Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Çərşənbə, 29 Noyabr 2017 05:35

Rusiyanın geri addım atmaq niyyəti yoxdur

Written by 

Suallarımızı politoloq Mürtəza Bünyadlı cavablandırdı.

 

– Mürtəza müəllim, bir müddət bundan əvvəl ABŞ yeni anti-Rusiya sanksiyalarını işə saldı. Bizim mətbuatda bununla bağlı demək olar ki, ilə bağlı demək olar ki, heç nəyə rast gəlmədim. Dünyanın fövqəldövləti bizim şimal qonşumuza çox böyük sanksiyalar tətbiq edir və bu Azərbaycan mediasında lazımınca işıqlandırılmır.  Əvvəlcə,  bu təəccüb və təəssüf doğuran məqam barədə Sizin fikrinizi bilmək istərdim.

 Media bu gün ciddi problemlərə üstünlük vermir, qlobal dünyada baş verən proseslərin hansının bizə birbaşa və ya dolayısı ilə təsir edəcəyinin fərqinə də o qədər varılmır. Azərbaycan mediası bir çox hallarda IP deyilən xəstəliyə yoluxub. Onların fikrincə cəmiyyət üçün Şəbnəm Tovuzlu, Fədayə Laçın, Qoca ləqəbli kriminal avtoritet daha önəmlidir, nəinki Amerikanın dünyaya hegemonluq etmək siyasəti. Cəmiyyət özü də bu məsələlərlə maraqlanmır. Amma, beyin mərkəzlərində ABŞ-ın xüsusən də oktyabrın 28-dəki antiRusiya sanksiyalarına ciddi reaksiyaların olacağını düşünürdüm. Çünki, bu artıq təkcə Rusiyaya qarşı tətbiq olunmayıb.

– Mümkünsə sanksiyaların mahiyyətini açıqlayın.

– Əgər əvvəlki sanksiyalar birbaşa Rusiyanın dünyadakı hegemonluğuna qarşı, onun iqtisadiyyatının çöküşünə yönəlmişdisə, 33 şirkətə tətbiq edilən sonuncu sanksiya Rusiyanın Hərbi Sənaye Kompleksi, Federal Təhlükəsizlik Xidməti, Hərbi Kəşfiyyat İdarəsi, xüsusən də Xususi xidmət idarələrinə olan sanksiyalardır. Və bu sanksiyaların təsir dairəsinə təkcə Rusiya düşmür. Rusiya ilə bu sahələrdə əməkdaşlıq edən ölkələrə, o cümlədən Azərbaycana da bu sanksiyaların təsir edəcəyini istisna etmək olmaz. Bu sanksiyalar mahiyyətinə görə Rusiyanın Hərbi Sənaye Kompleksinə daxil olanRosoboroneksport”, “Rostex”, “Kalaşnikov”, “Miq”, “Vertalyot”, Almaz-Antey” şirkətlərini əhatə edir. Bu gün Rusiyanın ixracının əsasını xammal məhsulu və kompleks silah texnikasının (kosmik silah texnikası, hava hücumundan müdafiə sistemi və s.) satışı təşkil edir. Neftin, xammal məhsulunun qiymətini aşağı düşməsi ilə Rusiya iqtisadiyyatına külli miqdarda ziyan vuruldu. Putin də daxil, Rusiyanın rəsmi dairələri bunu etiraf edir. Rusiyanın keçmiş maliyyə naziri Kudrin deyir ki, Amerikanın son sanksiyasını Rusiya dəyərləndirmək iqtidarında deyil, hələ Rusiya hesablaya bilməyib ki, bu hansı nəticələrə gətirib çıxara bilər. Miqyas həddindən artıq böyükdür. Bu sanksiya ilə ABŞ təkcə Rusiyaya və onun müttəfiqlərinə deyil, həm də öz təsir dairəsində olan ölkələrə, müttəfiqlərinə də mesaj ötürdü. Son dövrlərdə Yaxın Şərqdə baş verən hadisələrdən sonra daha çox ölkələr özünün hava hücumundan müdafiəsini təmin etmək üçün Rusiyanın hava hücumundan müdafiə silahlarını almağa üstünlük verdilər. “Almaz-Antey”in istehsal etdiyi “S-400”, “S-500” və digər zenit raket komlekslərini almağa başladılar (red. – “S-400”  Rusiyanın uzun (400 km.) və orta mənzilli (120 km.) zenit raket kompleksidir. Bu sistem 2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alır. Artırılmış uzaqlıqda yeni raketin sınaqlarının sonunda kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura biləcək. Erkən aşkar etmə radarı 600 kilometrə qədər uzaqlıqda aşkar etməni təmin edir. Raketlər 5 m hündürlükdən uçan hədəfləri vura bilər (müqayisə üçün: Amerika kompleksi “Petriot” yalnız ən azı 100 m hündürlükdə hədəfləri vura bilir). Türkiyənin, Səudiyyə Ərəbistanının, Qətərin, Macarıstanın, Çinin, İranın Rusiya silahına marağı artmaqda davam edir. Bu da Rusiyaya milyardlar gətirir.

– -Mürtəza müəllim, bu sanksiyanın mahiyyəti nədən ibarətdir? Tutaq ki, xüsusi xidmət orqanlarına, xarici kəşfiyyat idarəsinə, federal təhlükəsizlik idarəsinə nə tətbiq oluna bilər?

– Bu qurumların rəhbərləri, orada çalışan konkret şəxslərin kənar ölkədə rezident qurumları var idi və onların fəaliyyəti Rusiyanın dünyada yeni revanş siyasətini həyata keçirməklə məşğuldur. ABŞ da konkret bu şəxslərə maliyyə sanksiyaları tətbiq etməklə onların ölkədən çıxışına imkan vermir. Həmin şəxslərin qara siyahıya salınması onların gedəcəyi ölkələləri çəkindirmək məqsədi güdür.

– Aydındır. Bəs “Almaz Antey”in “S-400” qurğularına o sanksiyalar nə dərəcədə aiddir?

– Sanksiya ondan ibarətdir ki, Rusiyanın bu silahının istehsalının maksimum qarşısını alsın və satışını dayandırsın.

– Bu zaman isə məşhur idxalı əvəz məsələsi ortaya çıxır. O qurğuların da istehsalında hansısa texnologiya və avadanlıq xaricdən gəlir?

– Tam gətirilməsə də, bu silahı satanda xaricə ölkəyə  Rusiya onun xidmətini özü göstərir. Hərbdə belə bir qayda var. Sənin silahın haradadırsa, sən də həmin ölkədəsən. Yəni ki, sənin həmin ölkədə iştirakın var. Rusiya satdığı silahlarda elə bir problem yarada bilər ki, silaha xərclədiyin milyardlar bata bilər. Həmin ölkədən asılı vəziyyətə düşürsən. Yəni bu son dövrdə  Rusiyanın dünya hegemonluğunda revanşının qarşısını almaq və sıxısdırmaqdır. Misal üçün “əgər Rusiya S-400”-ü Türkiyəyə satırsa, bu qurğuya lazım olan avadanlığı da gələcəkdə Rusiyadan alacaq. Türkiyədə “S-400”-ə xidmət edə biləcək mütəxəssislərin yetişməsi üçün illər lazımdır. O sahə üzrə mütəxəssislər yetişdikdə isə yeni versiya silahlar gündəmdə olacaq. Necə SSRİ dövründə silahlanma yarışı  var idi, son dövrlərdə də ABŞ Rusiyanı çökdürmək üçün Hərbi sənaye kompleksini daha çox inkişaf etdirməklə iqtisadiyyatı birtərəfli yönəldir, digər tərəfdən isə də bu sanksiyalar vasitəsilə o silahın alıcısının qarşısını almaqla ona iqtisadi cəhətdən zərbə vurur. Hazırda Rusiyada “İl-76”-nın bazasında “A-100” ucan radiolakasiya sistemi var. Bu “AVAKS”-ın başqa bir formasıdır ( red. – AWACS, ixtisarla airborne naming and control system – hərfi tərcüməsi: havadan xəbərdarlıq  və nəzarət sistemi). Artıq onun birini Suriyada sınaqdan çıxarıblar. İndi istəyirlər ki, növbəti ildən onun kütləvi istehsalına başlasın. Bu hər hansı ölkədə əməliyyat aparmaq üçün olduqca əhəmiyyətli sistemdir. Əgər yer üzərində qurulan Radiolakasiya stansiyası konkret bir ərazini götürürsə, bu sistem təyyarə üzərində quraşdırılanda isə artıq 360 bucaq dərəcəsində nəzarət etmək imkanı verir.

– Mürtəza müəllim, bayaq silahlanma yarışını misal çəkəndə yaxın keçmişimizdəki analogiyaları, “ulduz müharibələri”ni xatırladım. Sonradan məlum oldu ki, orada mistifikasiya elementi çox idi. Silahlanma yarışı Ronald Reyqanın təbirincə desək “Şər imperiyası” olan SSRİ-nin süqutu ilə nəticələndi. Bəs bu sanksiyalar nə ilə nəticələnə bilər? Yəni gündəlikdə Rusiyanın süqutudur, yoxsa?

– Elə bu sanksiyanın mahiyyəti Rusiyanın çökdürülməsidir. Rusiyanı böyük gücdən zəif təsiredici gücə malik dövlət “status”una keçirmək məqsədi var. Bu sanksiya görə gələcəkdə Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Qətər kimi dövlətlər Rusiyadan silah almağa ehtiyat edəcək. Bir necə ay öncə Səudiyyə Ərəbistanı-Qətər arasındakı münasibətlər, Türkiyəyə, İrana, Çinə və Şimali Koreyaya olan basqılar ABŞ-ın Rusiyaya yönəlik siyasətinin təzahürləridir. Əslində Şimali Koreya ABŞ-ın Çin və Rusiyaya Şərqdən, Yaxın Şərqdə baş verən hadisələr isə Rusiyaya qərb istiqəmətində olan basqılarıdır.

– Bütün bunların Azərbaycana təsiri nə dərəcədədir?

– Biz də Rusiyadan silah alırıq. Müasir “S-400” silahı vardır, hava hücumundan müdafiə sistemindən olan qurğularımız var. Rusiya Ermənistana “İsgəndər”i verdi. Azərbaycan indi həmin “İsgəndər”dən özünü müdafiə etmək üçün əks bir silah növünü ya Rusiyadan, ya İsraildən, ya da başqa bir dövlətdən almalıdır. Söhbət təkcə “S-400”-dən getmir, ora həmçinin “Kalaşnikov”, “Tupolev”, “İjmaş”, “Rosoborontexnika”nın müxtəlif sistemləri daxildir. Sanksiya tətbiq edilən 33 şirkəti dedikdə bura irili-xırdalı müxtəlif silahlar aiddir.

– Ümumiyyətlə, hansısa bir gücün, hansısa başqa bir gücə ikili standartlar tətbiq etmək basqısı dünyaya nə vəd edir?

Siz təsəvvür edin. Tutaq ki, bu gün Səudiyyə Ərəbistanı “S-500” zenit raket sistemini almaq istə ABŞ buna yaşıl işıq yandıra bilər, əgər başqa bir ölkə eyni istəklə çıxış etsə, ona qadağan edilə bilər. Ola bilər ki, Türkiyə Rusiyadan silah alanda ona tətbiq edilsin, ona qonşu olan dövlətin eyni hərəkətinə isə göz yumulsun. Yəni Amerika regionda öz maraqlarından çıxış edəcək. ABŞ-ın sanksiyalarında ikili standartın tətbiqi dünyaya yaxşı hec nə vəd etmir.

– “S-400” və yaxud “S-500”lə müqayisə olunabiləcək NATO silahı mövcuddur? “Petriot”lar bildiyim qədər bir az aşağı kateqoriyadır.

Müdafiə silahları vardır. Rusiyanın istehsal etdiyi “S-400” və “S-500”lər yeni nəsil müasir silahlardır. Amerikanın “Petriot”u (red. – PATRIOT sözünün abbriviaturası ingilis dilində “Phased Array Tracking Radar to Intercept on Target”, yəni “Hədəfi Tutmaq üçün Mərhələli Sistematik Radar İzləmə” anlamına gəlir. Yer-hava interseptoru ABŞ müdafiə kontraktoru “Rayteon” tərəfindən yerləşdirilir. Həmçinin, 1991-ci ildə İraqın Skad raket hədələrindən müdafiə olunmaq üçün İsrail və Səudiyyə Ərəbistanda yerləşdirilib. Eyni anda çoxsaylı təyyarə və raket hücumlarını hədəf ala bilir) isə tamam fərqli sistemdir. Bir nüansa da diqqət yetirməyinizi istərdim. Rusiyanın “Almaz-Antey” dediyimiz və kosmik hava hücumundan müdafiə sisteminin qurucusu və yeni nəsil bu raketlərin yaradıcısı azərbaycanlı İqor Aşurbəylidir. (red. – Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri; “Almaz-Antey”” konstruktor bürosunun sabiq rəhbəri (2001-2011), texnika elmləri doktoru)

– Aydındır ki, Hərbi Sənaye və Energetika kompleksləri Rusiya iqtisadiyyatının onurğa sütunu olmasa da, çox böyük rol oynayan sektordur. Bəs Rusiyada yaşayan azərbaycanlılara bunun hansı təsiri ola bilər?

Dolayısı və birbaşa təsiri olacaq. Əgər indiyə qədər Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar nəticəsində dünyada qlobal maliyyə böhranı davam edirsə və son illərdə Azərbaycana Rusiyadan axan xam pul kütləsi əhəmiyyətli dərəcədə azalıbsa və yaxud da ki, mövsümi işlərlə bağlı Rusiyaya gedən azərbaycanlıların sayı xeyli azalıbsa bu məhz həmin iqtisadi sanksiyaların nəticəsi hesab olunmalıdır. ABŞ-ın neftin, enerji resurslarının qiymətini endirməsi nəticəsində maliyyə-iqtisadi böhran yaratmaqla təkcə Rusiyaya, qonşu ölkələrə, o cümlədən Azərbaycana və sadə azərbaycanlılara təsiri olursa, növbəti sanksiyanın da bizə təsiri qaçılmazdır. Çünki, Rusiya iqtisadiyyatının çöküşü davam edəcək.

– Təbiətdə, siyasətdə və həyatda bir çox şeylər geri oxuna bilir. Tutaq ki, hansısa hadisəyə görə sanksiya tətbiq olunur və qarşı tərəf  güzəştə gedəndə o sanksiyalar dondurulur və ya geri çağırılır. ABŞ-ın antiRusiya sanksiyaları ilə bağlı belə bir proqnoz varmı?

 

– ABŞ-ın yeni sanksiyalarından sonra hələ ki, Rusiyanın geri addım atmaq niyyəti yoxdur. Rusiyanın siyasi elitası iqtisadi ziyanın fərqindədir, sadəcə bunu görməməzliyə vururlar və neftin qiymətinin də bir qədər artması onları arxayınlaşdırıb. Ona görə də yaxın gələcəkdə bu sanksiyaların geri götürülməsi qeyri-mümkündür.

Fuad Babayev, Təmkin Məmmədli, 1905.az

http://1905.az/murt%c9%99za-bunyadli-rusiyani-boyuk-gucd%c9%99n-z%c9%99if-t%c9%99siredici-guc%c9%99-malik-dovl%c9%99t-statusuna-kecirm%c9%99k-m%c9%99qs%c9%99di-var/

Read 248 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR