmədi. Belə olan təqdirdə sultan Məlik şah II Georgi başda olmaqla səlcuq qoşunlarını Şəki (Hereti-Kaxeti) çarlığına yeritdi. II Georgi Kaxetini keçərək Heretinin qərb sərhədində yerləşən Vejini qalasını mühasirəyə aldı [13, s. 321; 5, s.182]. Səlcuqlara qarşı mübarizədə təklənməsinə baxmayaraq, I Axsartan müqavimət göstərdi. Vejini qalasını almaq mümkün olmadığından mühasirə uzandı. Gürcü mənbəyinin verdiyi məlumata görə, bu zaman II Georgi İmeretidəki Ağamet meşələrində ov etmək həvəsinə düşdü və artıq, onu nə Vejini qalası, nə də Şəki (Hereti-Kaxeti) çarlığı maraqlandırırdı. II Georgi səlcuq qoşununa ərzaqla təmin olunmaları üçün Suceti (Qaret Kaxeti) və İori sahili Kuxetini verdi, özü isə Qərbi Gürcüstana tələsdi. Səlcuqlar Suceti və Kuxetini tamamilə xaraba qoydular [13, s. 322; 5, s. 182-183].
Nəticədə, səlcuqların yürüşlərinə ölkəsinin tab gətirə bilməyəcəyini və belə davam edərsə hakimiyyətdən məhrum ediləcəyini gec də olsa dərk edən I Axsartan sultanın yanına gəldi və ona itaət etdi. Bunun müqabilində I Axsartan sultan tərəfindən Birləşmiş Şəki/Hereti-Kaxeti çarı kimi tanındı [13, s. 322; 5, s. 183]. Gürcü mənbəyi “Çarlar çarı Davidin həyatı”nda qeyd olunur ki, Məlik şahın hüzuruna gələn I Axsartan xristianlıqdan imtina edərək səlcuqların dinini (yəni islamı) qəbul etmişdi [13, s. 322; 5, s.183]. Əslində isə bu Şəki çarı I Axsartanın yenidən islama qayıtması idi. Yuxarıda digər gürcü mənbəyi “Matiane Kartlisa”ya istinad edərək I Axsartanın 1068-ci ildə sultan Alp Arslanın dövründə islam dinini qəbul etdiyini [7, s. 55; 6, s. 73; 5, s. 159], lakin dörd ildən sonra (1072-ci ildə sultan Alp Arslanın vəfatından sonra) islam dinindən uzaqlaşdığını qeyd etmişdik. 
1082-ci ildən etibarən Birləşmiş Şəki/Hereti-Kaxeti çarlığı mövcudluğunun sonunadək (1104-cü il) səlcuqların vassal asılılığında qaldı.
 
Nəticə
 
Sultan Alp Arslanın Bizansa ikinci yürüşü çərçivəsində Qafqaz ölkələrinə yürüşü nəticəsində regionda vəziyyət tamamilə dəyişdi. Səlcuq yürüşləri ərəfəsində vaxtaşırı Abxaz-Kartli çarlığı, eləcə də Gəncə Şəddadi əmirləri tərəfindən sıxışdırılan Şəki çarlığı çətin günlərini yaşayırdı. Vəziyyətdən çıxış yolu arayan Şəki hökmdarı I Axsartan isə sultana itaət edirdi. İslam dinini qəbul edərək sultan Alp Arslanın etimadını qazandıqdan sonra I Axsartan xeyli gücləndi. O, ölkəsini ələ keçirməyə çalışan qüvvələrə, xüsusilə də səlcuq türklərinə və Abxaz-Kartli çarlarına münasibətdə son dərəcə ehtiyatlı mövqe tutmuş və şəraitdən asılı olaraq mühüm siyasi gedişlər etməklə bərabər, lazım gəldikdə silahlı müqavimət də təşkil edə bilmişdi. Bir qayda olaraq, bu mübarizədə güclü rəqib ölkələr arasında çevik manevr edən I Axsartan gah bu, gah da digər rəqib qüvvə ilə yaxınlaşaraq digərinə qarşı mübarizə aparırdı. I Axsartan var qüvvəsi ilə öz ölkəsinin müstəqilliyini və qüdrətini qoruyub saxlamağa çalışmış, habelə sələfləri dövründə olduğu kimi, regionda hegemonluq uğrunda mübarizədə fəal iştirak etmişdi. 
 
 
İstifadə edilmiş ədəbiyyat:
 
Azərbaycan dilində:
1. Şirinbəy Hacıəli. Şimal-Qərbi Azərbaycan: İngiloylar. Bakı, 2007, 280 s.
 
Rus dilində:
2. Абд ар-Рашид ал-Бакуви. Сокращение (книг о) памятниках и чудесах царя могучего. /Издание текста, перевод, предисловие, примечания и приложение З.М.Буниятова. Москва, 1971, 48c. 
3. Ахмед ибн Лютфуллах (Мунаджим-Баши). Джами ад-Дувал. - Труды института истории АН Азерб. ССР, т. ХII. Баку, 1957, 67c. 
4. Вахушти Багратиони. История царства Грузинского. /Перевел, снабдил предисловием, словарями и указателем Н.Т.Накашидзе. Тбилиси, 1976, 108c. 
5. Картлис цховреба. История Грузии. Тбилиси: Артануджи, 2008, 456 c. 
6. Летопись Картли. Перевод, введение и примечания Г.В.Цулая. Тбилиси,1982, 112 c.
7. Матиане Картлиса. /Перевод, введение и примечания М.Д.Лордкипанидзе.  Тбилиси, 1976. 
8. Месхиа Ш.А. Дидгорская битва. Тбилиси, 1974. 
9. Минорски В.Ф. История Ширвана и Дербенда Х-ХI веков. Москва, 1963, 463 c. 
10. Мусхелишвили Д.Л. Из исторической географии Восточной Грузии.  Тбилиси, 1982, 38c. 
11. Садр ад-Дин Али ал-Хусайни. Сообщения о сельджукском государстве. /Издание текста, перевод, введение, примечания и приложения З.М.Буниятова. Москва, 1980.
12. Шенгелия Н.Н. Сельджуки и Грузия в XI веке. Тбилиси, 1968 (на грузинском языке).
 
  Gürcü dilində:
13. Kartlis tsovreba, t. I. Tbilisi, 1955, 408 c.
 
 
Shirinbay Aliyev
The Sheki Realm During the Seljuk Marches
 
The article on the basis of the medieval sources deals with the history of the Sheki Realm during the Seljuk marches for the first time in Caucasian studies, including in the historiography of Azerbaijan. The Seljuk Turks who started appearing in the region in the mid of the 11th century, fights against them, the quick and active political activity of Sheki ruler Akhsarta I were widely reflected in the article.He was extremely cautious about the forces that sought to capture his country, especially the Seljuk Turks and the Abkhaz-Kartli Tsarans, and, despite all the necessary political moves depending on the circumstances, he could also organize armed resistance.
 
Ширинбей Алиев
Шекинское княжество в период походов сельджуков
 
В статье впервые в Кавказоведении, в том числе в азербайджанской историографии, на основе первоисточников исследуется история Шекинского княжества в период походов сельджуков. В исследовании нашли отражение первые военные походы сельджуков в середине XI века, гибкая политика и борьба против них шекинского правителя Ахсарта I. Он крайне осторожно относился к силам, которые стремились захватить его страну, особенно туркам-сельджукам и царям Абхаз-Картли, и, несмотря на все необходимые политические шаги в зависимости от обстоятельств, он мог также организовать вооруженное сопротивление.
 
 
Read 42 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR