Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə, 27 Dekabr 2017 05:09

Əbdürrəhim bəy Haqverdiyevin diplomatik fəaliyyəti

Written by 

Vilayət QULİYEV

Azərbaycan Cümhuriyyətinin tarix səhnəsinə gəlişi xalqını və vətənini sevən yaradıcı ziyalıların ən böyük arzusunun çin olması demək idi. 1918-ci il mayın 28-dən sonra onların çoxu milli hökumətə həm sözü, həm də əməli fəaliyyəti ilə bacardıqları qədər faydalı olmaq, xidmət etmək yolunu seçmişdi.

Qocaman yazıçı və maarif xadimi Sultan Məcid Qənizadə, ilk ədəbiyyat tarixçimiz Firudin bəy Köçərli, türkçülük ideyasının atəşin tərəfdarı Əhməd Ağaoğlu, şair və nasir Hacıkərim Sanılı və b. Azərbaycan Məclisi-Məbusanının (Parlament) üzvü idilər. Türkçülüyün “babası” Əli bəy Hüseynzadə üçrəngli bayrağımızın ideya müəllifi və ilk dizayneri kimi tanınmışdı.

Rusdilli Azərbaycan jurnalistikasının fəal nümayəndələrindən Mirzə Şərif Mirzəyev Mətbuat Baş İdarəsinin rəisi, Cəmo bəy Hacınski Parlamentin  üzvü idi.

Üzeyir Hacıbəyli Azərbaycan himninin musiqisini bəstələmişdi;  vətənpərvərlik ruhlu hərbi marşlar, milli hakimiyyətin mövqeyini müdafiə edən məqalələr yazırdı. Eyni zamanda, ana dilində nəşr olunan rəsmi  hökumət qəzetinin -  “Azərbaycan”ın  mühərriri (redaktoru) və əsas müəlliflərindən biri idi.

Gənc şair Əhməd  Cavad dövlət himninin sözlərini yazmışdı. Ondan da gənc olan Cəfər Cabbarlı milli dövlətçilik, türkçülük və cümhuriyyətçilik ideyasının qızğın tərəfdarı, “Müsavat” partiyasının fəal üzvü kimi tanınırdı.

Adının siyasət adamları ilə bir  sırada çəkilməsi ilk baxışdan qeyri-adi görünən Hüseyn Cavid 1919-cu ildə qurulmuş Araz Türk Respublikasının rəsmi heyətinin üzvü kimi Naxçıvandan Bakıya gəlmişdi (Rəsmi hökumət orqanı - rus dilində nəşr edilən “Azərbaycan” qəzeti 9 mart 1919-cu il tarixli 52-ci sayında  missiyanın tərkibinə “Bakı əhalisinə pedaqoji fəaliyyəti ilə yaxşı tanış olan populyar dramaturq və şair Hüseyn Cavid əfəndinin də daxil olduğunu” xüsusi vurğulamışdı). Bu hökumətin (və təbii ki, müstəqil Azərbaycan dövlətinin) yerlərdəki idarəçilərindən  birini - yazıçı, tərcüməçi Əli Səbri Qasımovu  1970-ci illərin sonunda Azərbaycan Yazıçılar İttifaqında dəfələrlə gördüyümü indi də qeyri-adi hadisə kimi xatırlayıram. Təbii ki, o zaman Azərbaycan Cümhuriyyəti haqqında heç bir təsəvvürüm yox idi. Sadəcə, bizim günlərdə dövrün sənədlərində bu balaca boylu qocanın  adına rast gələndə onun nə qədər qeyri-adi bir ömür yolu keçdiyi barədə düşündüm...

Ədəbiyyat xadimlərinin, söz adamlarının bəziləri isə diplomatiya sahəsini seçmişdilər. Məşhur “Can yanğısı” povestinin müəllifi kimi tanınan Qori məzunu Abdulla bəy Cübhanverdixanov (ədəbi təxəllüsü Divanbəyoğlu) Cümhuriyyətin xarici işlər nazirliyinin dəftərxanasına rəhbərlik etmişdi. Yusif Vəzir Çəmənzəminli əvvəlcə Polşa və Ukraynada (yaranmış vəziyyətə görə xidmət yerinə gedə bilməmişdi), sonra isə Osmanlı imperiyasında diplomatik nümayəndə olmuşdu. Nəhayət “odlu nöqtələrdə” - Şimali Qafqaz Dağlılar Respublikası və Azərbaycanla permanent müharibə vəziyyətində olan Ermənistanda diplomatik təmsilçilik vəzifəsi görkəmli yazıçı və dramaturq, həmin dövrdə milli teatr və ədəbiyyatın canlı klassiklərindən biri kimi tanınan Əbdürrəhim bəy Haqverdiyevə tapşırılmışdı.

Əbdürrəhim bəy özü 1932-ci ildə qələmə aldığı müxtəsər tərcümeyi-halında həyatının sovet ideologiyası baxımından o qədər də “xoş” olmayan bu dövründən söz açaraq  yazırdı:  “1919-cu sənədə müsavat hökuməti məni Bakıya çağırıb Dağıstana göndərdi. Orada mənim işləməyim Denikinə xoş gəlməyib onun əmri ilə 24 saatda Bakıya sürgün olundum. Bakıda bir az qaldıqdan sonra Ermənistana göndərdilər. Lakin orada mənim hərəkətim hökumətin xətti-hərəkətinə müğayir gəldikdən və Xan Xoyski ilə uzun-uzadı mübahisədən sonra istefa verdim”.

Tərcümeyi-hal “böyük terrordan” bir neçə il əvvəl yazılsa da, Əbdürrəhim bəyin söz və ifadələri son dərəcə diqqətlə seçdiyi göz önündədir. Məsələn, çox güman, bilərəkdən “Cümhuriyyət”, yaxud “Cümhuriyyət hökuməti” deyil, o dövrdə artıq bolşevik təbliğatının şablonlaşdırdığı “müsavat hökuməti” ifadəsindən istifadə edir. Dağıstanda, yaxud Ermənistanda hansı vəzifəni daşıdığını, ora nə üçün göndərildiyini açıqlamır. Fətəli xanın adını çəksə də, onun xarici işlər naziri, özünün isə həmin nazirliyin əməkdaşı olduğunu nəzərə çarpdırmamağa çalışır.

Ə.Haqverdiyev ictimai fəaliyyətə və dövlət qulluğuna gənc yaşlarından başlamışdı. 1904-cu ildə doğulduğu Şuşanın şəhər idarəsinə (“uprava”) seçilmiş, başqa sözlə desək, şəhər idarəçiləri arasında yer almışdı. 1906-cı ildə Birinci Dövlət Dumasına  seçkilərdə Yelizavetpol quberniyasının sakinləri onu öz vəkilləri kimi Peterburqa göndərmişdilər. 1917-ci il fevral inqilabına qədər səmərəli ədəbi-mədəni fəaliyyətlə bir sırada müxtəlif qurumlarda məmur kimi də çalışmışdı.  İnqilab ərəfəsində Tiflisdə Şəhərlər şurası adlı təşkilatın rus dilində çıxan mətbu orqanının baş redaktoru idi. 1917-ci ilin martında Xüsusi Zaqafqaziya Komissarlığı hökuməti onu öz komissarı sifətində Gürcüstan azərbaycanlılarının kompakt yaşadığı Borçalı qəzasına, Şulaver qəsəbəsinə göndərmişdi. Gürcüstanın müstəqilliyi elan olunandan sonra isə soydaşları tanınmış həmvətənlərini  gürcü parlamentinə seçmişdilər.

Cümhuriyyət hökuməti Əbdürrəhim bəyi yeni qurulan xarici işlər nazirliyi sistemində çalışmaq üçün Tiflisdən Bakıya çağırmaqla düzgün seçim etmişdi. Çünki diplomatik təyinat baxımından yetərincə uğurlu namizəd idi. Geniş erudisiyası, Şərqə və Qərbə hərtərəfli bələdliyi, kübar görünüşü və ədaları, rus və fransız dillərini mükəmməl bilməsi, siyasi proseslərdən yaxşı baş çıxarması onu səfir kimi istənilən Avropa ölkəsinə göndərməyə imkan verirdi. Lakin hələlik heç bir dövlətin rəsmən tanımadığı Azərbayan Cümhuriyyəti böyük Avropa siyasətinə can atmaqla bir sırada ilk növbədə və daha çox qonşularla münasibətləri nizama salmalı, münaqişələri aradan qaldırmalı, rəqibləri müttəfiqə çevirməyi bacarmalı idi. Bir sözlə, dünya miqyasına çıxmağın yolu regionda tanınmaqdan və nüfuz sahibi olmaqdan, ən başlıcası isə özünü, milli maraqlarını qorumaqdan, təbliğ etməkdən  keçirdi. Bu isə ilk növbədə regionda işlək diplomatik mexanizm qurmağı zərurətə çevirirdi.

 Ə.Haqverdiyevin diplomatik nümayəndə kimi göndərildiyi Dağlı Respublikası geostrateji nöqteyi-nəzərdən Azərbaycan üçün müstəsna əhəmiyyətə malik idi. Qafqazda birincilər sırasında -1917-ci ilin dekabrında müstəqilliyini elan etmiş bu tanınmayan dövlət qurumu Azərbaycanla Rusiya (siyasi sistemin mahiyyətindən asılı olmayaraq) arasında bufer zona və təhlükəsizlik zolağı idi.

Azərbaycan hökuməti Ə.Haqverdiyevin diplomatik nümayəndə təyin olunması ilə əlaqədar Dağlı hökumətinə çox güman ki, 1919-cu ilin yanvarında müraciət etmişdi. Çünki həmin il fevralın əvvəlində Dağlı Respublikası Nazirlər Şurasının sədri vəzifəsini icra edən knyaz Nuhbəy Tarkovskinin imzası ilə Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri və xarici işlər naziri Fətəli xan Xoyskiyə göndərilən məktubda hökumətinin təyinata hər hansı etirazının olmadığı bildirilirdi. Yəni müasir terminologiyaya çevirsək,  aqremanına müsbət cavab verilmişdi.

Həmin razılıq əsasında Ə.Haqverdiyev 1919-cu il fevralın 25-də Azərbaycanın Dağlı Respublikasında diplomatik nümayəndəsi təyin olunmuşdu. Xarici işlər naziri F. Xoyski və nazirliyin dəftərxana rəisi A. Sübhanverdixanovun imzası ilə ona aşağıdakı məzmunda diplomatik xidmət vəsiqəsi verilmişdi: “Bu sənədin sahibi Əbdürrəhman  bəy (yanlış getmişdir - V.Q.) Haqverdiyev Qafqazın Dağlı Xalqları Respublikasında Azərbaycan Cümhuriyyəti hökumətinin diplomatik nümayəndəsi təyin olunub və təyinat yerinə - Temirxanşura (indiki Buynaksk -V.Q.) şəhərinə gedir. Azərbaycan Cümhuriyyətinin xarici işlər nazirliyi müvafiq hakimiyyət dairələrindən səfər zamanı ona hər cür kömək göstərməyi və sərhəd məntəqələrində gömrük rüsumundan  azad etməyi xahiş edir”.

Xarici işlər nazirliyinin 15 aprel 1919-cu il tarixli 2 saylı sirkulyarına əsasən Nəsib bəy Yusifbəylinin yeni hökumət qurduğu həmin dövrdə artıq 7 diplomatik nümayəndəlik fəaliyyət göstərirdi  ki, onlardan biri də Dağlı Respublikasında idi. Bu sənəddə Ə.Haqveridiyevin xidmətə başlama tarixi 11 fevral kimi göstərilmişdi. Çox güman, bu müddət aqremanın alınmasından hesablanmışdı.

Ə.Haqverdiyev Dağlılar Respublikasına son dərəcə çətin və mürəkkəb vaxtda göndərilmişdi. 1919-cu ildə Könüllü ordunun Dağıstana doğru irəliləməsi və bir sıra yaşayış məntəqələrini öz nəzarəti altına götürməsi müstəqil dağlı dövlətinin mövcudluğunu böyük sual altında qoymuşdu. Hadisələrin belə şəkil alması təbii ki, Azərbaycanda da ciddi həyəcan və əndişə doğurmuşdu. Məclisi-Məbusanın (Parlament) 6 mart tarixli iclasında Şimali Qafqazdakı vəziyyət xüsusi müzakirə mövzusuna çevrilmişdi. İclasda Müsavat fraksiyası adından danışan M.Ə.Rəsulzadə Azərbaycan və dağlı xalqlarının tarixi taleyinin və müstəqillik mübarizəsinin biri-biri ilə sıx bağlı olduğunu, hər iki ölkəyə qarşı yönələn təhlükənin də eyni mənbədən qaynaqlandığını göstərərək demişdi: “Biz bilirdik ki, düşmən ordusu “qəlyanaltısı”nı Dağıstanda eləsə, “naharını” Bakıda yeyəcəkdir. Ona görə də bütün millət və məclis  bir tək vahid kimi var qüvvəsi ilə çalışıb bu qara qüvvə qarşısında dayanmalıdır. Və dağıstanlı qardaşlarımıza deməliyik ki, buraxmayın o qara qüvvəyi, qoymayın o istibdadı gəlsin, müharibə edin! Biz də sizinlə varıq!”

Uzun illər Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin inspektoru olmuş Məclisi-Məbusan üzvü S.M.Qənizadə də çıxışında tək Dağıstanın deyil, Azərbaycanın da istiqlalı naminə bu çətin günlərdə dağlı xalqları ilə birlikdə olmağın, birgə mübarizə aparmağın vacibliyini vurğulamışdı: “Çünki onlara vurulan zərbə bizim ciyərimizə və ürəyimizə dəyən kimidir. Onlar ayrı, biz ayrı deyiliz. Xudanəkərdə, Dağıstana bir tələfat olarsa, bizə olmuş kimidir. Bir az fasilə ilə onların başına gələn bizim də başımıza gələ bilər. Bu Azərbaycan bayrağının bir ucu Dağıstan hökumətinin çiynindədir. Onlar yıxılar isə  bizim bayrağımız da yıxılar”.

Parlamentin iclasına qatılan baş nazir F.Xoyski hökumətin müzakirəyə çıxarılan məsələyə münasibətini belə açıqlamışdı: “... bir millət o birinin ixtiyarının əlindən alınmasına aşkardır ki, bitərəf baxa bilməz. Aşkardır ki, Dağıstan hökumətinə dəyən zərbə bizə dəymiş kimidir. Mən bizim hökumət və parlamentimizin Dağıstan hökumətinə kömək edəcəyini onların səfirinə xəbər verdim. Azərbaycanın nə hökuməti, nə də parlamenti qoymayacaqdır onların hüququ tapdalansın. Var qüvvəmizlə onlara kömək edəcəyik”.

Martın 10-da Təzəpir məscidinin həyətində Dağıstan müsəlmanları ilə kütləvi həmrəylik mitinqini keçirilməsi Parlamentdə edilən çağırışların xalqın ürəyindən səs verdiyini göstərirdi. Belə bir şəraitdə Azərbaycan Cümhuriyyətinin diplomatik nümayəndəsinin Dağlı Respublikasına göndərilməsi təkcə millətin iradəsinin yerinə yetirilməsi deyildi, həm də işğalçı Könüllü orduya və qara niyyətlərində ondan geri qalmayan bolşeviklərə açıq mesaj idi..

A.Haqverdiyevin xarici işlər naziri M.Y.Cəfərova “məxfi”qrifi ilə göndərdiyi məlumatdan onun  Temirxanşuraya martın 28-də çatdığı, martın 30-da isə dağlı dövlətinin hökumət başçısı ilə görüşərək etimadnaməsini təqdim etdiyi məlum olur. Lakin maraqlıdır ki, o, diplomatik nümayəndə kimi Bakıya ilk məlumatını elə təyinat yerinə gəldiyi gün - martın 28-də yola salmışdı. Burada Denikinin Şimali Qafqaz ərazisində Könüllü ordu hissələri ilə yerli özünümüdafiə dəstələri arasında baş vermiş qarşıdurmadan bəhs edilmişdi. İlk tanışlıq və təmaslardan aydın olmuşdu ki,  dağlılar düşdükləri çətin vəziyyətdə yeganə etibarlı qüvvə kimi Azərbaycana arxalanır və bu səbəbdən də onun nümayəndəsini səbirsizliklə gözləyirlər;  odur ki, Şimali Qafqaz Dağlı Respublikasının baş naziri, kabardin əsilli ictimai-siyasi xadim Pşemaxo Kotsevin (1884-1962) Əbdürrəhim bəyi gəldiyi gün qəbul etməyə imkan tapmadığı üçün üzrxahlıq bildirməsində qeyri-adi heç nə yox idi... Geniş fikir mübadiləsi ilə səciyyəvi olan görüş martın 30-da baş tutmuşdu.

Martın 31-də isə artıq rəsmi diplomatik nümayəndə kimi fəaliyyətə başlayan Ə.Haqverdiyev hökumətin bütün nazirləri ilə nəzakət görüşündə olmuş, dağlı İttifaq Şurasının (Parlament) iclasında iştirak etmişdi. İştirakçılar onun şəxsində Azərbaycan dövlətini və hökumətini uzun-uzadı alqışlamışdılar. “İttifaq Şurasında ziyalı qüvvələr çox azdır, - deyə Ə.Haqverdiyev öz ölkəsinin XİN-nə yazırdı: - Üzvlərin çoxu ya ruhanilər, ya da var-dövlətlərinə, qohumluq əlaqələrinə görə cəmiyyətdə nüfuz sahibi sayılan insanlardır. Amma onları heç bir halda siyasi xadim hesab etmək  olmaz. Siyasi partiyalar  yoxdur, yalnız milli əlamətlərə görə yaranan fraksiyalar var: məsələn, çeçenlər, inquşlar, kumıklar və b. İttifaq Şurasının indiki tərkibi təsadüfidir. Seçki keçirmək isə mümkün deyil; əvvəla pul yoxdur, ikincisi də Çeçenistanda və Tersk əyalətində baş verən hadisələr buna imkan vermir”.

Dağlılar arasında keçirdiyi ilk günlərdən Ə.Haqverdiyev onların yenidən Rusiya işğalına uğramamaq, eləcə də iqtisadi sabitlik və mənəvi əlaqələr baxımından Bakıya meylli olduqlarını hiss etmişdi: “... bir sıra nüfuzlu dairələrdə Azərbaycanla birləşmək tendensiyası nəzərə çarpır. Eyni fikri bu gün yanıma gələn hərbi nazirin müavini general Xəlilov da açıq ifadə etdi” - deyə məlumatda daha sonra yazırdı. Bu cəhət Dağıstanı, ümumən bütün Qafqazı yenidən Rusiyanın tərkibinə qaytarmaq iddiası ilə savaş açan çar generalı A.İ.Denikinin də diqqətindən yayınmamışdı. O, özünün çoxcildli “Rus qarğaşasının oçerkləri” (“Oçerki russkoy smutı”) adlı hərbi-tarixi memuarlarının 3-cü cildində  “böhrandan çıxış yolu axtaran Dağlı parlamentinin dini inancları mühafizə etmək və Dağıstanın özünəməxsusluğunu qorumaq üçün Azərbaycanla siyasi birliyə can atdığını” xüsusi vurğulamışdı.

Təbii ki, yaranmış ekstremal şəraitdə Əbdürrəhim bəy klassik kabinet diplomatı kimi hərəkət edə bilməzdi. Ona görə də fəaliyyətinin ilk günündən Şimali Qafqazdakı  müxtəlif millətlərin nümayəndələri ilə ünsiyyət yaratmağa, mürəkkəb dağlı cəmiyyətinin nə ilə nəfəs aldığını, nəyə can atdığını öyrənməyə çalışmışdı. Müəyyən təhlükənin mövcudluğuna baxmayaraq, daim hadisələrin ən qızğın yerində olmaqdan çəkinməmişdi. Bunu müxtəlif millətlərə mənsub təhsilli gənclərin yaratdığı “Qafqaz dağlılarının birliyi və müstəqilliyi liqası”nın Temirxanşuradakı təsis mitinqində iştirakı, onları Azərbaycan hökuməti adından salamlaması və müəyyən məbləğdə pul yardımı göstərməsi də aydın sübut edir. Eyni zamanda, uzaqgörən bir siyasətçi kimi, gələcəkdə dağlı cəmiyyəti ilə daha sıx, intensiv əlaqələr qurmaq baxımından öz hökumətinə həmin liqa ilə əməkdaşlıq yolunu tutmağı təklif edirdi.

Nəhayət, diplomatik xidmət yeri kimi gəldiyi Temirxanşurada fəaliyyətə başlayandan bir neçə gün sonra o, şəhərdəki Azərbaycan vətəndaşlarını toplayıb görüş keçirmiş, onlara Bakının yürütdüyü siyasət barəsində geniş bilgi vermiş, istək və ehtiyacları ilə maraqlanmış, hamını missiyada qeydiyyatdan keçməyə çağırmışdı. Xarici işlər  nazirliyinə məlumatında Ə. Haqverdiyev soydaşlara yardım göstərmək və işlək agentura şəbəkəsi qurmaq üçün müəyyən maliyyə vəsaitinin ayrılması məsələsinə də toxunmuşdu. Bu fakt onun öz işinə nə qədər ciddiyyətlə yanaşdığı, miqyaslı və gələcəyə  yönəlik  düşündüyü haqda təsəvvür əldə etməyə kifayətdir.

Məlumatdan kiçik Azərbaycan missiyasının o zamankı ünvanını da öyrənmək mümkündür. İlk günlər Ə.Haqverdiyev, xanımı və nümayəndəliyin iki əməkdaşı Temirxanşuradakı “Kryanev qardaşları” adlı mehmanxanada qalmışdılar.

Aprelin 15-də xarici işlər naziri M.Y.Cəfərova göndərilən növbəti məlumatın daha çox  təhlili xarakter daşıması Əbdürrərim bəyin artıq situasiyaya kifayət qədər nüfuz etdiyini, proseslərin mahiyyətinə varmağı bacardığını göstərir. Burada əsas diqqət konkret faktlar əsasında Dağlı hökumətinin vəziyyətə nəzarət edə bilməməsinə, kütlələrdə vətənpərvərlik düşüncəsinin, “yuxarılarda” isə təşkilatçılıq qabiliyyətinin son dərəcə aşağı olmasına yönəldilir: “Cəbhədə bir dənə də olsun nizami hissə yoxdur, əsgərlər zabit heyətinə tabeçilik haqqında yerli-dibli düşünmürlər.  Xüsusi ilə bu sonuncu vəziyyət barədə cəbhədən dönən türk zabiti göz yaşları içərisində danışırdı. İşin ağıllı şəkildə təşkili və savaşa nizami hissələrin göndərilməsi sayəsində Denikin əsgərləri üzərində  asanlıqla qələbə çalmaq  mümkündür. Lakin yeganə nizami qoşun hissəsi - Dağıstan süvari alayı Şurada (Temirxanşura nəzərdə tutulur - V.Q.) rahat məskən salıb, keçmiş qayğısız həyat və ordudakı danışıqsız nüfuzları ilə bağlı xatirələrə dalan zabitlər isə kütləvi şəkildə Denikinin yanına can atırlar. Dağlı Respublikasının hökuməti özünü cinayətkarcasına ətalətli aparır, onun bütün fəaliyyəti yalnız sırf dəftərxana işindən ibarətdir. Təbii ki, yerlərdə də heç bir iş görülmür”. Şimali Qafqaz və Dağıstanın o zaman içərisində olduğu xaosu,  hökumət qurumlarının sadəcə görüntü, vitrin xarakateri daşımasını, nominal vəzifə adlarının bir çoxlarını sərnəst eləməsini bundan daha dəqiq  təsvir etmək mümkün deyildi.

https://525.az/site/?name=xeber&news_id=91795#gsc.tab=0

Read 51 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR