Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 12 Fevral 2018 00:00

Azərbaycan ədəbi dilinin yeni anlayışları ifadə edən rus və Avropa dillərindən alınmış terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) rolu

Written by 

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının əməkdar müəllimi

"Ziya"( "Ziyayi-Qafqasiyyə") 1879-1884-cü illərdə Tiflisdə əslən şamaxılı olan Səid Ünsizadə (1825, Şamaxı-1905, İstanbul ) tərəfndən həftədə bir dəfə Azərbaycan dilində nəşr olunan qəzetdir.
 
İlk nömrəsi 1879-cu il yanvarın 25- də (islam tarixi ilə 1296-cı ili səfər ayının 16-da), sonuncu nömrəsi isə 1884-cü il iyunun 26-da nəşr olunmuşdur. "Ziya"nın ilk iki nömrəsi hələ tapılmayıb. Xronoloji ardıcıllığına, hər nömrənin pəncşənbə günü çıxacağı əvvəlcədən elan olunduğuna görə ilk nömrənin 1879-cu il yanvarın 25-də, ikinci nömrənin isə növbəti pəncşənbə günü - fevralın 1-də nəşr olunduğu güman və təxmin edilir. Başqa variant da mümkündür. Bəzi tədqiqatçılar ilk nömrənin tarixini 16 yanvar 1879-cu ildən hesablamışlar (1).
 
Belə olan təqdirdə həftəlik qəzetdə bir həftə ləngimə olduğunu düşünmək olar. Rəsmi dövlət sənədlərində Səid Ünsizadəyə "Ziya" qəzetini 1879-cu ilin yanvarın əvvəllərindən başlayaraq çıxarmağa icazə verilmişlər (2). "Ziya" qəzeti 1880-ci ilin dekabrından "Ziyayi-Qafqasiyyə" adı ilə çıxmışdır. Addəyişmə əməliyyatını qəzetin sərlövhəsini dəyişən rəssamın müdaxiləsi kimi izah etsələr də, əslində bu, məqsədəyönlü xarakter daşımış, S.Ünsizadə "Ziya"nın yayıldığı məkanı bilərəkdən məhdudlaşdırmışdır. Əslində "Ziya" qəzeti Türkiyə və İranda, Rusiyanın türk dili başa düşülən bir çox ərazilərində də oxunurdu. Bunu Simferopoldan, Tambov quberniyasının Spassk şəhərindən, Sankt-Peterburq, Moskva, Ufa,Həştərxan kimi iri şəhərlərdən gələn məktublar və iri həcmli yazılar da sübut edirdi.
 
"Ziya"- maarif ziyasıdır. Bu, elə ziyadır ki, sərhəd tanımır, öz şəfəqləri ilə qaranlıq aləmi işıqlandırır, xalqı işıqlı günlərə səsləyir.
 
“Ziya”nın naşiri və imtiyaz sahibi Səid Ünsizadə öz maarifçilik fəaliyyətini, bu yoldakı axtarış və qarşılaşdığı çətinliklərlə mübarizəni belə səciyyələndirirdi:
 
”Tiflis. 17 noyabr. “Ziya”qəzetəsinin təb və nəşr olunmağını dost dutan həzərata məlum ola ki, həmin ildə (1879-cu ildə-N.N.)qəzetə verməkligi öhdəmizə götürən vəqtdə hərçənd niyyətimiz ona müncərr (bir tərəfə çəkilən,sürüklənən-N.N.) olmuşdu ki, qəzetimizi keçən məhərrəm ayının ibtidasından verək. Çünki səneyi- islamiyyənin ibtidası ondan başlanır və lakin işimizin ibtidası düşvar olduğuna görə bacara bimədik ki, bir parə kəsr və nöqsanımızı cabəca (yerbəyer-N.N.) edıb məzkur niyyətimizi əmələ gətirək. Ona görə naçar olub,səfər ayının on altısında (islam təqviminin 1296-cı ilində-N.N.) əvvəlimci nömrəmizi zühurə gətirib, ahəstə-ahəstə səy və himmət göstərdik”(19.11.1879, N 44).
 
Səid Ünsizadə öz millətdaşlarına təmannasız xidmət nümunəsi göstərirdi.O, Şamaxıdan Tiflisə gəlib, burada ərki çatan insanların köməyi ilə əvvəlcə litoqrafiya (daş bsmaxanası), sonra tipoqrafiya(hürufat basmaxanası-N.N.) açmışdı.Onun fikrincə, "hər millətin öz xəttinə və dilinə məxsusi olan basmaxana ( burada: litoqrafiya və tipoqrafiya-N.N.) o millətin və əhvalatını nəşr edən və fikrinə rəvac verən və yamanlıq yolundan mən ( qadağan etmə-N.N.) edən və yaxşılıq yoluna tərğib edən və cəmaətin vəkili və onların səsi və yaxşının tərifçisi və yamanın məzəmmətçisi və zalimlərdən şikayətçi və məzlumlara kömək edəndir.
Bu mülahizə ilə biz dəxi öz qüvvət və təvanımızdan artıq öz millətimizə məxsus,ümumi mənfəəti olan mətbəə dəstgahlarını hasilə gətirməkdə bacardığımızı müzayiqə eləmədik" (03.12.1881, N2).
 
 
S.Ünsizadə proqrm xarakterli bu məqaləsində dövrün ziyalılarını əlbirliyə çağırırdı:
 
"Bir ev bir eli tikə bilməz,bəlkə bir el bir evi tikə bilər...Bu barədə hər bir tərəfdən himmət və iltifat göstərmək lazımdır və hər kəs basmaxana və qəzetimizi özününkü hesab eləməlidir".
 
 
S.Ünsizadə qəzetdə nə yazırsa yazsın, fikrini elə ifadə edirdi ki,onu türkdilli hər yerdə yaxşı anlayırdılar, yaxşı başa düşürdülər.
 
Qəzetdə başa düşülməyən sözlərin və ifadələrin izahı, aydınlaşdırılması üçün müxtəlif üsullardan istifadə edilirdi. Bu məqsədlə ən çox mötərizə və "yəni" aydınlaşdırma bağlayıcısından istifadə olunurdu.Qəzetdə ayrı-ayrı sözlərin izahında ətək yazılarından da istifadə olunurdu.
 
Bu qaydadan ən çox Ezop maneralı tərcümələrdə istifadə edilmişdir.
 
Bu cəhətdən "Ziya"nın 26 iyul 1879-cu il tarixli 27-ci nömrəsində "Moskovckie vedomosti " qəzetindən çap tarixi göstərilmədən tərcümə edilmiş bir yazı diqqəti cəlb edir. Yazıda inqilabi işlərə qoşulan bir nəfərin həbsindən söz açılır.O, tutulan vaxtı özünü Rusiya dövlətinin sosialistlərindən biri olduğunu deyir.
 
Tərcüməçi "sosialist" sözünün üstünə ulduz işarəsi qoyaraq, qəzetin ətək yazısında onu və onula ilgili daha üç sözü belə izah edir:
 
"Sosialist “ latın lüğətidir. Bu halda Evropada sosialist o şəxsə deyirlər ki, sosializm məzhəbindəndir (yol-N.N.) və bu məzhəb iki şüqqə (qola-N.N.) münşəəqdir (parçalanmışdır-N.N.) ki, birinəqommunizm (mötərizədə ərəb qrafikalı qəzetdə rus hərfləri ilə "kоммунизмъ "- N.N.), o birinə sosializm (mötərizədə rus qrafikasıl ilə "сосиализмъ" - N.N.) deyirlər”.
 
Daha sonra uzun-uzadı izahat gəlir. Əslində ilkin mənbədə-rusdilli paytaxt qəzetində nə sosialist sözü, nə də ki onunla bağlı belə geniş izahat var.
 
 
Yeri gəlmişkən qeyd edək ki, sosialist, kommunizm,sosializm və bunlarla ilgili revolyusioner sözlərini anadilli mətbuatda-Azərbaycan mətbuatında ilk dəfə türkdilli oxuculara çatdıran Səid Ünsizadə olmuşdur.Əlbəttə, biz onu inqilabçı kimi tanıtmaq fikrində deyilik.
 
 
Bu sözlər "Ziya" qəzetində görünəndə sonralar LENİN kimi tanıdığımız Volodya İlya oğlu hələ tatar şəhəri Kazanda harasa dərs öyrənməyə gedirdi: 9 yaş 3 ay (mayın 31 gün olduğunu yaddan çıxarmasaq) 5 günlük idi, başqa sözlə, 10 yaşının 97-ci günündə gələcəyinin planlarını və yalanlarını cızırdı.
 
"Ziya" qəzetində işlənən alınma terminləri mövzusuna görə bir neçə yerə bölmək olar:
 
1) ictimai -siyasi məzmunlu terminlər
2) məktəb və maarifçilik termuinləri
3) peşə, sənət, vəzifə və məşğulluq sahəsinə aid terminlər
4) maliyyə, pul və bank əməliyyatları ilə ilgili terminlər
5) hərbi anlayışları ifadə edən terminlərər
 
“Ziya” qəzetində bəzi alınma sözlərin “Əkinçi” qəzetində olduğu kimi, “yəni” aydınlaşdırma bağlayıcısı ilə izah edilməsinə geniş yer verilmişdir:
 
”Peterburq.11 mart.”Qolos”un nəqliyyatına görə, Zaqafqaziyanın, yəni Qafqazın qiblə tərəfinin teleqrafı ümumi teleqraf rəbtinə müəlləq( bir şeyə söykənmədən havada və ya boşluqda duran-N.N.) olunmaqdan ötrü bu ildən tədbir olunur ki, Baku və Krasnovodskinin arasında telaqraf bəndləri nəsb eləsinlər (tiksinlər-N.N.)”(1879,N8).
 
“Zaqafqaziyada, yəni Qafqaz qitəsindəki müsəlman şəhərlərində doqquz yüzə qərib sünni və şiələrə məxsus oğlan və qız məktəbləri var imiş” (27.03.1880,N17).
 
“Bu işdən ötrü hökumətin kontroluna, (yəni onun zəbt və idarəsinə) verilmiş sərmayə 7 135 270 markalıq qızıl pul və yaxud 3 767 660 manatlıq rusi kağız puldur”(09.10.1881,N30).
 
“Ziya”da tərcümə materiallarına xüsusi qayğı göstərilmiş, hər sözün anlaşıqlı variantı seçilərək işlədilmişdir. Bu cəhətdən III Aleksandrın 15 may 1883-cü ildə Peterburqda təşkil olunmuş tacqoyma mərasimindən verilmiş reportaj diqqəti cəlb edir.Reportajda türkdilli oxucular üçün maraqlı ola bilən 30-dan artıq Avropa mənməli alınma söz vardır:
 
imperator, naçalnik, skaçka(əsb dəvanı-qaçan atların yarışı-N.N.), klub, natarius, çinovnik, hura (ura nidası-N.N.) çəkmək,hura cədası, uşkola, imperatoriçə, üç klaslu məktəb, zakon uçiteli, qəpik və s.
 
Azərbaycan dilində bu gün geniş populyarlıq qazanmış alınma sözlü terminlər "Ziya" qəzetinin oxucularına elə ilk oxudan məlum olurdu.Yazı müəllifi və ya tərcüməçi sözün çətinliyini başa düşəndə həmin sözü izah etməyi yaddan çıxarmırdı.
 
Yeri gəlmişkən qeyd edək ki, sonralar "Dəbistan" uşaq jurnalında da bu qaydadan səmərəli istifadə olunmuşdur. Məsələ burasındadır ki,"Dəbistan"da nömrənin bütün çətin sözləri jurnalın sonuncu səhifəsində ayrıca başlıq altında "Ziya"dakından fərqli olaraq, ərəb və fars mənşəli sözlərlə Avropa mənşəli sözlər birlikdə verilirdi.
 
 
"Ziya"nın bızə məlum olan ilk nömrəsində - 08.02.1879-cu il tarixlı 3-cü nömrəsində, işlənən bir neçə alınma mənşəli,
 
alınma sözlü termin diqqəti cəlb edir: teleqramma, bal (yəni qonaqlıq),
 
ura çığırmaq,muzigah, litoqrafiya,komandir,əfsər (ofiser), zakaz və s.
 
 
Bu sözlərin hamısı oxucuya başa düşülən olduğu üçün heç bir izahat verilməmişdir.
 
Fikrimizin təsdiqi üçün həmin nömrədən kiçik bir elanı oxuculara çatdırırıq:
 
"Qəzetə müştərilərimizə məruz ola ki, qəzetəmizdən ötrü zakaz verdiyimiz hürufat vəsl olunanacan naçar olub, qəzetəmizi litoqrafda təb etdirürük.Ona görə lazımdır ki, basmə əlində ittifaq düşən bəzi kur və qüsur və ya bir ax taxir surətində nüktəgirlik (tənqidçilik -N.N.) etməsinlər, çünki yaman günün ömrü az olur"(08.02.1879,N3).
 
 
"Ziya"nın 15 fevral 1879-cu il tarixli 4-cü nömrəsini vərəqləyirik. Bu nömrədəki otryad, qubernator, uşqola tipli bir neçə milliləşmə yoluna düşən Avropa mənşəli söz vardır.
 
Nömrənin baş məqaləsi uşaqların təlim və təbiyəsinə aiddir.
 
Yazı "Uşaqlarımıza təlim və tərbiyə vermək barəsində" adlanır.Bu yazıda ərəb mənşəli sözlərin üstünlüyü adi oxu prosesində elə ilk cümlələrdən hiss olunur:
 
"Oxumaq və yazmaq barəsində olan əhvalatın şəhri-bəyanını və insanlara məxsus olan nemətlərdən olubbaisi-şərif və iftixar olmağına ...əvvəlimci dərəcədə bildik...Bu zəmanədə, hansı ki, mülk və millətin tərəqqisi elm vəmərifətə və növbənöv dillərə və xətlərə olmaqdadır".
 
Nümunədə dilimizin fonetik qanunauyğunluğunu qəbul edən təkcə bir söz var: Avropa(Fransa) mənşəli "nömrə" sözü. Digər sözlərin böyük əksəriyyəti Şərq alınmalarıdır.
 
Maraqlıdır ki, "Ziya" qəzetində bəzən təhsil ocaqlarını tədris dilinə görə məktəb və uşqola kimi fərqləndirirlər:
 
"Dövlət...lazımi yerlərdə uşqolalar və məktəblər açubdur".
 
"Ziya" qəzetindəki bəzi məqalələr müəəyən mövzu ilə ilgili tezlik lüğətini xatırladır.
 
 
Azərbaycan dilçilik ədəbiyyatımızda bu mövzuda iki yazıya rast gəirik; biri M.Füzulinin "Leyli və Məcnun poemasının tezlik lüğəti, digəri filologiya elmləri namizədi Fazil Əhmədovun “XVIII ədəbi dilinin inkişafında M.V.Vidadinin rolu” mövzusunda yazdığı namizədlik dissertasiyasının bir bölməsidir.
 
“Ziya” qəzetinin leksikasında əsas yeri maarif, məktəb və mətbəə məsələlərinə aid terminlər tutur.Bu da təbiidir;
 
“Ziya” Azərbaycan mətbuatında ilk irimiqyaslı maarifçilik nəşridir.”Ziya” qəzeti bu cəhətdən öz sələfindən -“Əkinçi” qəzetindən də əsaslı şəkildə fərqlənir. “Əkinçi” qəzetində ictimai-siyasi və kənd həyatı məsələlərinin işıqlandırılmasına daha çox fikir verildiyindən,təbii ki,burada maarifçilik sahələrə aid terminlərdən daha çox istifadə olunurdu.
 
Bir məsələni də xüsusilə vurğulamaq lazımdır.
 
H.Zərdabi rusdilli milli ziyalı idi; o, Şamaxıda da,Tiflisdə də, Moskvada da rus dilində təhsil almışdır. H. Məlikzadə (Zərdabi) Moskva Universitetini qurtarıb,təyinatı üzrə Tiflisə qayıdandan sonra da, sonralar Qubada dövlət qulluğunda işləyəndə də bütün yazı-pozu işlərini rus dilində gördüyündən 30-35 yaşına qədər onun Azərbaycan ədəbi dilində mükəmməl yazı təcrübəsi yox idi. Lakin H.Zərdabi qısa bir müddətdə ədəbi dil və anadilli yazı mədəniyyətimizdə inqilab yaratdı;M.F.Axundovun tövsiyəsi ilə “Əkinçi” qəzetin ətrafına yaxşı həyat məktəbi keçmiş, yaxşı müəllimlərdən dərs almış bir neçə dili mükəmməl bilən milli ziyalıları toplaya bildi.
 
“Əkinçi”yə rus dilində göndərilən məktublar da yaxşı tərcümə olunurdu.
 
Yeri gəlmişkən qeyd edək ki,mətbuat tariximizin tərcüməçilik ənənələri,təəssüf ki, hələ lazımınca öyrənilməmişdir.Halbuki bu məsələnin ciddi tədqiqi bir sıra tarixi,siyasi, ədəbi və elmi mövzuların mükəmməl şəkildə araşdırılmasında əhəmiyyətli rol oynaya bilər.
 
“Ziya” qəzeti “Əkinçi”nin açdığı yol ilə gedirdi. Doğrudur, “Əkinçi”nin heç bir nömrəsində Ünsizadə qardaşlarının imzasına rast gəlmirik.Amma heç cür inanmaq olmur ki, yaşadığı dövrün ictimai-siyasi həyatında fəal iştirak edən Ünsizadə qardaşları“Əkinçi”nin nəşrinə etinasızlıq və biganəlik göstərsinlər.
 
 
Sonralar Səid Ünsizadədə, onun özündən kiçik qaradaşı Cəlal Ünsizadə də Həsən bəy Zərdabinin xidmətlərini yüksək qiymətləndirmişlər. Səid Ünsizadə 1880-ci ildə yazdığı bir məktubunda təhsil sahəsindən uzaqlaşdırılan, maddi çətinlərlə üzləşən H.Zərdabyiyə göndərdiyi məktubunda ona “Ziya”qəzetinin Tehran və ya İstanbul müxbirliyini təklif edirdi. Lakin bu təklif cavabsız qalmışdı.
 
Bizə belə gəlir ki, H.Zərdabi “Ziya”da imzasız çıxış etməyə üstünlük vermişdir. “Ziya”da çap olunan bir sıra təbiət hekayələrinin- “Zəlzələ”, “Saqqız cəzireəsi”, “Hava”,”Qafqazda çay istehsalı” və sair yazıların mövzu, leksika və üslubuna, yazı manerasına,sintaksisinin çevikliyinə və xalq dilinin incəliklərindən istifadə məharətinə görə H.Zərdabiyə məxsusdur.
 
“Ziya” qəzeti-yazılı mədəniyyətimizin nümunəvi məktəbidir.Ədəbi dilimizin müəyyən qayda –qanunlarının müəyyənləşdirilməsində,yazı qaydalarının formalaşdırılmasında, sözün sətirdən sətrə keçirilməsi meyarlarının normativləşməsində qəzet rəhbərlərinin-naşir və mühərrirlərin, daimi aparıcı müxbirlərin böyük xidmətləri vardır.Təsadüfi deyil ki, 1881-ci ilin əvvəllərində “Qafqaz” qəzetində “Ziya” qəzetinin fəaliyyəti haqqında aparılan müzakirələrdə bu cəhətə xüsusi fikir verilmışdir.
 
“Ziya” qəzetində sənət və peşə terminlərinin işlədilməsi haqqında yazılarımızın birində söz içində söhbət açmışdıq (“Ölkəmizin peşə məktəbləri tarixindən”(Afərin o şəxslərə ki...) //“Sənətkar”jurnalı,2009, №1, səh.16-17).
 
“Ziyayi-Qafqasiyyə”nın Şamaxı müxbirlərindən birinin qəzetin 17 aprel 1881-ci il tarixli 11-ci nömrəsində ”Məmləkət əhvalatı” rubrikası (ümumi başlığı) altında dərc olunmuş Şamaxıdan göndərilmiş yazılarının birindən məlum olur ki,
 
şəhərin bir çox varlı və mötəbər adamları yerli əhalinin mənfəəti, ünas(qadın) tayfasının təlim və tərbiyəsindən ötrü bir cəmiyyət yaratmaq, şəhərdə bir sənət məktəbi açmaq fikrindədirlər.Onların məqsədi kasıb və füqəralara əl tutmaq, ağır həyat şəraiti olanların maddi vəziyyətini yüngülləşdirməkdir. Yazı müəllifinin fikrincə, bu işin icrası o qədər də çətin deyil. Məqalədə qadınlar üçün açılması nəzərdə tutulan sənət təlimxanasında müxtəlif peşə ustalığı və bacarığı olan ünas(qadın) müəllimlərin dərs deməsi məsləhət görülür.
 
Müəllif təklif olunan təlim və ürfan ocağında öyrədiləcək peşə və sənətlərin yerli şəraitə uyğunluğunu xüsusilə nəzərə çarpdırır:
 
”Əvvəlmcisi, xəliçə və palas toxumaq təlim edələr. Hansı ki,onun cümlə əsbabı (aləti) və övrətlərdən olan mahir ustaları Şirvanatda çoxdur və ip əyirməyi və boyamağı çox yaxşı bilirlər.
 
İkincisi,ipək tor toxumaq,hansı ki,ətraf məktəblərdə çox məğrubdur(rəğbətlidir-N.N.) və özü də Şirvana məxsusdur.
 
Üçüncüsü, güldüzçülük (müxtəlif parçalara gül tikmək) sənəti ki, onu bilmək ilə növbənöv işlər tikmək olar. Məsələn, ustul (stul) üstü, caməxədan və taxça pərdələri, başmaq üzü və sairləri.
 
Dördüncüsü, fufayka(köynək) və corab toxumaq, hansı ki, Tiflisdə onlardan ötrü çox yaxşı maşınlar vardır və övrətlərdən çox yaxşı ustalar vardır. Hansı ki, bir gündə bir nəfər iyirmi cift (cüt-N.N.)cülgi (corab-N.N.) və bir neçə köynək toxuya bilər ...
 
Adı çəkilən məqaləyə aid redaksiya qeydində göstərilir ki,şamaxılıların sənət məktəbi açmaq fikri sözdən əmələ keçərsə, başqa yerlərdə də belə təlimxanələr meydana çıxar və “bu qisim işləri əmələ gətirənlər öz cəmaətlərinə ildə bir neçə yüz min manat əta və ehsan edən kimidir”.
 
Göründüyü kimi, müəllifin leksikonunda milli və alınma sözlərdən istifadə yolu ilə “ipək fabriki, iplik fabriki, xəliçə, palas, güldüzlük, ip əyirmək, ip boyamaq, cəmaxədan pərdəsi, taxça pərdəsi, başmaq üzü, fufayka, köynək, corab, cülgi” kimi sənət və peşə anlayışları bildirən termin səciyyəli bir neçə söz və söz birləşməsi işlənmiş, ədəbi dilimizin zənginləşməsində maraqlı məqamlar, sözə leksil mənanın tələblərinə uyğun yanaşma üsulları meydana çıxmışdır.
 
Qəzetdə”Russkiy kuryer” adlı mətbu orqandan seçilmiş informasiyada peşə, sənət ocaqlarından söz açılır:
 
”Biz yuxarıda rus qəzetlərindən nəqlən yazmışdıq ki, Qafqazi- cənubidə bir ipəkçilik məktəbi açmaq əzmindədirlər.”Russkiy kuryer”in rəvayətinə nəzərən, Rusiyada bir cəmiyyət... bu fikirdədir ki,Qafqazda bir penirçilik məktəbi açsın”(1884,N2).
 
“Bir az gedüb şirniçi (güləbərin) mağazasının bərabərinə yetişür”(1884,N5).
 
Qəzetdə yerli müxbirlərin Azərbaycan dilində yazdıqları xəbərlərdə də peşə,sənət, eləcə də sənaye birliklərinin adlarını bildirən terminlərə də səxavətlə yer verilirdi:
 
”Bakuda neftçilər şirkəti neftçilik sənətini öyrətmək niyyətilə dekabrın 5-də bir məktəb açıblar.Məzkur məktəbə qəbul olanlar pulsuz və müftətəhsilə davam edəcəklər”(16.12.1882,N31).
 
Qəzetdə təhsil müəssisələrinə aid terminlərin işlədilməsində bəzən eyni materialda həm Şərq, həm də Qərb alınma sözlərindən müvazi şəkildə istifadə edilmişdir ki, bu da üslubi axtarışlar kimi qiymətləndirilməlidir:
 
”Novoye vremya” qəzetəsi eşidibdir ki,Qori Seminariyasının yanında müsəlmanlardan ötrü bir təlimxanə kəşad olunması keyfiyyəti baş dutmayıbdır.Hökumət tərəfindən lazım görünübdür ki,onun əvəzində müsəlmanlardan ötrü bir müsəlman darülmüəllimxanəsi ( müəllimlər institutu-N.N.) hasilə gətirilə”(19.11.1879,N44).
 
 
 
“Ziyayi-Qafqasiyyə” qəzetinin tərcümə materiallarında işlənmiş bir sıra terminlər diqqəti cəlb edir:
 
”Qaspi” qəzeti deyir ki, Baku dəryasında, yəni Təqiyevin zavoduna yovuq olan səmtdə bir qayığı dəryanın ləpəsi vurub aparıb.Məzkur qayıqda üç nəfər adam var imiş. Bir qədər keçmiş başqa atəş qayığı onların ardınca göndərilir. ( 1884,№10).
 
Qəzetin bu nömrəsindəki alış-veriş işləri termini də ticarət termininin qarşılığı kimi maraqlı görünür:
 
”...bu halda dünyanın hər tərəfindən alış-veriş işləri xarablaşır”.
 
“Ziya” qəzetində geniş oxucu kütləsi üçün o qədər də aydın olmayan terminlərin təqdimatındakı maraqlı xüsusiyyətlərdən biri sözün leksik mənasının geniş və hərtərəfli tədqiqata cəlb olunmasıdır.Qəzetdəki
 
“Üzüm ağacında zühur edən (qarə) illətinin rəfinə əlac” adı ilə çap olunmuş elmi mövzulu yazı bu cəhətdən maraqlı görünür:”Üzüm ağacında hər il görünməkdə olan bir xəstəlik var.Bu xəstəliyin rəfinə çoxları çalışırlar.Məzkur xəstəlik hər bir millətin lisanında başqa bir ad iləməşhurdur.Məsələn, bizim məmləkət əhalisindən üzüm meyvəsindən faidəbərdar olan gürcülər oillətə “natasari” deyirlər...bizim dildə (ğarə) deyilməklə məşhurdur.Məzkur illət üzüm ağacının yaşıl yarpaqlarında bə budaqlarında zühur edib, ğayətdə kiçik xal surətində görünür...” (18.04.1884, N7).
 
Qəzetdəki hərbi terminlər də ədəbi yazılı dilimizin formalaşmasında mühüm rol oynayır.
 
 
”Russkiy invalid” adlı Peterburq qəzetindən tərcümə edilmiş bir xəbər-informasiyadakı hərbi terminlər diqqəti cəlb edir:”...saldatlığa çağırılanlar yüz toqsan bin nəfər az olmuşdur...Piyada və topçu saldatları – beş sənə, sairləri altı sənə hesabında xidmət edəcəklər”(1881-ci il, N27).
 
“Ziyayi-Qafqasiyyə” qəzetində terminlərin terminlərin sinonimlərinin bəzən paralel, müvazi işlədilməsi yazının daha yaxşı başa düşülməsinə xidmət edən üsullardan biri kiminəzərdə tutulmuşdur:”Qarabağ bəyzadələrindən məktəbi-tibbiyyədə ekmali-təhsil etmiş olan təbib (doqtur) Kərim bəy Mehmandarov cənabları Qarabağ uyezdindən iqamət etdiyi mahalda həmmillətləri olan müsəlman xəstələrinə bihəməçiz ( yoxsul,kasıb-N.N. )mədavi etmək (dərman vermək//müalicə etmək-N.N.) ilə onların həqqində qayətdə iltifat və mehribançılıq ilə rəftar edir”(1883,N27).
 
“Ziya” qəzetində bəzən xitablarda müəyyən peşə,vərdiş,xasiyyət bildirən anlayışların bir sözlə yox,sərbəst söz birləşməsi ilə ifadə olunmasına da təsadüf olunur:
 
”Şuşa-Ağamirzəzadəyə(M.M.Nəvvaba-N.N.).
 
Müxalif yazan şəxs,(yəni, ay Ağamirzəzadə-N.N.) məgər bilmirsən ki,adın gizlədənin sözü yazılmaz?”(1879,N46).
 
Qəzetdə çar və çap məhsulları ilə ilgili materialların təqdimində müasir terminologiya üçün məqbul sayılmasa da,o dövr üçün xarakterik olan sinonim terminlərdən istifadəyə geniş yer verilmişdir.Bu cəhətdən bir neçə nümunəyə diqqət yetirmək yerinə düşür:
 
”Elan
 
Şeyx Sədinin “Gülüstan” kitabı İstambulda “Əxtər” qəzetəsinin çapxanəsində...nəstəliq xətti ilə qayət əla və pakizə çap olunubdur.Bu günlərdə bu kitablardan yaxşı cild ilə mücəllid bir neçə nüsxəidarəmizə satılmaqdan ötrü göndərilübdür”(1879,N20).
 
“Risaleyi-hesabiyyə”
 
Məzkur isimdə tazə bir hesab kitabı (“Kəşkül”) mətbəəsi təb və nəşr eləmişdir ki, bir nüsxəsini biz dəxi
almışıq”( 1884,N2).
 
“Darülmüəllim şagirdlərindən Tiflis yolilə evlərinə gedəni mətbəə və idarəmizə gəldiklərindən bir neçə dəfə görmüşdük”(1882,N20).
 
Qəzetdə tibb və səhiyyəyə aid terminlərin işlədilməsində daha çox xalq danışıq dilinin materiallarına müraciət olunmuşdur: “Qafqaz”a yazırlar ki,Gəncdə çiçək xəstəligi olmaq münasibətilə dustaqlar xəstəxanədən başqa övə nəql olunduqda igirmi adam qaçmışdır”(1884,N2).
 
“Aprel ayının 4-mcü gününü yadigar üçün Tiflis cəmaətinin xəstələrindən ötrü bina olunan şəfaxanə Tiflis cəmaətinə məlum edir ki,i ki yerdə genə şəfaxanələr açub”( 1884,N3).
 
Qəzetdə bəzi anlayışları ifadə edən alınman sözlərin mötərizədə verilməsi onların digər sözlərdən görüntüyə görə fərqləndirilməsi həmin terminlərin oxucuların yaddaşında daha yaxşı saxlanılmasına xidmət edir :
 
”Millətimizdən rus (akademiya) və (universitet)lərndə ikmali-təhsil edən müntəhilər (bitirənlər-N.N) vardır” (1882,N15).
 
Qəzetdə birinci tərəfi rus mənşəli, ikinci tərəfi Avropa mənşəli sözlərdən ibarət olan terminlərdən də məqsədəmüvafiq şəkildə istifadə olunmuşdur:”Şamaxı naçalniki xəlqi cəm edibmiş ki,hərə bir qədər pul qoyub bir çastnıy bank açsınlar” (1879,N 34).Qəzetdəki “voyennıy ferdşel uşkolası”termini də ədəbi dilə ağırlıq gətirməyən uğurlu dil vahidi hesab olunmalıdır:”Tiflisdə olan voyennıy ferşil uşqolasından 42 nəfər çagird təhsildən qurtarıblar”(1879,N22).
 
“Ziya” qəzetində alınma sənət, peşə terminlərinin milli terminlərlə əvəz olunmasına, inadlı təşəbbüs və ciddi cəhdlər var idi.Bu cəhətdən mətbəə, litoqrafiya və kitab nəşri ilə ilgili terminlərə mütəxəssis baxışı bir çox məsələləri meydana çıxara bilər. “Ziya” qəzetində işlənən şrift (basmaxana hərfləri və ya basmaxana hürufatı) (1881,N30), hürufat basması; basma mürəkkəbi; hürüfat hecaları; hürufat basmaxanasının əsbabı; basmaçılıq; mürəttib; düzməçi; nazir; müfəttiş; mücəəllid; (cildləyici,cild çəkən-N.N.); müsəhhih(korrektor,təshih edən-N.N.); hərftökən;nəşriyyat;qəzetin mündəricatı;qəzetin sahibi-imtiyazı;müsəlman hürufatı;islam qəzetəsi;basma xətti; rəzetin təb və nəşr edilməsi; mütəəddid (coxlu, cürbəcür- -N.N.) qəzetə və jurnallar; qəzetin imla və lisanı(1879,N44) ; qəzetə işləri, basma elmi; əxbarnamə (1879,N45);qəzetə müştəriləri; litoqrafiya(08.02.1879,N3) kimi mətbuat və mətbəə terminlərinin çoxu bu gün də ədəbi dilimizdə işlənməkdədir.
 
Ədəbi dilin alınma sözlər vasitəsilə zənginləşdirilməsi dünyanın dilçilik siyasətində razılıqla qarşılanan təcrübədir.
 
Dünyada ancaq öz milli sözlərindən ibarət olan yazılı ədəbi dil, demək olar ki, yoxdur. Belə bir faktı xatırlayaq ki, dünyanın ən zəngin ədəbi dillərindən biri olan rus ədəbi dilində “er”hərfi ilə başlayan cəmi 5-10 milli söz var: qalanları alınmadır.Alınma söz heç də dilin kasadlığınnda irəli gəlmir.Alınma söz dövrün tələbatıdır. Məqsədəuyğun şəkildə alınma sözlərdən istifadə yolu ilə ədəbi dilin zənginləşdirilməsi dilçilikdə söz yaradıcılığının əsas üsul və vasitələrindən biridir. Fikrimizi əsaslandırmaq üçün “Ziya” qəzetindən seçilmiş Şərq alınmalı və Qərb alınmalı iki kiçik mətn nümunəsi göstərmək istəyirik.
 
Sözlərinin çoxu Şərq dillərindən(əsasən ərəb dilindən) alınmış kiçik mətn
 
“İnsanın əqlini və fərasətini və fəhmini və qanacağını artıran və dünya güzəranının yaxşılaşmağına bais olan elm və mərifətdir. Təbiyəlü adam heç vəqt həqqi nahaq eləməz. Və hərgah eləsə, o surətdə biz ona elmlü və tərbiyəlü adəm demərük”(1883,N14).
 
Sözlərinin çoxu rus və rus dili vasitəsilə Avropa dillərindən alınmış sözlərdən ibarət “xəbəri-rəsmilər”(rəsmi xəbərlər)
 
“Vyana.29 iyun.Avstriya imperatoru Frans İosif Bolqariyanın knyazına (Liyapold) nişani-mərhəmət buyurubdur” (05.06.1879,N24).
 
“Vyana.26 avqust.Knyaz Bismark ilə görüşməkdən ötrü qraf Anderaşi Qastinəyə gəlib”(23.08.1879,N31).
 
Maraqlıdır ki, “Ziya” qəzetində termin məsələsinə elmi münasibət də bildirilir, müəllim və təhsil sahəsinin yaradıcı rəhbərlərinə metodik göstərişlər verilirdi.
 
Bu cəhətdən “Ziya" qəzetinin 1880-ci ilə aid 20-27-ci nömrələrində dərc olunmuş ”Mübtədi məktəblər barəsində” risaləsində ətraflı söz açılmışdır.Təxəllüyyat (xəyala gətirmə-N.N.) məcmuu kimi düşünülmüş risalədə idarə məclisinin-redaksiya heyətinin bir neçə üzvünün fikirləri işıqlandırılmışdır.
 
“Risalə”-ərəb mənşəli sözdür, 1) məktub,namə,2) kitabça,3) məcmuə mənalarını verir.
 
Səid Ünsizadənin “Mübtədi məktəblər barəsində” risaləsi mövzusuna, qaldırılan məsələlərin vacibliyinə və həcminə görə pedaqoji ədəbiyyat nümunəsi-elmi-metodik kitabça kimi qiymətləndirilməlidir.
 
Mükalimə şəklində yazılmış risalədə “S. əfəndi” kimi təqdim olunan Səid Ünsizadənin fikrinə görə, yaxşı təhsil almaq üçün bir neçə cəhətə ciddi fikir verilməlidir:
 
”Əvvəlimci ildə tədris olunan kitablardan biri lazımdır ki, uşaqların ata-ana dilində uşaq əqlinə müvafiq hekayətə manənd (farsca. “bənzər”- N.N. ) fəqərə-fəqərə yazılmış bir kitab ola ki,uşaqların öyrəndigindən və bildigindən bəhs edə....
 
İkimci, lazımdır ki, bir cild istilahat kitabı(termin kitabı-N.N.) ola ki,onda uşaqlar elmlərin adları və həman elmlərin təriqi və mənfəəti və insana lazım olmaqları və həman elmlərdə müstələh(termin N.N.)- olan bəzi kəlmələr və onların mənaları dəxi təlim oluna...Hər bir elmlərin adlarını və tərifini təlim edəndən sonra həman elmlərin istilahatından dəxi təlim etməgə başlayalar”.
 
Müəllif bu istiqamətdə görülməsi zəruri olan məsələlər barədə açdığı söhbəti cəmiyyətdə müəllimin aparıcı roluna yönəldir və maraqlı mülahizələrini müəllimlərə inamla qurtarır:
 
”Lazımdır ki,müəllimlər qabiiliyyətli olub, sühulət ( asanlıq-N.N.) təlim yoluna dəxi aşina olmuş olalar.
 
Aşkardır ki, müəllimlər qabiliyyətli olmasa, heç bir yerdə iş irəli gedə bilməz”.
 
 
 
Resume
 
The article is about the derivative terms taken from Russian and European languages used in “Ziya” (“Ziyayi-Qafqasiyye”)- (1879-1884 years) newspaper.
 
 
 
Ədəbiyyat siyahısı
 
1.Axundov Nazim. Azərbaycanda dövri mətbuat.Bakı,1965. səh.44.
2.SSRİ MDTA, F. 776,siyahı 12. iş 82,vərəq 1.
 
3.”Ziya”(“Ziyayi-Qafqasiyyə”) (1879-1884-cü illər) qəzetinin nömrələri.
4.Zeynalov A.R. Azərbaycan Dövri mətbuatının ekspozisiyada əksi.
("Ziya" qəzeti haqqında qeydlər).Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Muzeyinin
 
Əsərləri ,III cild, Bakı,1968, səh.45-73..
 
5.Nazim Nəsrəddinov. "Ziya"qəzetində işlənən bəzi terminlər haqqında.
Azərbaycan SSR Elmlər Akademiyası aspirantlarının elmi konfransının materialları,
 
Bakı,1977, səh.308-314.
6. Nazim Nəsrəddinov. "Ziya"nın fransız müxbiri,"Novruz" qəzeti, "№16.
7.Nazim Nəsrəddinov. Afərin o şəxslərə ki..."Sənətkar" jurnalı, Bakı, 2009, №1.
8.Nazim Nəsrəddinov. "Ziya"-135. "Ayna" qəzeti ,21.01.2014.
9. Nəsrəddinov N.B. M.Ə.Sabir və S.Ünsizadə. "Ziya" qəzeti, 27.04.1992, №8.
 
10. Nəsrəddinov N.B. Siz kimsiniz, Müsyö Berje?
 
"Ana sözü” jurnalı,1993, № 3.
 
11.Nasreddinov N.B. "Ziyayi -Kafkasiye" qazetesi, 23 Ocak, 2014,
 
“ Halduncezayirlioğlu KOLEKSİYONU”, Ankara
 
 
Read 152 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR