Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə, 26 Yanvar 2018 07:24

Beynəlxalq təşkilatların etnik azlıqlara yönəlik dil siyasəti

Written by 

Aqşin MƏMMƏDOV

Azərbaycan Respublikasının Prezidenti yanında 
Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Açar sözlər: etnik azlıqlar, beynəlxalq təşkilatlar, YUNESKO, Avropa Şurası, Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyası, Azərbaycan, dil siyasəti 

Key words: ethnic minorities, international organizations, UNESCO, Council of Europe, European Charter for Regional or Minority Languages, Azerbaijan, language policy 

Ключевые слова: этнические меньшинства, международные организации, ЮНЕСКО, Европейский Совет, Европейская Хартия региональных языков или языков меньшинства, Азербайджан, языковая политика 

Giriş

Etnik problemlərin gedərək artdığı müasir dünyamızda azlıqlar və onların hüquqlarının qorunması ilə bağlı məsələlər daha çox əhəmiyyət qazanmış və beynəlxalq gündəmin aktual mövzularından birini təşkil etməyə başlamışdır. Son onilliklərdə etnik qrupların daha sıx toplaşdığı Avropada baş verən kardinal dəyişikliklərin müəyyən axara salınması üçün azlıqların (burada həm ənənəvi etnik azlıqlar, həm də yeni etnik azlıqlar (imiqrantlar) nəzərdə tutulur) qorunması və hüquqlarının təmin edilməsi məsələsinə yenidən baxmağa ehtiyac yaranmışdır. Çünki dövlətin suverenliyinə ən böyük təhdid etnik azlıqların hüquqlarının qorunmaması nəticəsində separatizmin yaranmasından başlayır. Buna görə dövlət suverenliyi və etnik azlıqların hüquqlarının qorunması bir-biri ilə bağlı məsələlər olub daima diqqət tələb edir.
Məlumdur ki, ictimai-siyasi amillərlə bağlı olaraq, məhv olmaq təhlükəsi qarşısında ilk növbədə etnik azlıq və qrupların dilləri qalır. Ümumilikdə müasir dünyada müxtəlif xalqların mədəni ənənələrini və dünyanın etnik xəritəsini əks etdirən yeddi mindən çox unikal dil mövcuddur. YUNESKO-nun məlumatına görə, son beş əsrdə Avropada və Kiçik Asiyada təxminən 75,  ABŞ-da isə 115 dil məhv olmuş, dünyanın dil xəritəsindən çıxmışdır [10]. Bundan başqa, "YUNESKO-nun dillərə münasibətdə sektorlararası strategiyası"nda göstərilir ki, dünyada yüz milyondan çox insanın danışdığı 8 dil var. 2,5 milyard insan dünyada populyar olmayan dillərin (milli dil, azlıqların dili) mövcud olduğu ərazilərdə doğulub yaşayır və onların böyük əksəriyyəti birdillidir. Malik olduqları ana dili onların həyatlarında mühüm faktordur. Digər tərəfdən, dünyada 500-ə yaxın dil vardır ki, onların daşıyıcılarının sayı min, 3400-ə yaxın dilin isə on min nəfərlə ölçülür. Deməli, dünyanın dil kontekstində tarazlıq bütün dillər üçün eyni deyil və hər bir dil daşıyıcısı demoqrafik göstərici səbəbindən anadan olandan dil hüququnun qorunması, təmin edilməsi problemi ilə üzləşir [5].
Regional və ya azlıq dilləri dövlətlərin milli irsinin bir hissəsidir. Bu dillərdə danışanlar milli mədəniyyətin, milli şüurun daşıyıcıları kimi milli identiklik prosesində də mühüm rol oynayırlar. Bu səbəbdən etnik azlıqlar və onların dilləri son onilliklərdə beynəlxalq hüquqi təcrübədə rəsmi status almağa və əhəmiyyəti getdikcə artmağa  başlamışdır. 
BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ilk əhəmiyyətli beynəlxalq hüquqi sənəd kimi ortaya çıxmışdır. Bu bəyannamədə dil haqqında konkret müddəalar əksini tapmasa da, 2-ci maddədə dil insan hüquqlarının əsas təsdiqedici əlamətlərindən biri kimi göstərilir: "Hər bir insan irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, silk mənsubiyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə bəyan edilən bütün hüquqlara və azadlıqlara malik olmalıdır" [26]. 
Bundan başqa, BMT Baş Assambleyasının 18 dekabr 1992-ci ildə qəbul etdiyi “Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları haqqında Bəyannamə"də (maddə 2) etnik və dini azlıqlara aid olan şəxslərin sərbəst şəkildə, hər hansı formada müdaxilə və ya ayrı-seçkilik olmadan öz mədəniyyətlərini zənginləşdirmək, öz dinlərinə etiqad etmək, öz dillərindən ictimai və şəxsi həyatda istifadə etmək hüququ vurgulanır [17]. Həmçinin azlıqların dillərinə qarşı yaranan təhlükənin aradan qaldırılması üçün 1993-cü il iyunun 25-də İnsan Haqları üzrə Ümumdünya Konfransında qəbul edilmiş Vyana Deklorasiyasında da bu problemə toxunulmuşdur [27]. Burada milli azlıqların nümayəndələrinin öz ana dillərindən istifadə hüququ təsdiq edilir. 
Ümumiyyətlə, dünyanın müasir dil mənzərəsindən belə bir nəticə çıxarmaq olar ki, qloballaşmanın kiçik miqyaslı forması olan lokallaşma da özünün sələfi kimi dillərə iki istiqamətdə təsir edir: onları ya məhv olmaq təhlükəsi qarşısında qoyur, ya da əksinə, bu problemi beynəlxalq təşkilatların müzakirəsinə çıxarmaqla onu ümumdünya səviyyəli dil məsələsinə çevirir [6]. Bu səbəbdəndir  ki, dünya, o cümlədən Avropa hüquq məkanında çoxlu sayda beynəlxalq, dövlətlərarası təşkilatlar həm də azlıq dillərinin qorunması məsələsini öz fəaliyyətlərində əsas istiqamətlərdən biri kimi müəyyənləşdiriblər.
Keçən əsrin 80-ci illərinin əvvəllərindən etibarən Avropa cəmiyyəti regional və ya azlıq dillərinə dəstək verməyə başlamışdır. 1982-ci ildə Avropa Parlamenti Regional və azlıq dilləri üzrə Avropa Bürosunu təsis etmişdir. Bu təşkilatın əsas məqsədi Avropa İttifaqının (Aİ) yerli dillərini və azsaylı xalqların mədəniyyətlərini qorumaq və onlara dəstək verməkdir. Təşkilatın ofisləri Dublin və Brüsseldə yerləşir. Büro Aİ-yə üzv ölkələrin əksəriyyətində öz nümayəndəliklərinə malikdir [11]. Etnik azlıqların ümumi hüquqlarının deyil, sırf dillərinin qorunması ilə bağlı qəbul edilmiş sənədlərin xronoloji ardıcıllığına görə isə bu sahədə ilk addım atan təşkilat Avropa Şurası (AŞ) olmuşdur. Təsadüfi deyildir ki, AŞ-nin 5 noyabr 1992-ci il tarixli "Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyası" bir sıra beynəlxalq təşkilatlara, o cümlədən YUNESKO, ATƏT və s. həmin problemlə bağlı qərar və layihələrin hazırlanması  üçün müəyyən mənada istiqamət vermişdir. 
Beləliklə, məqalənin 1-ci hissəsində BMT miqyasında çosdillilik, məhv olmaq təhlükəsi qarşısında qalan və azlıq dilləri ilə bağlı həyata keçirilmiş fəaliyyət nəzərdən keçirilir. 2-ci hissədə "Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyası, onun AŞ-yə üzv ölkələr tərəfindən imzalanması və ratifikasiya prosesi, ümumiyyətlə, bu istiqamətdə dünya ölkələrinin təcrübəsi araşdırılır, nəzəri ümumiləşdirmələr və Azərbaycanla bağlı müqayisələr aparılır. 


1. BMT kontekstində etnik azlıqların dillərinin qorunması ilə bağlı həyata keçirilən tədbirlər

Etnik azlıqlarla bağlı linqvopolitoloji problem BMT və onun elm, təhsil və mədəniyyət məsələləri üzrə təşkilatı olan YUNESKO-nun dil siyasətində də özünü aktual məsələ kimi göstərir. 
İlk növbədə qeyd edək ki, 1999-cu ilin dekabr ayında BMT Baş Assam-bleyası çoxdilliliyə böyük əhəmiyyət və diqqət verən  çağırış imzalamışdır. BMT Baş Assambleyasının 52/262-ci (2-ci hissə) dərkənarı isə bütün dillərin müdafiəsi və qorunması problemini aksentləşdirir [20]. BMT Baş katibinin 58-ci sessiyadakı (2003-cü il) məruzəsi də həmin dərkənar üzərində  köklənib və dünyanın bütün dillərinin müdafiəsi və qorunması ilə bağlı tədbirlər planını əhatə edir. Çoxdilliliyin yaranması və onun genişlənməsi, qloballaşmanın milli dillərə, xüsusilə azlıqların dillərinə təsiri mühüm bir problem kimi 2003-cü ilin dekabrında Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində qəbul edilmiş "Prinsiplərin Deklorasiyası" adlı sənədin 52-ci və 53-cü paraqraflarında da xüsusi şəkildə qeyd edilir [22]. 
Dil probleminin YUNESKO-nun səlahiyyətlərinə daxil olan aspektlərdə həll edilməsini aydın şəkildə əks etdirən normativ aktların məzmunu da BMT və Aİ-nin dil siyasətinin istiqamətləri ilə üst-üstə düşür. 2001-ci ildə qəbul edilmiş "Çoxmədəniyyətliliyin Ümumi Deklorasiyası", həmin ildə hazırlanmış "Fəaliyyət planı" və "Mənəvi-mədəni irsin qorunması üzrə Konvensiya" adlı sənədlərin də əsas istiqaməti milli dillərin və mədəniyyətlərin qorunması problemidir. Lakin adı çəkilən sənədlər sırasında "Çoxmədəniyyətliliyin Ümumi Deklorasiyası" məzmun əhatəliliyi və problemlərin konkret həlli yollarını müəyyənləşdirmək baxımından diqqəti daha çox cəlb edir. Adı çəkilən sənəddə əvvəl qəbul edilmiş sənədlərin heç birində əksini tapmayan bir müddəa odur ki, bioloji, mədəni və dil müxtəliflikləri arasında qarşılıqlı əlaqə mövcuddur, buna görə də həmin problemlərin həllinə yönələn istiqamətlərdə qeyd etdiyimiz anlayışlararası əlaqə nəzərə alınır [25].
Onu da qeyd edək ki,"Çoxmədəniyyətliliyin Ümumi Deklorasiyası"  Aİ-nin dil siyasətini əks etdirən "Avropa İttifaqının genişlənməsinin linvopolitoloji aspektləri" üçün bir növ örnək  kimi çıxış etmişdir. Hər iki sənədin əsas qayəsini çoxdillilik şəraitində dillərin qorunması, onların işləkliyinin, fəaliyyət dairəsinin genişləndirilməsi təşkil edir. Lakin həmin təşkilatların tərkib baxımından fərqlənməsi onların dil siyasətlərinə də müəyyən qədər təsir edir. Belə ki, Aİ-yə üzv dövlətlərin dil siyasətində yox olmaq təhlükəsi qarşısında qalan dillərin statusu və sayı ilə BMT-yə daxil olan dövlətlərin, o cümlədən millətlərin dil statusu və sayını eyniləşdirmək olmaz. Təbiidir ki, Aİ-nin çoxdillilik  şəraiti BMT-nin çoxdillilik şəraitindən miqyasca kiçikdir. Aİ-yə daxil olan dövlətlərin dillərinin məhv olmaq təhlükəsi o qədər də böyük deyil, belə bir təhlükə qarşısında demək olar ki, yalnız azlıqların dilləri qalır. Aİ-yə daxil olan dövlətlərin milli dillərinin məhv olmaq ehtimalı çox azdır, çoxdillilik şəraitində onlardan hər hansı birinin işləkliyini, populyarlığını itirməsi, yaxud da Aİ-yə daxil olduqdan sonra populyarlıq qazana bilməməsi güman edilə bilər. 
Məlumdur ki, dil dövlətçiliklə, millətlə bağlıdır.  Dövlət yaşayırsa, milli dilini dövlət dili kimi tətbiq edirsə, daxil olduğu qurumun çoxdillilik şəraitində onu məhv olmaq deyil, yalnız populyar, yaxud ümumünsiyyət dili ola bilməmək təhlükəsi gözləyə bilər. Məlumdur ki, Aİ-yə daxil olan dövlətlərdən bir neçəsinin, o cümlədən Avstriyanın, İrlandiyanın və digərlərinin dövlət dili milli dil deyil, alman, ingilis və s. dilləridir. Buna  baxmayaraq, həmin millətlər yaşadığından və müstəqil dövlətə malik olduqlarından dillərinin də məhv olmaq ehtimalı o qədər də güclü deyil [6]. 

1.1. Məhv olmaq təhlükəsi qarşısında qalan azlıq dilləri

 YUNESKO-nun məhv olmaq təhlükəsi qarşısında qalan dillərlə bağlı həyata keçirdiyi layihələrində bu sıraya daxil edilən dillərin sayı 20-yə yaxındır. YUNESKO-nun layihəsində məhv olmaq təhlükəsi qarşısında qalan etnik azlıqların ən çox Afrikada, Sakit okean regionuna aid edilən Asiyada və Sibir ərazisində məskunlaşdığı qeyd edilir. 
Təəssüfləndirici haldır ki, YUNESKO-nun layihələrində qeyd edilmiş məhv olan, daha doğrusu, bu təhlükə qarşısında qalan dillər siyahısında türk dilləri ailəsinə daxil olan dillər də özünə yer tapmışdır. Məlumdur ki, muxtariyyəti olmayan türklər İranda, Balkan yarımadasında, Yunanıstanda, Rumıniyada, Bolqarıstanda, Moldovada, Ukraynanın Krım vilayətində, eləcə də Orta Şərqdə - İraqda, Suriyada, Asiyada isə ən çox Əfqanıstanda yaşayırlar [5]. 
Yuxarıda göstərilən istiqamət çərçivəsində YUNESKO-nun digər bir layihəsi 1996 və 2001-ci illərdə nəşr etdirdiyi "Məhv olmaq təhlükəsi qarşısında qalan dünya dillərinin atlası"dır [23]. Dünyanın, demək olar ki, bütün ölkələrinə göndərilən, internet informasiya şəbəkəsinə daxil edilən bu atlasın fəaliyyət dairəsinin və yayılmasının daha geniş və davamlı olması inkaredilməzdir. Dünyanın məhv olmaq təhlükəsi qarşısında qalan dillərinin daşıyıcılarının yaşadığı ərazilər haqqında canlı mənzərə yaradan bu atlas YUNESKO-nun mədəniyyət və kommunikasiya sektorlarının birgə layihəsidir və "Məhv olan dillər üzrə proqram"ı [24] çərçivəsində həyata keçirilmişdir.
Bu proqramın ikinci istiqaməti regional dil siyasətinin imkanlarının genişləndirilməsi və müdafiəsidir. Bu istiqamət iki əsas xətt üzrə aparılır. Birinci xəttin özəyində bütün üzv dövlətlərin müvafiq dil siyasətinin müdafiə edilməsi dayansa da, əsas diqqət Afrika dövlətlərinin dil siyasətinə yönəldilir. Məsələ ilə bağlı 1997-ci ildə Xararda Afrikanın dil siyasəti barədə dövlətlərarası konfrans keçirilmiş və bu konfransın işində yerli aborigen dillərin vəziyyətinə və çoxdillilik problemlərinə xüsusi yer ayrılmışdır. Konfransın işinin davamı və nəticəsi kimi 2004-cü ildə "Mərkəzi və Cənubi Afrika ölkələrində dillərin qorunması imkanlarının, dil ənənələri və ifadə vasitələrinin genişləndirilməsi" adlı layihə hazırlanmışdır.
Proqramın ikinci istiqamətinin növbəti xəttinin qayəsini 2004/2005-ci illərdə beş pilot layihənin hazırlanması təşkil etmişdir. Həmin layihələrin yerli qeyri-hökumət təşkilatları və tədqiqatçıları tərəfindən reallaşdırılması nəzərdə tutulur.  Qalan 14 layihə isə həyata keçirilmək üçün YUNESKO-nun dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən regional bürolarına tapşırılmışdır. Həmin ölkələr sırasında Afrika, Sakit okean regionuna aid edilən Asiya ölkələri və Rusiya əsas yerləri tutur. Həmin layihələr arasında YUNESKO-nun Moskvadakı bürosu tərəfindən həyata keçirilmiş "Sibirin yerli xalqlarının məhv olan dillərinin qorunması" diqqəti cəlb edir. Adı çəkilən layihənin əməli tərəfinin nəticəsi kimi "Sibirin dilləri məhv olmaq təhlükəsi qarşısında qalan yerli xalqlarının problemləri üzrə dəyirmi stol" keçirilmişdir. YUNESKO-nun müvafiq sahə ekspertləri layihənin məqsədi haqqında çıxış edərək etnik azlıqların yaşadığı Rusiya Federasiyası əhalisinin tərkibini öyrənmiş və belə bir mənzərənin olduğunu göstərmişlər: Rusiya ərazisində yüzdən çox xalq və etnik qrup yaşayır. Əhalinin 81%-ni ruslar, 19%-ni isə digər xalqlar və etniklər təşkil edir. Həmin 19%-in içərisində 5 milyon tatar, 2 milyon yəhudi, 2 milyon çuvaş,  milyon yarım başqırd, 1 milyona yaxın udmurt, yarım milyon mari, 30 min nens, 30 min evenk, sayları bir mindən çox olmayan tofalar, aleutlar, oroklar, negidalslar və digərləri var. Həmin azlıqlar əsasən Rusiyanın şimalında yaşayırlar [8]. Rusiyanın ərazisində yaşayan etnik azlıqların linqvistik bölgüsü aşağıdakı kimidir:
-  türkdilli azlıqlar (tatar, çuvaş, başqırd, yakut, balqar, xakas, tofalar və b.);
- fin-uqor dil ailəsinə aid edilən azlıqlar (mari, mordva, udmurt, komi, karel və b.);
- Qafqaz dillərinə aid edilən azlıqlar (çeçen, inquş, osetin, kabardin, avar və b.);
 - monqol dillərinə daxil olanlar (buryatlar, kalmıklar və b.).
RF-nin zəngin linqvistik bölgüyə malik olmasının tarixi kökləri var. Rusiya daxilində federativ münasibətlərin spesifikası onunla ölçülür ki,  burada tarixi proseslərin birbaşa subyekti olmayan xalqlarla bərabər, çoxdan tarixin subyekti olmuş xalqlar da yaşayır [15]. Həmin xalqlar (o cümlədən bu ölkədə yaşayan azərbaycanlılar) adi xalq deyil və yerli, köklü xalqlar kimi dövlətçilik təcrübəsinə, ənənəsinə malikdirlər. Bunların bəziləri hətta bu tarixi faktorların bərpasına çalışır. Lakin nəzərə almaq lazımdır ki, Rusiya qədimdən mövcud olan dövlətlərin tarixi coğrafi varisi kimi həmin ərazilərdə bərqərar olan dövlətdir və burada nəinki Romanovlar imperiyası, eyni zamanda qədim türk və Xəzər xaqanlıqları, Qızıl Orda kimi imperiyalar mövcud olmuşdur. Bir zamanlar tarixi proseslərin birbaşa subyekti olanlar tarixin hökmü ilə hazırda etnik azlıqlar kimi Federasiya daxilində yaşamağa məhkum olmuşlar.
Proqramın üçüncü istiqamətinin özəyində beynəlxalq əməkdaşlığın genişləndirilməsi dayanır. Bu məqsədlə 2003-cü ildə YUNESKO öz ekspertləri ilə yanaşı dünyanın hər yerindən müvafiq mütəxəssisləri problemin həllinə cəlb edərək, BMT-nin öz fəaliyyətinin məhv olan dillərin qorunması sferasındakı işini daha da gücləndirməyi təklif etmişdir. Görüşün əsəs məqsədini dillərin qorunması işində YUNESKO-nun gələcək fəaliyyətinin müəyyənləşdirilməsi təşkil etmişdir. Görüşün nəticəsi kimi YUNESKO-nun dil siyasətində əhəmiyyətli yer tutan "Dillərin yaşaması və məhv olmaq təhlükəsi" adlı sənəd yaranmış və bu da öz növbəsində  "Məhv olan dillər üzrə proqram"ın "Dillərin vəziyyətinin qiymətləndirilməsi" adlanan dördüncü, yekun istiqamətini müəyyənləşdirmişdir.
2005-ci ilin aprel ayında YUNESKO-nun dil siyasətində onun gələcək layihələrini planlaşdıran vacib bir sənəd özünə yer almışdır. Belə ki, BMT-nin İcra Şurası özünün 171-ci  iclasında YUNESKO-nun Baş direktorunun "YUNESKO-nun dillərə münasibətdə sektorlararası strategiyası"nın hazırlanması təklifini qəbul etmişdir. BMT-yə daxil olan dövlətlərin dillərinin əsas faktor olduğu bu strategiyanın başlıca iki məqsədi var:
1.Dil müxtəlifliyinin, çoxdilliliyin qorunmasını və inkişaf etdirilməsini bütün yerlərdə təmin etmək;
2. BMT-nin bütün fəaliyyət sferalarında, siyasətdə dillərin geniş işlədilməsinin əsas tendensiyalarına riayət etmək.
YUNESKO-nuin dil sahəsində apardığı işlər, hazırladığı layihələr və qəbul etdiyi qərarlar bir daha göstərir ki, dillər hər zaman dəyişir, inkişaf edir, ya da bu proses əksinə gedir, linqvopolitoloji amillərlə bağlı olaraq məhv olmaq təhlükəsi qarşısında qalır. 

2. Avropa Şurasının regional və ya azlıq dilləri ilə bağlı siyasəti 

2.1. Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyasının 
yaranma tarixi

Regional və ya azlıq dillərinin vəziyyəti uzun müddət Avropa Şurasının müxtəlif orqanlarının diqqət mərkəzində olmuşdur. 1981-ci ildə Avropa Şurası Parlament Assembleyası  Avropada yaşayan azlıqların dilləri və dialektlərinin mədəniyyət və tədris problemlərinə dair  928 saylı tövsiyə qəbul etmiş və həmin il Avropa Parlamenti bu məsələlərə dair qətnamə imzalamışdır. Hər iki sənəddə regional və ya azlıq dillərinə və mədəniyyətinə dair xartiyanın tərtib edilməsinin vacibliyi haqqında qənaətə gəlinmişdir. Həmin tövsiyələrin və qətnamələrin əsasında Avropa Yerli və Regional Hakimiyyət Orqanlarının Daimi Konfransı (CLRAE) yerli və regional səviyyədə dil və mədəniyyət sahəsində yerli idarəetmə orqanlarının üzərinə düşən rolu müəyyən edən regional və azlıq dillərinə dair Avropa Xartiyasını tərtib etmək qərarına gəlmişdir. Buna qədər isə Avropada regional və ya azlıq dillərinə dair faktiki vəziyyət öyrənilmiş və 1984-cü ildə 40 dili təmsil edən 250 nəfərin iştirakı ilə açıq məruzə dinlənilmişdir.
1988-ci ildə Daimi Konfrans 192 saylı Qətnaməsində konvensiya statusu almaq üçün tərtib olunmuş nizamnamənin mətnini təklif etmişdir. 1988-ci ildə Daimi Parlament Assambleyası tərəfindən 142 saylı rəylə əsaslandırılmış təşəbbüsün davamı olaraq, Nazirlər Komitəsi Daimi Kon-fransının mətninə uyğun nizamnamə tərtib etmək səlahiyyəti daşıyan Avropa Regional və Azlıq Dillərinə dair Xüsusi Ekspert Komitəsi (CAHLR) yaratmışdır. Bu hökumətlərarası komitə öz işinə 1989-cu ilin sonunda başlamışdır. Layihənin inkişafında onların mühüm rolunu nəzərə alaraq, həm CLRAE, həm də Parlament Assambleyası bu yığıncaqda təmsil olunmuşdur. 1992-ci ildə Nizamnamə layihəsinin son mətnini Nazirlər Komitəsinə təqdim etməmişdən əvvəl CAHLR Avropa Şurası nəzdində ixtisaslaşdırılmış (mədəniyyət, təhsil, insan hüquqları, hüquqi əməkdaşlıq, cinayət problemləri, yerli və regioanl hakimiyyət, media) komitəsinin və həmçinin Hüquq vasitəsilə demokratiya üzrə Avropa Komissiyasının rəy və tövsiyələrini nəzərə almışdır.
Xartiya 1992-ci il iyunun 25-də nazir müavinlərinin 478-ci iclasında Nazirlər Komitəsi tərəfindən Konvensiya kimi qəbul edilmiş və 1992-ci il noyabrın 5-də Strasburqda imzalamaq üçün təqdim olunmuşdur [18].
Bu kontekstdə onu da qeyd edək ki, Aİ-nin müvafiq sənədlərindən bəhrələnən Avropa Şurasının "Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyası" "Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası" ilə məzmunca, demək olar ki, uyğundur. Daha doğrusu, ikinci sənədin ehtiva etdiyi problemlər daha zəngindir və birincinin ifadə etdiyi problemlərdən bəhrələnsə də, onları da özündə birləşdirir. Avropa Şurasının Çərçivə Konvensiyası Xartiyadan üç il sonra - 1 fevral 1995-ci ildə qəbul edilmiş və 5 fəsil, 32 maddədən ibarətdir [19]. Azərbaycan Çərçivə Konvensiyasını 26 iyun 2000-ci il tarixində ratifikasiya etmiş, 1 oktyabr 2000-ci il tarixində qüvvəyə minmişdir.

2.2. Xartiyanın strukturu və məzmunu

Xartiya preambula, 5 hissə (I hissə "Ümumi müddəalar" (maddə 1-6), II hissə "2-ci maddənin 1-ci bəndinə uyğun olaraq məqsəd və prinsiplərin həyata keçirilməsi" (maddə 7), III hissə (maddə 8-14), IV hissə "Konvensiyanın tətbiqi" (maddə 15-17), V hissə "Yekun müddəalar" (maddə 18-23)) və 23 maddədən ibarətdir.
"Preambula"da Xartiyanın tərtibedilmə səbəbləri və fəlsəfəsi izah edilir. Qeyd edilir ki, dil müxtəlifliyi Avropa mədəni irsinin ən qiymətli elementlərindən birini təşkil edir. Preambula BMT-nin Mülki və Siyasi Hüquqlara aid Beynəlxalq Paktına və Avropa İnsan Hüquqları Konvensiyasına isnad edir. Həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransı çərçivəsində qəbul edilmiş siyasi xarakterli müqavilələri də sitat gətirir,   dövlət suverenliyi  və ərazi toxunulmazlığı prinsiplərinə riayət edir.
Üzv ölkələr qarşısında əsas öhdəliklər II hissənin 7-ci maddəsi, III hissənin isə 8-14-cü maddələrində qeyd olunur.
İştirakçı tərəflər Nazirlər Komitəsinin təyin etdiyi formada Avropa Şurasının Baş katibinə mövcud Konvensiyanın II hissəsinin müddəalarına uyğun, habelə III hissədə eyni müddəaların tətbiqinə dair qəbul edilmiş və onların razılığa gəldikləri siyasət və tədbirlər haqqında dövri olaraq hesabat təqdim etməlidirlər. Birinci hesabat konkret tərəfə münasibətdə Konvensiyanın qüvvəyə mindiyi ildən sonrakı il ərzində, növbəti hesabat birinci hesabatdan üç il sonra təqdim edilməlidir. İştirakçı dövlətlər öz hesabatlarını həm də nəşr etdirməlidirlər (maddə 15).
Avropa Şurasının Baş katibinə təqdim edilən hesabatlar 17-ci maddəyə əsasən təşkil edilmiş ekspertlər komitəsi tərəfindən nəzərdən keçirilir (maddə 16).
Konvensiya Avropa Şurasına üzv dövlətlərin imzalaması üçün açıqdır. Bu Konvensiya ratifikasiya, qəbul və ya razılığa malikdir. Ratifikasiya fərmanları, qəbul etmə və bəyənmə haqqında sənədlər saxlanmaq üçün AŞ Baş katibinə təhvil verilir (maddə 18). AŞ Nazirlər Komitəsi Konvensiyaya qoşulmaq üçün AŞ-yə üzv olmayan hər bir dövlətə də təklif edir (maddə 20). İstənilən iştirakçı dövlət istənilən vaxt AŞ Baş katibinin adına xəbərdarlıq məktubu göndərmək yolu ilə Konvensiyanı denonsasiya edə bilər (maddə 22).
Konvensiya fransız və ingilis dillərində olmaqla hər dildə bir orijinal nüsxədə hazırlanmışdır. AŞ-nin arxivində saxlanılan hər iki mətn (nüsxə) eyni qüvvəyə malikdir. AŞ-nin Baş katibinin  imza və möhürü ilə təsdiqlənmiş nüsxələr AŞ-nin üzvü olan hər bir dövlətə və bu Konvensiyaya qoşulmaq üçün təklif olunmuş istənilən dövlətə göndərilmişdir.

2.3. Xartiyanın məqsədi, yaxud etnik azlıq dillərinin müdafiəsi haqqında konvensiya Avropaya nəyə görə lazımdır?

Tarixi prosesin nəticəsi olaraq bir çox ölkələrin ərazilərində əhalinin əksəriyyətinin danışdığı dillə yanaşı başqa dildə danışan yerli qruplar da vardır. "Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyası" ənənəvi olaraq ölkədə danışılan azlıq dillərini təbliğ edən Avropa Şurası konvensiyasıdır. Xartiya bu cür dillərin ictimai həyatda, xüsusilə məktəblərdə, mədəni fəaliyyətlərdə, mediada, şirkətlərdə və inzibati dairələrdə istifadəsini mümkün və təşviq etmək üçün nəzərdə tutulmuş müxtəlif təbliğat tədbirlərindən ibarətdir.
"İzahat məruzəsi"ndə qeyd olunduğu kimi, Xartiyanın əsas məqsədi mədəniyyət xarakteri daşıyır. O, Avropanın təhlükə altında olan mədəni irsi kimi regional və ya azlıq dillərinin müdafiə olunmasına və inkişaf etdirilməsinə yönəldilmişdir. Bu səbəbdən də o (xartiya) yalnız bu dillərin istifadəsinə dair qeyri-diskriminasiya maddələrindən ibarət deyildir, eyni zamanda bu dillərə möhkəm dayaq olan tədbirləri təmin edir: məqsəd regional və azlıq dillərinin tədrisdə və mediada kifayət qədər istifadəsini təmin etmək və onlardan hüquqi və inzibati sahələrdə, iqtisadi və sosial həyatda, mədəni tədbirlərdə istifadə etməyə imkan yaratmaqdır. Yalnız bu yolla lazım olan hallarda keçmişdə bu dillər üçün yaradılmış əlverişsiz şərait kompensasiya oluna bilər və Avropa mədəniyyətinin mövcud siması kimi onların qorunub-saxlanılması və inkişaf etməsi mümkün ola bilər [18]. 
Xartiya linqvistik azlıqları yox, regional və ya azlıq dillərini müdafiə etməyi və inkişaf etdirməyi nəzərdə tutur. Bu səbəbdən xüsusi diqqət mədəni faktora, regional və ya azlıq dillərinin bu dildə danışanların həyatının bütün aspektlərində istifadə olunmasına yetirilir.
CLRAE özünün xartiya layihəsini Mərkəzi və Şərqi Avropada baş vermiş mühüm dəyişikliklərdən əvvəl, eyni zamanda həmin dövrdə Avropa Şurasının üzvü olan ölkələrin ehtiyaclarına uyğun olaraq tərtib və təqdim etmişdir. 
Xartiya müstəqilliyə can atan və ya sərhədlərini dəyişmək istəyən millətlərin problemləri ilə məşğul olmur. Bundan başqa, Xartiya rəqabət və ya antaqonizm mənasında rəsmi dillər və regional və ya azlıq dilləri arasındakı əlaqələri şərh etmir. Əksinə hər kateqoriya dilin özünəməxsus yeri olan mədəniyyətlərarası və çoxdilli münasibəti qəbul edir. Xartiyanın siyasi və iqtisadi səbəblərdən yeni mühacirət axını ilə üzləşən dövlətlərin daxilində meydana çıxa bilən yeni dillərin (çox zaman qeyri-Avropa dillərinin) vəziyyətinə aidiyyəti yoxdur. Belə hallarda bu dildə danışan əhalinin xüsusi problemi - inteqrasiya problemi ortaya çıxır. CAHLR hesab edir ki, imkan olduqca bu problemlər müvafiq hüquqi vasitələrlə ayrı-ayrılıqda həll edilməlidir.
Xartiya linqvistik azlıqların konsepsiyasını təyin etməkdən çəkinir, çünki onun məqsədi etnik və/ya mədəni azlıq qruplarının hüquqlarını müəyyənləşdirmək yox, regional və ya azlıq dillərini öz-özlüyündə  müdafiə və inkişaf etdirməkdir.

2.4. Əsas terminlərin tərifi

1-ci maddədə (I hissə) "regional və ya azlıq dilləri"nin tərifi verilir. Xartiya yenicə Avropaya gəlmiş və Avropa dövlətlərindən birində vətəndaşlıq qazanmış qeyri-Avropa qrupları ilə bağlı fenomenləri nəzərdən keçirmir. Xartiyada istifadə edilmiş "Avropanın tarixi-regional və ya azlıqların dilləri" (bax: preambulanın ikinci paraqrafı) və "dövlət ərazisində ənənəvi şəkildə danışılan dillər"  (bax: maddə 1, paraqraf a) ifadələri aydın göstərir ki, burada  yalnız tarixi dillər, yəni sözü gedən dövlətdə uzun müddət danışan dillər nəzərdə tutulur. Bu dilər dövlətin digər əhalisinin danışdığı dillərdən fərqlənməlidir. Xartiya eyni dilin yerli variantlarına və ya müxtəlif dialektlərinə aid deyil.
Xartiyanın mətnində "regional dil" və "azlıq dili" anlayışları arasında fərq yalnız "İzahedici məruzə"də detallaşdırılır. Belə ki,  "az yayılmış dillər" kimi ifadələr əvəzinə CAHLR "regional və ya azlıq dilləri" terminini qəbul etmişdir. "Regional" sifəti hər hansı bir dövlətin ərazisinin məhdud hissəsində danışılan dilləri nəzərdə tutur, lakin bu dillər həmin ərazilərdə vətəndaşların əksəriyyəti tərəfindən istifadə edilir. "Azlıq" sifəti o vəziyyətlərə istinad olunur ki, dil hər hansı bir dövlətin  ərazisində qruplaşmış insanlar tərəfindən danışılır, ya da hər hansı bir dövlətin ərazisində qruplaşmasına baxmayaraq, həmin qrup sayca dövlət əhalisinin əksəriyyətinin danışdığı dil qrupundan kiçikdir. Beləliklə, bu iki sifət hüquqi anlayışlara deyil, faktiki kriteriyalara əsaslanır, hər bir halda bu və ya digər dövlətdə mövcud vəziyyətə (məsələn, bir dövlətdə azlıq təşkil edən dil digər dövlətdə çoxluq təşkil edə bilər) aiddir [18].

2.5. Xartiyanın imzalanma və ratifikasiya prosesi ilə bağlı vəziyyət

Xartiyanın qüvvəyə minməsi üçün ilkin mərhələdə onu 5 ölkə imzalamışdır: Macarıstan, Niderland, Norveç, Finlandiya və Xorvatiya. 25 may 2017-ci il tarixinə olan vəziyyətə görə, Xartiyanı AŞ-yə üzv 47 ölkədən 33-ü imzalamış, onlardan 25-i ratifikasiya etmişdir. 14 Avropa ölkəsi Xartiyanı ümumiyyətlə imzalamamışdır. 8 ölkə imzalasa da, ratifikasiya etməmişdir [16]: 
Xartiyanı ratifikasiya edən ölkələr:    Almaniya, Avstriya, Bosniya və Hesoqovina, Böyük Britaniya, Çexiya Respublikası, Danimarka, Ermənistan, Finlandiya, Xorvatiya, İspaniya, İsveçrə, İsveç, Kipr, Lixtenşteyn, Lüksemburq, Macarıstan, Monteneqro, Niderland, Norveç, Polşa, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Ukrayna

Xartiyanı imzalayan, lakin ratifikasiya etməyən ölkələr:    Azərbaycan, İslandiya, İtaliya, Fransa, Makedoniya, Malta, Moldova, Rusiya 
Xartiyanı imzalamayan ölkələr    Albaniya, Andora, Belçika, Bolqarıstan, Gürcüstan, Estoniya, İrlandiya, Latviya, Litva, Monako, Portuqaliya, San Marino, Türkiyə, Yunanıstan

Azərbaycan daxil olmaqla 6 dövlət (Albaniya, Azərbaycan, Gürcüstan, Moldova, Rusiya [13], Makedoniya (keçmiş Yuqoslaviya respublikası)) AŞ-yə daxil olarkən Xartiyanı qəbul etmək öhdəliyi götürüblər. Lakin bu vaxtadək qeyd olunan ölkələrin heç biri bu öhdəliyi yerinə yetirməyib. Albaniya və Gürcüstan Xartiyanı nəinki ratifikasiya etməyib, hətta imzalamayıblar [12]. Avropa Şurası Xartiyanı imzalamayan və ratifikasiya etməyən ölkələrdə bu istiqamətdə bir neçə seminar, dəyirmi masalar təşkil etmiş, ekspert dəstəyi göstərmişdir. Lakin həm Xartiyanın məzmununda əks olunan bəzi müddəalar, həm də etnik azlıqlarla bağlı xüsusilə son vaxtlar ortaya çıxan problemlər bu prosesi mürəkkəbləşdirmişdir. 
Bəzi regional və ya azlıq dilləri Avropa ölkələrindən birində dövlət dili statusuna malikdir. Maraqlı fakt odur ki, romani və ya qaraçı dili daha çox – 16 dövlət (Avstriya, Bosniya və Herseqovina, Çexiya Respublikası, Finlandiya, Almaniya, Macarıstan, Monteneqro, Niderland, Norveç, Polşa, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, İsveç, Ukrayna) tərəfindən müdafiə altına düşmüşdür. Rus dilini müdafiə altına 5 ölkə (Ermənistan, Finlandiya, Polşa, Rumıniya, Ukrayna), türk dilini 2 ölkə (Bosniya və Herseqovina, Rumıniya), tatar dilini isə 3 ölkə (Finlandiya, Polşa, Rumıniya) almışdır [21].
Onu da qeyd edək ki, 1-ci maddədə göstərildiyi kimi, Xartiya hansı Avropa dilinin "regional və azlıq dilləri" anlayışına uyğun gəldiyini dəqiqləşdirmir. Doğrudan da, Avropa Yerli və Regional Hakimiyyət Orqanlarının Daimi Konfransı tərəfindən Avropada linqvistik vəziyyətin ilkin tədqiqinin müəllifləri birinci mərhələdə Xartiyaya Avropada danışılan regional və azlıq dillərinin siyahısını əlavə edilməsini məqsədəuyğun hesab etməmişdilər. Onların fikrincə, siyahını tərtib edənlərin nə dərəcədə ekspert olub-olmamalarına baxmayaraq, belə bir siyahı həm dil baxımından, həm də digər səbəblərdən, əlbəttə, geniş mübahisələr doğura bilərdi. Bundan başqa, bunun dəyəri azalardı, çünki Xartiyanımn III hissəsində əks olunan xüsusi tədbirlərlə əlaqədar hansı müddəanın hansı dilə aid olmasını müəyyən etmək əsasən tərəflərin üzərinə düşür. 
Lakin sonrakı mərhələdə belə bir siyahının əlavə edilməsi də məqbul hesab edilmişdir. Bunun nəticəsidir ki, Avropa Şurası Parlament Assam-bleyası tərəfindən 3 mart 2014-cü il tarixində "Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyasının tətbiqi" adlı 13436 saylı hesabat xarakterli sənəd tərtib edilmişdir. Həmin sənədə "Regional və ya azlıq dilləri haqqında  Avropa Xartiyasının əhatə etdiyi dillər" adlı əlavədə (1 yanvar 2015-ci ildəki vəziyyətə görə) Xartiyanı ratifikasiya etmiş 25 ölkə tərəfindən siyahı təqdim edilmişdir. Məlum olur ki, Xartiyanın əhatə dairəsinə həmin tarixədək ümumilikdə 203 etnik azlığın və yaxud dil qrupunun istifadə etdiyi 79 dil düşmüşdür. Bunlardan 70-i Xartiyanın II hissəsi, 126-sı isə II və III hissələrinin mühafizəsi altına düşür. Regiondan asılı olaraq 7 dil qrupuna aid dillər qeyd olunan hər iki kateqoriyaya daxildir [21].  Maraqlısı odur ki, bu siyahıya Azərbaycan dili düşməmişdir. Bunu 2 səbəblə izah etmək olar: Birincisi, yuxarıda qeyd etdiyimiz kimi, Xartiyanın bu məsələdə məcburilik prinsipi yoxdur, yəni hər bir ölkə özü bu siyahını tərtib etməkdə müstəqildir. İkincisi, azərbaycanlıların tarixən kompakt şəkildə yaşadığı Türkiyə, Rusiya və Gürcüstan kimi ölkələr Xartiyanı ratifikasiya etmədiyindən Azərbaycan dili bu siyahıya düşə bilməmişdir. Məsələn, Azlıq məsələləri üzrə Avropa Mərkəzinin eksperti Conatan Uitli tərəfindən 2009-cu ilin iyununda tərtib edilmiş "Gürcüstan və Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyası" adlı işçi hesabatda (ECMI № 42) Azərbaycan dili Gürcüstanda regional və ya azlıq dilləri siyahısına (1-ci sırada) daxil edilmiş və bu haqda  ətraflı məlumat verilmişdir [9].

2.6. Azərbaycan Xartiyanı niyə ratifikasiya etmir?

İlk növbədə qeyd edək ki, "Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında" Prezident fərmanı [2] BMT tərəfindən 18 dekabr 1992-ci ildə qəbul edilmiş “Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları haqqında Bəyyannamə"dən [17] 3 ay əvvəl imzalanmışdır. Hər iki sənədə nəzər yetirəndə görmək olur ki, milli azlıqların və onların bütün hüquqlarının qorunması üçün görülməli işlər BMT sənədindəki eyni prinsip, metodologiya və hüquqi çərçivələr əsasında müəyyənləşdirilmişdir. Ümumilikdə Azərbaycan MDB məkanında etnik azlıqlara yönəlik fəaliyyəti hamıdan əvvəl həyata keçirmişdir. 
Qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizdə yaşayan azlıqların dil, mədəniyyət, din azadlığı, təhsil və digər hüquqları təsbit edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planında milli azlıqların mədəni irsinin inkişafı Azərbaycan hökumətinin əsas fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulmuşdur [3]. Azərbaycanın etnik azlıqların kompakt şəkildə yaşadığı bir sıra ərazilərində orta məktəblərin ibtidai siniflərində ana dillərində təhsil ala bilmələri üçün hər cür şərait yaradılmış, dərsliklər, lüğətlər çap edilmişdir. Bundan başqa, etnik azlıqların mədəniyyət mərkəzləri fəaliyyət göstərir, öz dillərində mətbu orqanları işıq üzü görür və s. 
Azərbaycan bu vaxtadək bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur. Azərbaycan hələ Avropa Şurasının üzvü olmadığı və “Milli azlıqların hüquqlarının müdafiəsi haqqında Çərçivə Konvensiyası”na qoşulmadığı dövrdə təşkilatın ekspertləri ölkəmizə gəlmiş, etnik azlıqlarla bağlı vəziyyəti araşdırmışdılar. Bu qənaətə gəlmişdilər ki, Azərbaycanda Konvensiyanın tələbləri Avropa Şurasına üzv olmadan belə icra olunur. 
Azərbaycan kimi çoxmillətli ölkədə Xartiyanın ratifikasiyaya hazırlanması prosesi dövlətin dil siyasəti reallığında bu sənədin davamlı və detallı lazımi adaptasiya mexanizmlərinin hazırlanmasını tələb edir. Bu proses həm regionun, həm də bütövlükdə dövlətin tarixi, sosial, demoqrafik, həmçinin iqtisadi xüsusiyyətlərini açmalıdır. Bu həm də digər Avropa ölkələrinin təcrübəsinə nəzər yetirməyi tələb edir. Burada isə vəziyyət bir qədər mürəkkəbdir. Belə ki, bəzi aparıcı Avropa ölkələri (məsələn, Almaniya) bu xartiyanı həm imzalasa, həm də ratifikasiya etsə də, bəziləri (məsələn, Fransa, Rusiya) imzasalar da, ratifikasiya etməyiblər [16]. Bunun qeyd etdiyimiz kimi, hər bir dövlətin daxili qanunvericiliyindən, həmçinin sosial, iqtisadi, siyasi və hətta psixoloji məqamlardan irəli gələn səbəbləri vardır. 
Qeyd edək ki, İspaniya və Böyük Britaniyada Xartiya regional səviyyədə reallaşır, çünki dillər üzrə bütün səlahiyyətlər muxtariyyətlərə göndərilmiş  nümayəndələr tərəfindən icra olunur. Xartiyanın icra edilməsinə nəzarət xərcləri daxil olmaqla, bütün tədbirlər büdcənin və muxtariyyətlərin başqa resurslarının hesabına həyata keçirilir.
Onu da vurğulayaq  ki,  hansı dövlətdə ki Xartiya artıq qüvvəyə minib, həmin dövlətdə bu sənəd milli qanun statusunu alır. Ratifikasiya prosesi Avropa Şurası ekspertlərinin dəstəyi ilə uzun bir dövrü əhatə edir.
Bir çox ölkələrdə ratifikasiya alətlərinin hazırlıq prosesinin digər problemlərindən biri terminologiya məsələsi və bu və ya digər dillərdə təyinlərin tətbiqi ilə bağlıdır. Xartiya  2 səviyyədə dəstək təklif edir:
– II hissəsinə uyğun olaraq – Xartiyanın məqsəd və prinsiplərinə əsasən dillərin müdafiəsi üzrə ümumi öhdəliklər;
– III hissəsinə uyğun olaraq – ictimai həyatın əsas sferalarını təqdim edən 7 maddə üzrə daha çox konkret öhdəliklər.
Bəzi ölkələr azlıq dillərini dəstək səviyyəsinə görə (Rumıniya, Finlandiya, Sloveniya, Serbiya, İsveç, Britaniya), digərlər ölkələr isə (Almaniya, İspaniya, Ukrayna, Slovakiya və s.) III hissəsinin bütün maddələrini azlıq dillərinə tətbiq etmək öhdəliyi götürüblər. Mühafizə səviyyəsinin seçimi bir sıra amillərdən asılıdır: tarixi ilkin şərtlər, azlıqların sayları, inteqrasiya dərəcələri və s. Xartiyanın II hissəsi III hissəsindən fərqli olaraq variativ xarakter daşımır. Avstriya, Çexiya, Böyük Britaniya, Almaniya, İspaniya və İsveçrədə azlıqların dilləri ilə bağlı öhdəliklər yalnız müəyyən ərazilərdə yayılır, hansıların ki sərhədlərini təsdiqləyən qanunda dəqiqləşir. Xartiyanın ratifikasiyası zamanı dövlətlər özləri müəyyən edirlər ki, hansı azlıq dillərini dəstəkləyəcəklər və onların müdafiəsinin dərəcəsi hansı səviyyədədir. Dövlət çərçivəsində bu və ya digər dillərin statusunun terminoloji təyini dillərə dəstək səviyyəsinin seçiminə təsir edir.
Azərbaycana Xartiyanı ratifikasiya etməyə mane olan digər bir məsələ ölkə ərazisində mövcud olan bütün azlıqlara bu sənədin müddəalarını tətbiq edə bilməməsidir. Buna səbəb ermənilər tərəfindən işğal edilmiş 20% ərazisində etnik və dini azlıqlara yönəlik siyasətini, yurisdiksiyasını həyata keçirə bilməməsidir. 
Ümumilikdə Azərbaycanın Xartiyanı ratifikasiya etməməsinin səbəblərini onu imzalamasından keçən 15 illik müddəti təhlil edərərk gəldiyimiz aşağıdakı nəticələrlə izah etmək olar: 
- Azərbaycanda etnik azlıqlara yönəlik siyasət dövlət siyasətinin tərkib hissəsidir, dövlət heç bir vətəndaşı arasında ayrı-seçkilik qoymur və onların bütün hüquqlarını, o cümlədən dillərindən istifadə etmək (təhsildə, KİV-də və s.) hüququnu yüksək səviyyədə qoruyur;
- Xartiyadan 3 il sonra qəbul edilmiş "Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası"nı Azərbaycan ratifikasiya etmiş və AŞ qarşısında götürdüyü öhdəliklərə əsasən hesabatını müntəzəm olaraq təqdim edir. Təbii ki, bu hesabatda regional və ya azlıq dilləri ilə bağlı məsələlər də öz əksini tapır.
Qeyd edək ki, Avropa Şurasına etnik azlıqlara mənsub olan şəxslərin hüquqlarının qorunması ilə bağlı mövcud vəziyyətə dair hesabatlar bu vaxtadək Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən bir neçə dəfə təqdim olunmuşdur.  
Bundan başqa, Avropa Şurasının ekspertləri, ATƏT-in Milli azlıqlar üzrə Ali Komissarlığının nümayəndələri etnik azlıqların hüquqlarının qorunmasına dair vəziyyəti müşahidə etmək məqsədilə Azərbaycana bir neçə dəfə səfər etmişlər. 


Nəticə

Ümumi mənzərənin təhlili bu qənaətə gəlməyə əsas verir ki, dünya qloballaşmanın ortaya qoyduğu böhran kontekstində XXI əsrə mürəkkəb etnik problemlərlə birgə qədəm qoymuşdur. Milli identikliyin itməsi qorxusu və təhlükəsi ölkələri öz milli xüsusiyyətlərinin saxlanılmasının yeni üsullarını axtarmağa sövq etmişdir. 
Müasir linqvopolitoloji prosesləri təhlil edərkən bu qənaətə gəlmək olur ki, artıq dil siyasəti də beynəlxalq münasibətlərin mühüm faktoruna çevrilmişdir. BMT (YUNESKO çərçivəsində), Avropa İttifaqı və Avropa Şurası kimi ali qurumlar xüsusilə dünyada azlıq təşkil edən qrupların dil problemlərini gündəmdə saxlayırlar. 
Azlıq dillərinin məhv olmaq təhlükəsinin dərəcəsi ictimai-siyasi amillərdən, tarixi proseslərin hansı istiqamətdə getməsindən, nəhayət, onun daxil olduğu dövlətin azlıqlara yönəlik siyasətindən asılıdır. Dövlətin dil siyasətində və ümumilikdə götürüldükdə dövlət siyasətində azlıqların milli-mənəvi dəyərlərinə, hüquqlarına xüsusi həssaslıqla, qayğı ilə yanaşıldıqda onların dillərinin məhv olma ehtimalı da azalır. Bu baxımdan Avropa Şurasının, həmçinin YUNESKO-nun məhv olan dillərin qorunmasına və müdafiəsinə yönələn layihələrində Azərbaycanda yaşayan xalq və etnik qrupların əksəriyyətinin adının olmaması dövlətimizin demokratik dil siyasətinə malik olduğunu nümayiş etdirir. Bu demokratiklik bütün tarixi dövrlərdə bu və ya digər dərəcədə müşahidə edilsə də, müstəqil Azərbaycanın dövlət siyasətində özünü daha bariz şəkildə göstərir və əsas istiqamətlərdən birini təşkil edir. 
Qeyd olunduğu kimi, bu vaxtadək bu istiqamətdə bir sıra sənədlər qəbul olunmuşdur. Lakin qəbul edilmiş bu sənədlərin xüsusilə üzv ölkələr tərəfindən ratifikasiya olunmaması özündə bir sıra amilləri (sosial, iqtisadi, siyasi və hətta psixoloji) birləşdirir. "Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyası" da bu qəbildəndir.
Son onilliklərdə Avropa qitəsində miqrasiya axınlarının aktivləşməsi ilə etnik azlıq dillərinin sayı da artmağa başlamışdır. Avropa ölkələrinin möhkəm ənənəvi strukturuna yeni etnik azlıqların inteqrasiyası prosesi o qədər mürəkkəb xarakter almışdır ki, bu problemin həlli birgə yanaşma mexanizmlərinin hazırlanmasını tələb edir. Bu gün Avropa ölkələri Xartiyanın müddəalarını xülasə edib regional dillərə münasibətdə  öz siyasətlərini kordinasiya etməyə cəhd edirlər. 
Dünyada gedən miqrasiya prosesləri bu və bu tipli sənədlərin imzalanmasını da çətinləşdirir. Hər nə qədər Xartiyada onun təsir dairəsində dominat dilin dialektlərinin və miqrantların dillərinin düşmədiyi qeyd olunsa da (yeri gəlmişkən beynəlxalq hüquqda "azlıq" anlayışına əvvəllər miqrantlar aid edilməsə də, artıq onlara "yeni azlıqlar" da deyilir), artıq bu sənədin qəbul edilməsindən 24 il keçir. Məsələn, bu sənədi 7 may 1999-cu ildə imzalamış, lakin bu vaxtadək ratifikasiya etməmiş Fransada vaxtilə miqrant olan xüsusilə qeyri-avropalılar artıq bu ölkədə kompakt halında yaşayan azlıqlar sırasına daxil olmuşdur (son illərin miqrant axınlarını da buraya daxil edəndə vəziyyət bir qədər də mürəkkəbləşir). Ratifikasiya prosesinə hazırlıq mərhələlərindən keçən və bu istiqamətdə müzakirələr aparılan Rusiyada isə artıq bu ölkənin köklü xalqları ilə bağlı mənzərə başqa cürdür.
Azərbaycana gəldikdə isə bu ərazidə yaşayan xalqların və etnik qrupların bütün hüquqları kimi dillərindən istifadə etmək hüququ da heç bir fərq qoyulmadan yüksək səviyyədə qorunur. Buna həm ölkə Konstitusiyası, həm də digər qanunvericilik aktları yüksək hüquqi zəmanət verir. 

İstifadə edilmiş ədəbiyyat:

    Azərbaycan dilində:
1.    Azərbaycan Respublikasının Konstitusiyası. - http://www.president.az/azerbaijan/constitution#esas huquq
2.    "Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 16 sentyabr 1992-ci il
3.    Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı /27 dekabr 2011/ - http://www.president.az/articles/4017
4.    Azərbaycan Respublikasinda mədəni müxtəliflik. - http://www.mfa.gov.az/content/114
5.    Hacıyeva T. YUNESKO-nun dil siyasəti barədə. //AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, “Tədqiqlər” jurnalı,  № 2, 2006, s.35-40
6.    Hacıyeva T. Qloballaşma və dil: linqvopolitoloji problemlər. Bakı: Kövsər,  2007.
7.    “Təhsil haqqında” Azərbaycan Respublikasının  Qanunu. /19.06.2009/ -
       http://edu.gov.az/view.php?lang=az&menu=72&id=302

    Rus dilində:
8.    Арефьев А.Л. Языки коренных малочисленных народов Севера, Сибири и Дальнего Востока в системе образования: история и современность. - М.: Центр социального прогнозирования и маркетинга, 2014, 488 с. - http://www.socioprognoz.ru/files/File/2013/Arefiev_Jakuty_001_488(3).pdf
9.    Джонатан Уитли.  Грузия и Европейская хартия региональных языков или языков меньшинств. /Рабочий доклад ECMI № 42, июнь 2009 г., c.9-11/.  - 
      https://www.files.ethz.ch/isn/102089/working_paper_42_ru.pdf
10.    Ермакова Э.В.  Франция и Европейская хартия региональных языков или языков меньшинств – неразрешимая дилемма. - http://mgimo.ru/upload/iblock/ef0/012_mirovaya_politika_ermakovaev.pdf
11.    Мустафина Д.Н. К вопросу подготовки ратификации Европейской хартии региональных языков или языков меньшинств в Российской Федерации. // Вестник Челябинского государственного университета, 2011, № 14 (229). Политические науки. Востоковедение. Вып. 10, c. 62–70. -  http://cyberleninka.ru/article/n/k-voprosu-podgotovki-ratifikatsii-evropeyskoy-hartii-regionalnyh-yazykov-ili-yazykov-menshinstv-v-rossiyskoy-federatsii
12.    Применение Европейской хартии региональных языков или языков меньшинств. /Doc. 13436. 3 марта 2014/ - https://www.coe.int/t/dg4/education/minlang/sgreports/SGReport2013_ru.pdf
13.    Программа "Национальные меньшинства в России: развитие языков, культуры, СМИ и гражданского общества": три года дискуссий — в итоге неопределенность /12.07.2011/ - http://www.fucongress.org/news/programma-nacionalnye-menshinstva-v-rossii:-razvitie-yazykov,-kultury,-smi-i-grazhdanskogo-obshhestva:-tri-goda-diskussiy---v-itoge-neopredelennost/
14.    Российский и международный аспекты правового регулирования положения коренных малочисленных народов Севера, Сибири и Дальнего Востока Российской Федерации./Федеральное Собрание Российской Федерации, 27.02.2007/ - http://council.gov.ru/media/files/41d44f2436f17942fe35.pdf
15.    Соколовский С.В., Тишков В.А. Европейская языковая хартия и Россия.  - 
      http://valerytishkov.ru/cntnt/publikacii3/publikacii/evropejska.html

    İngilis dilində:
16.    Chart of signatures and ratifications of Treaty 148. European Charter for Regional or Minority Languages. /Status as of  29/11/2016/ - http://www.coe.int/en/web/conventions/full-list/-/conventions/treaty/148/signatures
17.    Declaration on the Rights of Persons Belonging to National or Ethnic, Religious and Linguistic Minorities. / Adopted by General Assembly resolution 47/135 of 18 December 1992/ - http://www.ohchr.org/Documents/Publications/GuideMinoritiesDeclarationen.pdf
18.    Explanatory Report to the European Charter for Regional or Minority Languages. 
      /Strasbourg, 5.XI.1992/ -  https://rm.coe.int/CoERMPublicCommonSearchServices/DisplayDCTMContent?documentId=09000016800cb5e5
19.    Framework Convention for the Protection of National Minorities and Explanatory Report. /Strasbourg, February 1995/- https://rm.coe.int/CoERMPublicCommonSearchServices/DisplayDCTMContent?documentId=09000016800c10cf
20.    İndex to Proceedings of the General Assembly /Fifty-second session - 1997/1998/- https://library.un.org/sites/library.un.org/files/itp/a52-parti_1.pdf
21.    Languages covered by the European Charter for Regional or Minority Languages. 
      /Status as of: 1 May 2015/ - http://www.coe.int/t/dg4/education/minlang/AboutCharter/LanguagesCovered.pdf
22.    The World Summit on the Information Society (WSIS). Declaration of Principles.  Building the Information Society: a global challenge in the new Millennium. Document WSIS-03/GENEVA/DOC/4-E. Geneva, 12 December 2003. - http://www.itu.int/net/wsis/docs/geneva/official/dop.html
23.    UNESCO Atlas of the World’s Languages in Danger. - http://www.unesco.org/new/fileadmin/MULTIMEDIA/HQ/CLT/pdf/FlyerEndangeredLanguages-WebVersion.pdf
24.    UNESCO’s Endangered Languages Programme. http://www.unesco.org/new/fileadmin/MULTIMEDIA/HQ/CLT/pdf/FlyerEndangeredLanguages-WebVersion.pdf
25.    UNESCO Universal Declaration on Cultural Diversity. /2 November 2001 / - 
    http://portal.unesco.org/en/ev.php-URL_ID=13179&URL_DO=DO_TOPIC&URL_SECTION=201.html
26.    Universal Declaration of Human Rights. - http://www.ohchr.org/EN/UDHR/Documents/UDHR_Translations/eng.pdf
27.    Vienna Declaration and Programme of Action. - http://www.ohchr.org/EN/ProfessionalInterest/Pages/Vienna.aspx

Aqshin Mammadov
Language policy of international organizations directed towards 
ethnic minorities

While analyzing modern lingo-political processes, we can come to the conclusion that language policy has already become an important factor of international relations. In particular, higher institutions like UNO (within the framework of UNESCO), European Union  and Council of Europe keep namely the language  problems of groups  constituting minority in the world high on the agenda. In other words, ethnic minorities and their languages have started to gain official status in the international legal practice and their importance has gradually increased in recent decades.
In the article, firstly the information is given about multilingualism within the scale of UNO, and about the implemented by UNESCO projects of languages of minorities that are in danger of extinction. The process of its signage and ratification by the European Charter for Regional or Minority Languages and  the member states of the Council of Europe, in general, the experience of other countries in this regard is investigated, theoretical generalizations, comparisons are conducted and the situation related to Azerbaijan  is reviewed.

 

http://stj.sam.az/post/beyn%C9%99lxalq-t%C9%99%C5%9Fkilatlar%C4%B1n-etnik-azl%C4%B1qlara-y%C3%B6n%C9%99lik-dil-siyas%C9%99ti

Read 187 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR