Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 08 Yanvar 2018 04:57

DƏRBƏND ŞƏHƏRİNİN ƏHALİSİ XX ƏSRİN BİRİNCİ YARISINDA

Written by 

Ağasiyev İkram Kərim oğlu.

1897-ci ilin siyahıya almasına görə Dərbənddə 66,7% təşkil edən azər­baycanlı əhalinin XX əsrdə faiz etibarı ilə sayının kəskin azalması prosesi baş vermişdir. Xüsusən XX əsrin ortalarına azərbaycanlılar Dərbənd­də say etibarı ilə nəinki dominantlığı itirmiş, hətta sayca ruslardan, yəhudilərdən də geri düşmüşdür.

Qeyd etmək lazımdır ki, 100 il (1796-1897) ərzində Dərbənd şəhərinin əhalisinin sayında müşahidə olunan cüzi artım (təqribən 5 min.nəfər – İ.A.), əsasən gəlmə əhali hesabına əldə edilmişdir(ARDTA, f.24, siyahı 1, iş.21, v.44; Е.И.Козубский. История города Дербента. 1906. 468 с. c 26 рисунками. Темур-Хан-Шура «Русская типография» В.М.Сорокина 1906, s.455.).

Tədqiqatçılar da qeyd edirlər ki, Dərbənd şəhərinin təbii artım faizi çox aşağı olmuşdur və bu meyl XX əsrin əvvəllərində də qalmaqda idi. O dövrdə kişilərə 17 –yaşdan, qızlara isə 15 yaşdan nikaha girməyə icazə verilirdi (Козубский Е.И.История города Дербента…. s.455). Dərbənd əhalisinin təbii artımı məsələsinə toxunan Kozubski yazır ki, Dərbəndə subay oğlanların sayı qızların sayından təqribən 2 dəfə çox olmuşdur. Bu səbəbdən 1901 ci ildə -311, 1902-239, 1903-309, 1904-278, 1905-275- nikah qeydə alınmışdır. Doğum səviyyəsi də aşağı idi. Belə ki, 1900-cu ildə 494, 1901-686, 1902-653, 1903-687, 1904-683, 1905-687 nəfər doğulmuşdur.Müvafiq olaraq ölənlərin sayını çıxsaq, 1896-cı ildə təbii artım +42, 1897 +71, 1898—205, 1899+77, 1900-+235, 1905-+116 nəfər olmuş­dur. Kozub­skinin yazdığına görə XX əsrin əvvəllərində dul qadınların sayı dul kişilərin sayından 12 dəfə çox olmuş­dur(Козубский Е.И.История города Дербента…. s.455).

Bağ­lanan nikahların dinamikasına baxsaq görərik ki, 1905-ci ildə əhalinin sayının artımında gəlmə əhali əhəmiyyətli rol oynamışdır. Çar hökumətinin köçürmə siyasəti nəticə­sində Dərbənddə əhəmiyyətli sayda ruslar, malorus­lar (ukraynalılar), belarus­lar, litvalılar, polşalılar, ermənilər məskunlaşdırıldılar.

Dərbənd şəhərinin tarixinin tədqiqatçısı Kozubski hələ 1906-cı ildə kəndlilərin, xüsusən, Dərbənd ətrafındakı əhalinin şəhərə meyl göstərməməsini və bu halın səbəbini açıqlayaraq yazırdı ki, “xüsusən də ətraf bölgələrdə yaşa­yan müsəlman - ləzgi əhalisi ümumiyyətlə Dərbəndə köç­məyə maraq göstərmirlər.. çünki iqlim şəraiti onları qane etmir(Козубский Е.И.История города Дербента…. s.455).

Eyni sözləri o, həmçinin Dağıstanın başqa dairə­lərində yaşayan dağ yəhudilərinə də aid etmişdir. Müəllif Rusiyanın ayrı-ayrı şəhərlərindən rus-xristian əhalinin Dərbəndə köçməsini qeyd edir.

XX ərin əvvəllərində çar Rusiyasının sosial-iqtisadi həyatında baş verən proseslərlə bağlı Dərbənd şəhərinin əhalisinin etnik tərkibində bir sıra mühüm dəyişikliklər baş verdi.idi. İlk növbədə qeyd etmək lazımdlr ki, XX əsrin əvvəllərində Dərbənd şəhərinin əhalisinin say dina­mi­kasına əhalinin etnik və konfessional tərkibindəki dəyi­şik­liklərə kənd əhalisinin şəhərə, o cümlədən, Dərbəndə axını əsas təsir göstərən amil olmuşdur.

1906-cı ilin noyabrında Rusiyanın Nazirlər Şurasının sədri, A.P.Stolıpinin imzaladığı “Torpaq haqqında Dek­ret”dən sonra kənd təsərrüfatında kapitalist münasibətləri sürətlə inkişaf etməyə başladı. Təsərrüfatını kapitalizm şəraitində inkişaf etdirə bilməyənlər torpaqlarını satır, iş dalınca şəhərə yollanırdılar. Nəticədə, qonşu ləzgi kənd­lərindən də əhali Dərbənddə məskunlaşmağa başladı.

XX əsrin əvvəllərində kənd təsərrüfatı ilə yanaşı sənayenin, xüsusən də, nəqliyyatın inkişafında böyük can­lanma vardı. Yeni şosselər salınır, dəmir yolu xətləri çəki­lirdi.Vladiqafqaz-Bakı dəmir yolunun (1300 km uzun­luğunda) çəkilişi Qafqaz regionunun inkişafı üçün əhə­miy­yət kəsb etsə də, əhalinin, o cümlədən, bu vacib dəmir­yolu xəttinin üstündə yerləşən Dərbənd şəhərinin əhali­sinin etnik tərkibinin dəyişməsinə təsirsiz ötüşmədi. 1898-ci ildə Dərbənddə dəmiryolu işə salındı. Belə ki, dəmir­yolu xəttinə xidmət edə biləcək ixtisaslı kadrlar Qafqazda yetərincə deyildi və bu səbəbdən Rusiya imperiyasının velikoros quberniyalarından dəmiryol işçiləri ailələri ilə birlikdə Vladiqafqazda, Mozdokda, Dərbənddə və Bakıda yerləşdirildilər.

Kənd əhalisin şəhərə axını yalnız torpaqsızlıqla bağlı deyildi. Sənayenin inkişafı, xüsusən yerli emal müəssisə­lərinin yaranması kənd əhalisinin şəhərə köçmasinə təsir edən amillərdən idi. Yerli kəndlilər öz məhsullarını şəhər bazarlarına çıxarır, bəziləri burada ilkin emal müəssisələri də yaradırdılar.

Şəhər əhalisinin artımına otxodnicestvo hərəkatı cox təsir göstərdi.Dağıstanda otxodniçestvo daha çox yayılmışdı, çünki Dağıstanda əkinə yararlı torpaqlar çox az idi. Məsələn, 1892-ci ildə 39,9 min, 1899-cu ildə 59,1 min, 1914-cü ildə 83,3 min kəndli şəhərə çörək dalınca getmiş­dir (Изаксон Г., А.Назаревич.Дагестан, факты и цифры.Махачкала, 1920, с.113).

Mənbələrdən göründüyü kimi, XX əsrin əvvəllərində Dərbənd şəhərinin əhalisi 1897-ci illə müqayisədə 2 dəfədən artıq artmışdır - əgər 1897-ci ilin əhalinin siyahıya alınmasına görə Dərbənddə 14649 nəfər olduğu halda (Первая Всеобщая перепись населения Российской Империи 1897 г. Таблица XIII. Распределение населения по родному языку. (Губернские итоги). Т.Т.51-89. С.-Петербург: 1903-1905)., 1913-cü ildə bu rəqəm 33,6 minə çatmış­dır. Dərbənddə də əhalinin əhəmiyyətli hissəsini şəhərə çörək dalınca gələnlər təşkil edirdilər. Sonralar I Dünya Müharibəsi və Vətəndaş müahri­bəsi illərində aclıqdan əziyyət çəkən əhalinin bir qismi Bakıya, Maxaçqalaya, Qroznıya və sair .əhərlərə köç­müşdür ki, bu da əhalinin sayının azalmasına gətirmişdir.

Birinci Dünya müharibəsinin başlanması ilə Dərbənd şəhərinin əhalisin sayında azalma meylləri başladı. Şəhər­də yerləşdirilən hərbi hissələrinin döyüş bölgələrinə gön­dərilməsi, şəhərdə yaşayan müsəlman olmayan əhali­nin hərbi xidmətə çağırılması, aclıq, epidemiyalar və s. amillər nəticəsində şəhər əhalisinin sayı azalmamağa başladı.

1917-ci ilin Oktyabr çevrilişindən sonra Rusiya impe­riya­sında baş verən siyasi hadisələr - vətəndaş müharibəsi, xarici hərbi qüvvələrin müdaxiləsi və s. həmçinin əhalilnin Dərbəndi tərk edərək ətraf bölgələrdə məsknlaşmağa vadar etdi. 1920-ci ilin aprelində XI Qızıl Ordunun Dəbəndə daxil olması və burada sovet hakimiyyətinin elan olunması da şəhərin varlı təbəqəsinin — yerli burjuaziya­nın, torpaq sahiblərinin, xan və bəy nəslindən olanların, ali ruhanilərin və sadəcə olaraq Sovet hakimiyyətini qəbul etmək istəməyənlərin xaricə, xüsusən də, İrana və Türki­yəyə mühacirət etməsinə səbəb oldu.

Sovet hakimiyyətinin ilk illərində, “Ərzaq sapalağı” dövründə aclıqdan, xəstəlikdən ölənlərin sayı artdı, 1920-1922-ci illərdə baş verən aclıq minlərlə dərbəndlinin məh­vinə səbəb oldu.

1920-ci illərin ortalarında, xalq təsərrüfatının bərpa­sından sonra Dərbəndin əhalisinin sayı yenə artmağa başla­­mışdır.Ölkədə baş verən siyasi proseslər respubli­kaların əhalisinin artım dinamikasına və əhalinin etnik mənzərəsinin rəngarəngliyinə əhəmiyyətli təsir göstərdi və biz bunu 1926-cı ilin Ümumittifaq əhalinin siyahıya alın­ma­sında daha qabarıq görə bilərik (Всесоюзная перепись населения 1926 года. М.: Издание ЦУЦ Союза СССР 1928-1928. Т.9, стр.34-51. Т.10, с.9-13, т. 11, с8-17, т.14, с.6-16; т.15,с.8-13; т.16, с. 8-12; т.17, с.8-25; таблица VI население по полу, народности).

Cədvəl 1-dən göründüyü kimi, 1926-cı ilin siyahıya alınmasına görə 1921-ci ildə yaradılan və ərazisi 58156 km təşkil edən Dağıstan MSSR-da ümumən 788 098 nəfər əhali qeydə alınmışdır.   Onların 85034 nəfəri və yaxud 10,8 faizi şəhərdə, 703064 nəfəri və yaxud 89,2 faizi kənd yerlərində yaşayırdı. (Материалы Всесоюзной переписи населения 1926 года по Дагестану.Выпуск 1.Список нaселенных мест Дагестанской АССР.Издание Дагстатуправления, г.Махач-кала,1927, c.XX).

Cədvəl 1. 1926-cı ilin Ümumittfaq əhalinin siyahıya alınmasına görə Dağıstan MSSR-in əhalisinin etnik tərkibi.

                    

Milliyəti

                                         Sayı

Ümumi sayı

Şəhər əhalisi

Kənd əhalisi

Ruslar

98197

33077

65120

Ukraynalı

4126

2350

1776

Beloruslar

178

164

14

Polyaklar

460

415

45

Çex və slovaklar

20

18

2

Serblər

1

0

1

Bolqarlar

44

23

21

Latışlar

73

63

10

Litvalılar

69

62

7

Almanlar

2551

710

1841

İsveçlilər

1

1

0

Hollandlar

13

13

0

Fransızlar

10

10

0

Rumınlar

58

29

29

Moldovamlar

491

94

394

Yunanlar

82

74

8

Yəhudilər

3030

2649

381

Dağ yəhudiləri

11592

9766

1826

Mərkəzi Asiyalılar

1

1

0

Finlər

9

9

0

Estlər

33

28

5

Marilər

3

2

1

Mordva

81

42

29

Macar

3

3

0

Çuvaş

34

27

7

Tatar

2447

1139

1608

Başkir

10

5

5

Noqay

26086

36

26050

Qaraçı

195

16

179

Kalmık

108

1

107

Sart-kalmık

2

2

0

Buxaralı

1

0

1

Çinli

1

1

0

Gürcü

876

367

509

Acarlar

4

4

8

Çərkəz

18

10

8

Kabardin

30

20

10

Çeçen

21851

705

21146

İnquş

12

3

9

Ləzgi

90509

2108

88401

Tabasaran

31915

34

31881

Aqullar

7653

0

7653

Arçinlər

854

0

854

Rutullar

10333

0

10333

Tsaxurlar

3531

0

3531

Darginlər

108926

891

108035

Kubaçılar

2357

44

2313

Laklar

39878

1127

38751

Avarlar

138749

2013

136736

Andilər

7681

86

7595

Botlixlilər

3354

0

3354

Qodoberinli

1425

0

1425

Qarataylar

5305

0

5305

Axvaxlar

3677

27

3650

Baqulallar

3054

0

3054

Çamalalı

3438

0

3438

Tindilər

3812

0

3812

Didoylar

3276

0

3276

Xvarşinlər

1019

0

1019

Kopuçinlər

1447

0

1447

Xunzallar

98

0

98

Ermənilər

5923

4887

1036

Ərəblər

1

1

0

Aysorlar

3

2

1

Qaytaklar

14424

2

14422

Osetinlər

536

114

422

Kürdlər

61

47

14

Tatlar

204

0

204

Farslar

3448

2837

611

Kumıklar

87960

6544

81416

Balkarlar

7

7

0

Türklər

23428

8129

15299

Osmanlı türkləri

260

26

234

Türkmənlər

1459

6

1453

Qırğızlar

7

7

0

Başqa xalqlar

127

54

73

Tavlinlər

636

365

271

Başqaları

169

61

108

Cəmi: SSRİ vətəndaşları

784047

81360

702687

Xaricilər

4051

3674

377

Bundan savayı Dağıstanda qeydiyyatda olub başqa respublikalara iş dalınca gedənlər 33697 nəfər təşkil etmişdilər ki, onların da sayı ümumi saya düşməyib (Материалы Всесоюзной переписи населения 1926 года по Дагестану.Выпуск 1.Список нaселенных мест Дагестанской АССР.Издание Дагстатуправления, г.Махач-кала,1927, c.XX).

Siyahıya alınma 1926-cı ilin yanvar ayında aparılmış və siyahıyaalma ilə bağlı yaradılan komissiyanın öz qəna­ətinə görə, müəyyən dağ aullarına getmək mümkün olma­dığından bəzi yaşayış məntəqələribu prosesdən kənarda qalmış və yaxud onlarınəhalisinin sayı təqribi qeydə alınmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, 1926-cı ildə Dağıstan MSSR- Dağıstan MSSR - Dağıstan MSSR-nin əhalisi göstərilən son nəticədən bir qədər artıq olmuşdur. 1926-cı ildə Dağıstanda 75 xalqın, etnik qrupun sayı qeydə alınmışdır ki, onlardan da ən coxsaylı avarlar, darginlər, ləzgilər, kumiklar, ruslar olmuşdur. Adı çəkilən xalqların hər birinin sayı 80 mindən artıq olmuşdur. Laklar (39,8 min) tabasaranlar (31,9 min) noqaylar (26, 86 min) da əhəmiyyətli çəkiyə malik idi.

1926-cı ildə Dağıstan MSR-də 23428 türk (azərbay­canlı-İ.A) yaşayırdı.(Материалы Всесоюзной переписи населения 1926 года по Дагестану.Выпуск 1.Список нaселенных мест Дагестанской АССР.Издание Дагстатуправления, г.Махач-кала,1927, c.XX).

Cədvəl 2 – dən göründüyü kimi, 1926-cı ildə Dərbənd, mərkəz Maxaçqaladan sonra Dağıs­tanın ikinci ən çox əhalisi olan şəhəri idi. Azərbaycanlılar 1926-cı il siyahıyaalınmasında “türk” adı ilə göstərilmişlər və onlar Dağıstan MSSR-nin sayca 9-cu xalqı idi idi. Ümumi sayı 23428 nəfər olmuşdur. Dağıstanda yaşayan Azərbaycanlı əhalinin böyük hissəsi Dərbənd dairəsi və Dərbənd şəhərində yaşayırdılar.

Cədvəl 2. 1926-cı ilin Ümumittfaq əhalinin siyahıya alınmasına görə Dağıstan MSSR –nın şəhər əhalisinin sayı (Материалы Всесоюзной переписи населения 1926 года по Дагестану.Выпуск 1.Список нaселенных мест Дагестанской АССР.Издание Дагстатуправления, г.Махач-кала,1927, c.XII).

.

Şəhərlər

kişi

qadın

Ümumi sayı

Maxaçkala

16580

15420

32000

Dərbənd

11617

11480

23097

Buynaks

6133

4790

10923

Kizlyar

4625

4901

9526

Xasavyurt

3571

3317

6888

Pyotr-Qafqazskiy

782

770

1552

Daqoqni

724

324

1048

Cəmi:

44032

41002

85034

1926-cı ildə Dağıstan MSSR 14 dairədən ibarət idi və onlardan biri də Dərbəd dairəsi idi. Bu dairə Dağıstan ərazisinin cəmi 2%-ni təşkil edirdi (Материалы Всесоюзной переписи населения 1926 года по Дагестану.Выпуск 1.Список нaселенных мест Дагестанской АССР.Издание Дагстат­управления, г.Махач-кала,1927, c.XX), əhalisinin sayına görə çox önəmli dairələr sırasına daxil idi.1926-cı ildə Dərbənd dairəsində 1 şəhər, 2 şəhər tipli qəsəbə, 30 kənd, 10 xutor, 1 qəsəbə, 5 kazarma, 7 dəmiryolu stansiyası, 3 budka, 2 kolxoz, 15 balıqçı məntəqəsi, 4 kiçik qəsəbə qeydə alınmışdı (Материалы Всесоюзной переписи населения 1926 года по Дагестану.Выпуск 1.Список нaселенных мест Дагестанской АССР.Издание Дагстатуправления, г.Махач-кала,1927, c. XVIII).

Dairənin əhalisinin ümumi sayı 44624 nəfər olmuşdur ki, bu da Dağıstan əhalisinin 5,6% -i demək idi. Dərbənd dairəsində yaşayan əhalinin 20479 nəfəri kənddə, 24145 nəfəri isə şəhərdə - yəni Dərbənd şəhərində yaşayırdı (Материалы Всесоюзной переписи населения 1926 года по Дагестану.Выпуск 1.Список нaселенных мест Дагестанской АССР.Издание Дагстатуправления, г.Махач-кала,1927, c. XIX- XX). Ümumiyyətlə, Dağıstan MSSR-in əhalisinin 10,8%, yəni 85034 nəfəri şəhərdə, qalanları kənd­də yaşayırdılar. Beləliklə, Dağıstanın şəhər əhalisinin 28,4 faizi təkcə Dərbənddə cəmləşmişdi. 1926-cı ildə Dərbənd dairəsinin əhalisi 20479 nəfər qeydə alınıb. Apar­dığımız hesablamalar göstərdi ki, azərbaycanlılar Dərbənd dairəsində 14496 nəfər təşkil etmişdir ki, bu da ümumi əhalinin 77%-i demək idi.

Cədvəl 3. 1926-cı ilin Ümumittfaq əhalinin siyahıya alınmasına görə Dərbənd şəhərinin əhalisinin etnik tərkibi (Материалы Всесоюзной переписи населения 1926 года по Дагестану.Выпуск 1.Список нaселенных мест Дагестанской АССР.Издание Дагстатуправления, г.Махач-кала,1927, c.XX).

.

Milliyəti

kişi

qadın

Ümumi sayı

Türklər

3842

3989

7831

Dağ yəhudiləri

3152

3445

6597

ruslar

2730

2769

5499

Ləzğilər

502

366

868

Ermənilər

424

388

812

farslar

263

169

432

Başqaları, o cümlədən dağıstanlılar

704

196

354

77

1058

273

Ümumilikdə:

11617

11480

23097

1926-cı ilin əhalinin siyahıya alınmasında biz Dərbənd şəhərində 23097 nəfər əhalinin yaşadığını görürük (bax. Cədvəl 3). Beləliklə, 1913-cü illə müqayisədə 1926-cı ildə Dərbənd əhalisi 10,5 min nəfər azalmışdır.Əhalinin etnik tərkibinə gəldikdə yenə Azərbaycan türklərinin ən çoxsaylı etnik toplum olduğunu görürük—7831 nəfər. Azərbaycanlılardan sonra dağ yəhudiləri (6597) və ruslar (5499) gəlirlər.Yerdə qalanları ləzgilər (868), ermənilər (812), və 1058 nəfər müxtəlif millətlərin nümayəndələri təşkil edirlər.(Материалы Всесоюзной переписи населения 1926 года по Дагестану.Выпуск 1.Список нaселенных мест Дагестанской АССР.Издание Дагстатуправления, г.Махач-кала,1927, c.XX).

1897-ci ildə Dərbənd şəhərinin əhalisinin ümumi payında 66,7 faiz təşkil edən azərbaycanlılar artıq 1926-cı ildə şəhər əhalisinin təqribən 34 faizini təşkil edirdilər. əgər 1897-ci ilin məlumatları ilə 1926-ilin göstəricilərini müqayisə etsək rusların, ermənilərin və dağ yəhudilərinin sayının artdığını müşahidə edərik. Belə ki, ermənilərin sayı 191 nəfər, dağ yəhudilərinin sayı 4564 nəfər və rus­ların sayı 4407 nəfər artmışdır. Vətəndaş müharibəsi illərində Dağıstanın bir çox yerlərində yaşayan dağ yəhu­diləri Dərbəndə köçdülər. Belə ki, 1926-cı ildə Dərbənddə 6600, 1939-cu ildə—6200, 1959-cu ildə isə—11800 dağ yəhudisi qeydə alınmışdı.

Azərbaycanlıların sayı isə 9767 nəfərdən 7831 nəfərə enmiş, yəni 1936 nəfər azalmışdır. Əgər mənbələri təhlil etsək bu halın yaranmasının həm obyektiv, həm də subyektiv səbəblərlə bağlılığını görərik. Təbii ki, çar Rusiyası tərəfindən işğal edildikdən sonra(1806) Dərbənd şəhəri, strateji məntəqə kimi çar hökümətinin daim diqqətində olmuşdur və şəhərdə çarizmə sadiq olan etnik-konfessional dayağın formalaşdırılmasına xüsusi diqqət yetirilirdi. Bunun nəticəsi idi ki, zaman-zaman şəhər əhalisinin etnik tərkibində slavyan-xristian elementinin çəkisi artmaqda davam edirdi. Dağıstanda yaşayan yerli xalqların (ləzgilərin, kumıkların və s.) şəhərdə məskun­laşması isə obyektiv iqtisadi proseslərin nəticəsi idi. Bir fakta da toxunmağa ehtiyac var. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti azərbaycanlıların milli identikliyini bərpa etdi və xalqa öz tarixi adı— türk adı qaytarıldı və 1926-cı ilin əhalinin siyahıya alınmasında azərbaycanlılar məhz “türk” adı altında göstərilmişdir. Milli identiklikdə baş verən dəyişikliklər, “tatar”, “adder­bay­cantsı”,”Qafqaz tatarları” və s. kimi adların istifadədən çıxaraq “türk” adı ilə əvəz olunması Dərbəndin türkdilli əhalisi arasında müəyyən çaşqınlığa və milli mənsu­biyyətini tam dərk etməyənlərin səhvən öz etnik mənsu­biyyətini “fars”, “dağ yəhudisi”, “tat”, “tatar” kimi göstər­məsinə səbəb olmuşdur. Ümumiyyətlə götürdükdə, XX əvvəllərində baş verən proseslər-iqtisadi yüksəliş, urbani­za­siya proseslərinin güclənməsi, siyasi kataklizmlər Dər­bənd şəhərinin əhalisinin etnik tərkibində elə dəyişik­liklərə gətirdi ki, bu şəhərdə azərbaycanlıların etnik domi­nantlığına son qoyuldu və sonrakı illərdə bu dominant­lığı bərpa etmək mümkün olmadı. Biz bunu SSRİ dövründə keçirilən növbəti - 1939-cu ilin əhalinin siyahıya alın­masının nəticələrində də görürük. 1939-cu ilin siyahıya alınmasına görə Dağıstan MSSR- da 930416 nəfər əhali yaşayırdı ki, azərbaycanlılar 31141 nəfər təşkil edirdilər(http://demoscope.ru/weekly/ssp/rus_nac_39.php?reg=63. Источник: РГАЭ РФ (быв. ЦГАНХ СССР), фонд 1562, опись 336, ед.хр. 966-1001 (Разработочная таблица ф. 15А. Национальный состав населения по СССР, республикам, областям, районам).

1926-cı illə müqayisədə əhalinin sayı Dərbənddə 11 min artmışdır. Tarixində ilk dəfə olaraq 1939-cu ildə Dərbənd şəhərinin ən çoxsaylı etnosu kimi gəlmə ruslar qeydə alınmışdır. Belə ki, onların sayı artıq 11,2 min təşkil edirdi ki, bu da şəhər əhalisinin 32,9 faizi demək idi(Ибрагимов М-Р. Динамика численности и этнического состава Дербента в XIX веке./ AMEA-nın Tarix İnstitutu. Elmi əsərlər,Xüsusi buraxılış, 2012/40,s.352-353).

Müqa­yisə üçün qeyd edək ki, 1897-ci ildə Dərbənddə təqribən 7 faiz təşkil edən rusların sayı 42 il ərzində 4,5 dəfədən də çox artmışdır. Dərbənddə rusların sayının sürətli artımının yalnız təbii artımla deyil, həm rus əhalisinin bura köçməsi, həm də başqa xalqların (belo­rusların, ukraynalıların, polyakların, avropalı yəhu­dilərin) ruslaşması ilə izah etmək olar.  

Azərbaycanlılar 1939-cu ildə Dərbənd əhalisinin 25,5 faizini təşkil edirdilər və bu o demək idi ki, onların sayı 8,7 min təşkil edirdi. Ruslar və azərbaycanlılardan sonra Dərbənddə ən çoxsaylı etnik qrup dağ yəhudiləri (6,2 min) olmuşdur.1926-cı illə müqayisədə (6,6 min) onların sayın­da azalma müşahidə olunsa da, onlar yenə də əhə­miy­yətli pay təşkil edirdilər.1933-cü ildə Dərbənd ətra­fında 30 kolxoz yaradılmışdı və burada tat-yəhudilər çalışırdılar. 1935-ci ildə Dərbənddə 2 orta məktəb, yəhudi pedoqoji texnikumu, xalçaçılıq texnikumunun yəhudi filialı, yəhudi klubları fəaliyyət göstarirdi.Sonralar,1948-ci ildə yəhudi məktəbləri bağlandı, tat-yəhudi dillərində dərslər qadağan edildi.

           1930-cu illərdə Dərbənd şəhərinə ətraf kəndlərdən ləzgilərin köçü bir qədər sürətləndi ki, nəticədə 1939-cu ildə onların sayı Dərbənddə 1700 nəfərə çatdı ki, bu da 1897-ci illə müqayisədə(131 nəfər) 13 dəfə artım demək idi (Ибрагимов М-Р. Динамика численности и этнического состава Дербента в XIX веке./ AMEA-nın Tarix İnstitutu. Elmi əsərlər,Xüsusi buraxılış, 2012/40,s.352-353).

1940-cı illərdə Dərbənd əhalisinin tərkibində kumık­ların sayı sürətlə artdı və onlar şəhər əhalisinin 21,7% təşkil edirdilər (Статистико-экономический справочник по Дагестанской АССР, Ростов-на- Дону, 1933, стр. 204—205). Səbəb nə idi? Bəlkə də müharibənin ku­mık­ların yaşadığı ərazilərə yaxınlaşması, onların cənu­ba - Dərbəndə miqrasiya etməsi.

İkinci Dünya Müharibəsindən sonra Dərbənd əhali­sinin sayı sürətlə artdı və 1915-ci ilin səviyyəsini 23 min ötüb keçdi. 1959-cu ildə şəhərdə artıq 56,0 min əhali yaşayırdı. Əhalinin milli tərkibində də mühüm dəyişik­liklər baş verdi. Şəhərin əsas əhalisini ruslar təşkil edir­dilər-26,1%. Ruslardan sonra azərbaycanlılar-25,3%, dağ yəhudiləri-21,1%, ləzgilər-11,6 %, yerdə qalan millətlərin nümayəndələri-12,9 % təşkil edirdilər (Ибрагимов М-Р. Динамика численности и этнического состава Дербента в XX в s.352-353).

1959-cu ilin əhalinin siyahıyaalınmasında artıq Dağıs­tan MSSR əhalisinin 1062472 nəfərə çatdığını və azərbay­canlıların 38224 nəfər təşkil etdiyini görürük (Волкова Н.Г.Изменения в национальном составе городского населения Северного Кавказа…c.48.// http://journal.iea.ras.ru /archive/1960s/196 5 /Volkova_1965.pdf.)

Beləliklə, 1926-cı illə müqayisədə 1959-cu ildə azər­bay­canlıların payı 33,9 %-dən 25,3%-ə endi. Baxma­yaraq ki, azərbaycanlıların sayı 1926-cı illə müqayisədə 6,4 min artmışdı. Bu tendensiya həmçinin ermənilərə, ukraynalı­lara, dağ yəhudilərinə də aid idi, baxmayara ki, onların da sayında azalma müşahidə olunmamışdı. Adı çəkilən millətlərin payının azalması sadəcə olaraq rusların və yerli Dağıstan xalqlarının sayının sürətli artımı fonunda baş verirdi. Belə ki, 1959-cu ildə Dağıstan xalqları ümumilik­də artıq Dərbənd əhalisinin 41,9 % təşkil edirdilər. 1959-cu ilin siyahıya alınmasına görə Dərbənddə artıq 5 min ləzgi yaşayırdı. Qeyd edək ki, 1926-cı ildə bu rəqəm 868 nəfər olmuşdu. (Волкова Н.Г.Изменения в национальном составе городского населения Северного Кавказа…c. 48. // http://journal.iea.ras.ru /archive/1960s/196 5 /Volkova_1965.pdf.) . (ARDI VAR).

İKRAM KƏRİM OĞLU

AĞASİYEV

1963-cü il oktyabrın 18-də Şəki rayonun Biləcik kəndində anadan olmuşdur. 1988-ci ildə Ukraynada Volın Dövlət Universi­tetinin «Tarix» fakül­təsini fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildən Ukrayna Milli Elmlər Akademiyasının Tarix İnsti­tu­tu­nun dis­ser­tantı olmuşdur. O, 1992-1995-ci illərdə Volın Dövlət Uni­ver­­si­te­ti­nin aspi­ran­tura­sı­nın əyani şöbəsini mü­vəf­fə­qiy­yətlə bitir­dik­dən sonra Krasnoyarsk Dövlət Pedaqoji Universitetində işlə­miş­dir. 1999-cu ildə Krasnoyarsk Dövlət Peda­qo­ji Universitetinin Dissertasiya Şura­sında namizədlik dis­ser­tasiyasını mü­­dafiə etmiş, tarix elmləri namizədi elmi dərəcəsini qazanmışdır.

İ.K.Ağa­si­yev 2003-cü ildə Vətənə-Azərbaycana qayıtmış, 2003­-cü ildən 2016-cı ilədək Bakı Biznes Universitetinin «Hu­ma­ni­tar elmlər» kafed­rasının dosenti, həmçinin Universitetin Elmi Şu­ra­­sının elmi katibi vəzifəsində çalışmışdır.2016-cı ildən AMEA-nın A.A. Bakıxa­nov adına Tarix İnstitutunda “Dərbənd tarixi” bölmə­sinin müdiri  vəzifəsindədir.  

2012-ci ildə Qafqazda mövcud olmuş alman koloniya­larının tarixi mövzusunda doktorluq dissertasiya­sını müda­fiə etmiş, tarix üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Bu günə qədər postsovet məkanında yaşamış alman əhalisinin tarixinə həsr olunmuş 95 elmi işin müəllifidir ki, onlardan 31-i xaric­də, o cümlədən 2 monoqrafiyası Almaniyada, 1 monoqrafiyası Türkiyədə dərc edilmişdir. 1 dərslik, 2 dərs vəsaitinin və 17 tədris proqramının müəllifidir. 2015-ci ildə Ukrayna tarixinə dair dərs vəsaiti Ukraynada çap edilmişdir.

Read 293 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR