Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 13 Noyabr 2017 04:48

Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları

Written by 
Azərbaycan Respublikasının əməkdar müəllimi
 
Bədii düşünə tariximizin işıqlı nümayəndələrindən biri olan  M.Ə.Sabirin həyatı və ədəbi fəaliyyəti XX əsrin əvvələrindən başlayaraq maraqlı tədqiqat obyekti kimi diqqəti cəlb etmişdir. Ələkbər Tahirzadənin ilk mətbu şeiri "Şərqi-Rus" qəzetinin 27 iyun 1903-cü il taarixli 37-ci nömrəsində çap etdirdiyi  ciddi üslubda yazılmış 
 
"Şükr lillah ki, afitabi-süxən
Şərqi mənadan  oldu  çöhrənüma;"
 
 beyti ilə başlanan 27  beytlik məsnəvidir. 
 
  Tanışlıq üçün deyək ki,"Şərqi-Rus" qəzetinin ilk nömrəsi 1903-cü il martın 30-da Tiflisdə Azərbaycan dilində çıxmışdır.Qəzetin redaktori Məhəmməd  ağa Şahtaxtlı, əsas mühərrirləri isə Ö.F.Nemanzadə və C.Məmmədquluzadə idi. "Şərqi-Rus" qəzeti əvvəllər həftədə 3 dəfə, 1904-cü il iyunun 8-dən isə hər gün çəxmışdır. "Şərqi-Rus" Ələkbər Tahirzadənin fikir və düşüncələrini xalqa çatdırmaq üçün ən yaxşı tribuna idi.
Müəllif  mənzum təbrikində "Şərqi-Rus"un nəşrini alqışlayır,onu dünyanı işıqlandıera biləcək cünəşlə müqayisə edirdi. Şeirdə qəzetin taradıcısı Məhəmməd ağaya da yüksək qiymət verilir, onun maarifçilik fəaliyyəti təqdir olunurdu.
Şairin fikrincə, indi elmin çox gərəkli olması lazım bilinən əsrdir, zamandır. 
Şeirin sonuncu beytləri çağırış xarakterlidir:
 
Kəsbi-elmə səbəb fərahəmdir ( əlbirlik,bir yerə toplanmaq - N.N.),
Sabira, bir zəman  ayıl, yatma !
 
Qıl dualar ki, "Şərqi-Rus"umuzun
Tələtindən (günəş kimi çıxmağından  -N.N.) ola cahan beyza ( işıqlna  -N.N.).
 
Maraqlıdır ki, şair təbrik  şeirini Ələkbər Tahirov  imzası ilə çap etdirsə də, sonuncu beytdən-məqtə beytindən  əvvəlki beytdə  ozünü və şairliyini oxuculara Sabir kimi tanıtmışdır.
 
 
Bu il  may ayının 30-da Azərbaycanın böyük şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 155 ili tamam oldu.Sabiri yada salan da oldu,unudan da. Şərəfinə söz abidəsi ucaldan da oldu,ölümündən çox sonralar ona betondan tlkdirimış mənzil-muzeyini yenidənqurama adı ilə sökdürən də.Yaxşı insanlar gərək unudulmasın.Bu gün unudulan 5-10 gündən sonra yada düşmür.
İnsanın unudulması böyük dəhşətdir. Bizim hər  birimiz Sabirin təbliğatçısı və təəssübkeşi olmalıyıq.
Sabir yaxşı müəllimlərdən yaxşı dərs alan  söz ustasıdır.Cəmi 4-5 illik  məktəb təhsili görüb.Amma o, gördüyü dünyanın  yaxşısını dapisini də  bütün türk dünyasına tanıda bilib.
Sabir  tərbiyə məktəbidir, Sabirin ayaq basdığı hər qarış torpaq-bizim poeziya məbədimizdir.  Sabirə oxuduğu məktəblərin    müəllimlərindən başqa,Sabirin  özü  də dərs deyib. Sabiri tanımaqdan ötrü onun müəllimlərini və oxuduğu məktəbləri  tanımalıyıq.
 
Sabir təhsilimizin, tarixini və onun  tədrisini,ləyaqətli təşkilatçılarını  bugünümüzə və gələcəyimizə tanıdan şairdir.
Mirzə Ələkbər  Sabir Tahirzadə 1278-ci səneyi-hicridə zilhiccə ayının əvvəlinci günündə Şamaxıda anadan olmuş, 1329-cu il rəcəb ayının 28-də  vəfat etmişdir ki,bu da miladi tarixlə 1862-ci  il  mayın 30 ilə 1911-ci il iyulun 12-nə uyğun gəlir.
Sabir çoxəsrlik Azərbaycan poeziyasının ənənələrini öz yaradıcılığında əks etdirməklə yanaşı, ictimai fikrin formalaşmasında da öz rolunu göstərən söz ustalarından biri olub. “Molla Nəsrəddin” jurnalı ətrafında formalaşmış ədəbi cərəyanın ən parlaq simalarından olan Sabirin yaradıcılığının əsas mövzusu maarifə, elmə çağırışdır. Bu çağırış həm ciddi ,həm də satirik və yumoristik tonda səslənmişdir.
Sabiri dünyaya tanıdan ana dilli mətbuaımız  və dərsliklərimiz oldu.
 
***
Görkəmli söz ustası Mirzə Ələkbər Sabirin məktəb  həyatından söz açan tədqiqatçıların çoxu onun əvvəlcə bir neçə il mollaxanada, sonra isə 1874-cü ildə Şamaxıda açılmış “Məclis məktəbi”ndə oxuduğunu yazır.
“Məclis məktəbi” Şamaxıda fəaliyyət göstərən ruhani idarələrinin himayə etdiyi təhsil ocağı idi. Məktəbin açılmasının təşəbbüskarı Şamaxıda yerləşən Bakı Quberniyası Əhli-Təsənni İdarəsinin sədri Hacı Səid Əfəndi Ünsizadə idi. (1859-cu ildə paytaxt Şamaxıdan  Bakıya köçürülərkən bir sıra idarələr Şamaxıda saxlanılmışdı -N.N). Məktəbin açılmasına Bakı qubernatoru D.S.Staroselski (15.05.1832- 11.03.1884 ) icazə vermişdi.

M.Ə.Sabirin oxuduğu "Məclis məktəbi"nin yaradıcısı Hacı Səid Əfəndi Ünsizadə sonralar Şamaxı şəhərində əsassız təzyiqlərə məruz qalır, müxtəlif cinayətlərlə günahlandırılır, lakin heç bir fakt təsdiq olunmur. Sonralar S.Ünsizadə doğma yerlərdən  baş götürüb, türk dünyasının baş şəhərinə-İstanbula köçmüş, əqidə dostlarından biri olan Münif paşanın köməkliyi ilə maarif sahəsində rəhbər vəzifəyə işə düzəlmiş, 1905-ci ilin yazında  İstanbulda  ömrünün  80-ci ilində dünyasını dəyişmişdir.  S.Ünsizadə Quranın Azərbaycan dilində ilk təfsirini  yazanlardan  biridir.
M.Ə Sabir zəngin pedaqoji ənənələri olan, güclü zəlzələdən sonra paytaxt statusu əlindən alınan qədim bir şəhər mühitində-Şamaxıda  pərvazlanmış, buradakı zəkalı müəllimlərdən  dərs almış,  həm Şərq, həm də Qərb pedaqoji fikrini dərindən öyrənmişdir. Bunu onun Uşinskidən və  Mozdolevskidən etdiyi tərcümələr  də təsdiq edir.
 
***
“Məclis  məktəbi”ndə Sabirə Cəlaləddin Ünsizadə, Seyid Əzim Şirvani kimi milli qeyrətli, elmə, təhsilə bağlı olan aydın düşüncəli müəllimlərin dərs deməsi gələcək şairin  mənəvi  aləmini  xeyli zənginləşdirib. Onlarin hər ikisi Şamaxının ən savadlı müəllimlərindən sayılır, Şamaxı pedaqoji mühitinin aparıcı qüvvələri kimi tanınırdı.
M.Ə.Sabirin  müəllimləri yaradıcı müəllimlər idi: onların hər ikisi dərslik yazmış, dövri mətbuatın formalaşmasında və inkişafında, xalqın maariflənməsi yolunda fəal iştirak etmişdir. Cəlaləddin Ünsizadə sonralar "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin, "Kəşkül" jurnalının və "Kəşkül" qəzetinin  redaktoru olmuş, S.Ə.Şirvani iki dərslik yazmış, bütöv bir elmi-tədqiqat institutunun kollektiv şəkildə çətinliklə bir il ərzində görə biləcəyi işi təkbaşına yerinə yetirmişdir: o, 300-dən artıq şairin həyat və yaradıcılığını əks etdirən  təzkirə-ədəbiyyatşünaslıq  əsəri yaratmışdır. 
Cəlal Ünsizadənin Sabirə və onun şagird dostlarına dediyi hesab dərslərinin konspektləri əsasında 1884-cü ildə Tiflisdə öz şəxi mətbəəsində çap  etdirdiyi "Hesab" dərslıyi   uzun müddət Zaqafqaziyanın türkdilli ibtidai məktəblərin əsas  dərs  vəsaiti olmuşdur.

M.Ə.Sabirin “Məclis məktəb”ində ana dili və şəriət müəllimi S.Ə.Şirvani olmuşdur. Sabirin şair və tərcüməçi kimi yetişməsində Seyid Əzimin böyük rolu danılmazdır. S,Ə.Şirvani milli mətbuatımızın ilk müxbirlərindəndir. 1891-ci ildə "Kəşkül" qəzeti bağlananda M.Ə.Sabirin 29 yaşı var idi.Çox təəssüfki,biz M.Ə.Sabirin imzalarınə XIX əsrin  ikinci  yarısının milli mətbuatımızda görmürük. Sabirin yaşı onun "Ziya" qəzetində də, "Ziyayi -Qafqasiyyə" qəzetində də, "Kəşkül" jurnalında  da   çıxışına imkan verirdi.
 Doğrudur , Sabir  1910-cu ildə yazdığı "Vaqieyi-yubileykaranə"  şeirində Şamaxının tarixdə məşhur olan ziyalılarının siyahısında Həsən bəy Zərdabininn də,  Səid Ünsizadənin də adını çəkir, lakin burada səhvən Səid Ünsizadəni  "Kəşkül"ün  müdiri kimi təqdim edir.

M.Ə.Sabir hələ məktəb illərindən Şərqin Ömər Xəyyam, Nizami Gəncəvi, Sədi, Xacə Hafiz,   Bəhaiddin  kimi şairlərinin yaradıcılığına yaxşı  bələd  imiş. Onun  farsdilli poeziyadan ilk   mükəmməl tərcümələri məhz  məktəb illərinə təsadüf  edir.

M.Ə.Sabirin ən yaxın şagird yoldaşı və dostu S.M.Qənizadənin yazdığına görə, Ələkbər “Məclis məktəbi”ndə cəmi iki il oxuyub. O,  uşaqların hamısından talantlı imiş, hələ şagird olanda Nizami Gəncəvinin ”Xəmsə”sini fars dilindən Azərbaycan  dilinə tərcümə  edirmiş. 
    
Atasının təkidi ilə iki ildən sonra "Məclis məktəbi"ndən uzaqlaşan  Sabir atasına ticarət işlərində  kömək edir.  O, bir müddətdən sonra atasının icazəsi  ilə Səbzəvar,  Xorasan,  Nişapur,  Buxara kimi şəhərlərə səyahətə çıxır. Səfərdə olarkən atasının ölüm xəbərini eşidən Sabir  Şamaxıya qayıdır və böyük qardaşı ilə birlikdə böyük ailənin  qayğılarını çəkməli olur: hər cür ağır işin qulpundan yapışır, çətinliklə çörəkpulu qazanır.
Evlənəndən və yeddi qız atası olandan sonra Sabirin həyatı daha da çətinləşir. O, 1907-ci ilin sonlarında o vaxt  Zaqafqaziya Müəllimlər Seminariyasında  inspektor (müfəttiş)  işləyən  məktəb dostu  S.M.Qənizadəyə giley dolu məktub yazır, düşdüyü çətin vəziyyətdən  şikayətlənir.
Dostu cavab məktublarının  birində   Zaqafqaziya  Müəllimlər  Seminariyasında  yaxın vaxtlarda bir müəllim yeri boşalacağını  və  müəllimlik  kağızı  olacağı  təqdirdə  Sabirin  bu vəzifədə işləyə  biləcəyini ona xəbər verir. (Seminariyada şiə məzhəbindən olan tələbələrə ana dili və şəriətdən dərs deyən  F.Köçərlinin  daha yüksək vəzifəyə (müfəttiş vəzifəsinə)  təyin olunacağı   gözlənilirdi-N.N.).       
Məsələ  burasındadır ki,  o vaxtlar savadlı adamların Quberniya  Ruhani  idarələrinin  birində  yüksək səviyyəli komissiya qarşısında imtahan  vermək  yolu ilə attestat alması mümkün idi.  Sabir bu əlverişli imkandan istifadə etmək qərarına gəlir.  O, bu məqsədlə  1908-ci il  fevralın  12-də Bakı Quberniya Şiə Ruhani İdarəsinə ərizə ilə müraciət edir.  Rəsmi dairələrdə  Mirzə Ələkbər Məşədi  Zeynal oğlu  kimi tanınan Sabir aprelin 11-də Bakıda Came məscidində imtahan verir.  Onunla imtahan verənlərin demək olar ki,  hamısı yaşadıqları  ərazilərin  tanınmış  din xadimləri idi,  yazı-pozu  əhli  idi,  lakin heç birinin Zaqafqaziya Ruhani İdarəsində təsdiq  olunmuş  “prixod mollası və müəllim” attestatı yox idi.   
Aydınlıq üçün deyək ki, “prixod  mollası  və müəllimlik  attestatı” imtahanları Qafqaz Canişininin 5  mart  1876-cı ildə  təsdiq olunmuş Əsasnaməsinə uyğun olaraq aparılırdı.  Əsasnamə əsasında tərtib olunmuş proqrama görə, attestat almaqdan  ötrü  imtahan verən hər bir   şəxs  müəzzin  (azançı)  üçün tələb   olunan sözləri düzgün tələffüz etməli, namaz qaydalarını, təlqin  (ölü basdırıldıqda qəbir üzərində oxunan dua- N.N.)  və dəfn qaydalarını bilməklə yanaşı, müəllimlik vəzifəsinin üsullarına da bələd olmalı idi. İddiaçıdan  Azərbaycan  və  fars dillərini mükəmməl bilmək, yaxşı  xətlə yazmağı  bacarmaq tələb olunurdu. Quranın  oxusunda orfoepik normalara əməl  etmək, cümə günü və dini  bayram  günlərində  tələb olunan dini mərasim tədbirlərini icra və təşkil etməyi bacarmaq, kəbin (nikah ) və boşanma qaydalarını yaxşı   bilmək, qan və süd  qardaşlığı qohumluq  dərəcəsini  müəyyənləşdirmək bacarığı   proqramın  əsas  tələblərinə aid  idi.
Prixod mollası  və müəllimin öz  fikrini tatar (Azərbaycan-N.N. ) dilində yazılı şəkildə ifadə etməyi bacarması da vacib şərtlərdən biri kimi qiymətləndirilirdi.
Rus və fars dilərində  yazılmış imtahan  protokollarının sonunda iddiaçının  prixod  mollası  adına layiq olub-olmaması  xüsusilə  vurğulanırdı.

Mirzə  Ələkbər  Məşədi Zeynal  oğluna və onunla bir yerdə imtahan  verənlərə  aid imtahan sənədlərini Bakı Quberniya Ruhani Məclisinin sədri, Quranın Azərbaycan dilinə ilk tərcüməçilərindən biri olan Hacı Mir Məhəmməd Kərim Hacı  Mircəfərzadə, məclis üzvləri Axund  Ağa  Rəsulzadə (M.Ə.Rəsulzadənin atası-N.N.) və  Axund Ağa  Əlizadə imzalayıblar. Sənədlər  baxılmaq  və  təsdiq olunmaq  üçün  aprelin 19-da  Tiflisə-Zaqafqaziya  Ruhani   İdarəsinin sərəncamına göndərilmişdi.
O vaxt   artıq bir neçə ay  idi  ki, Zaqafqaziyada  şeyxülislam vəzifəsi  boş  idi: 1879-cu ildə  Qori  Müəllimlər Seminariyasının müsəlman (Azərbaycan-N.N.) şöbəsi açılan gündən burada  oxuyan  şiəməzhəb tələbələrin  ana  dili  və  şəriət  müəllimi olmuş, sonralar uzun müddət  ruhani  idarəsinə  rəhbərlik etmiş Əbdüssəlam Axundzadə 1907-ci il  noyabrın 18-də   ömrünün  64-cü  ilində  vəfat etmişdi.
Aprelin 22-də Tiflisə  çatdırılan imtahan sənədlərinə Zaqafqaziya Ruhani İdarəsinin üzvləri tərəfindən dövlət nümayəndələrinin iştirakı ilə mayın 5-də baxılır. 1908-ci il mayın 7-də   Bakının  Qobu   kənd  sakini Molla Abdulla Hacı İsmayıl oğluna, qalalı Molla Əbdülhəmid  Kərbəlayı Hacı Vəli oğluna, Göyçayın Alpoud kənd sakini  Mehdi bəy  Molla  Əbdülhəsən  Kərbəlayı  İsmayıl  oğluna və şamaxılı Mirzə  Ələkbər Məşədi Zeynal oğluna  prixod mollası  və  müəllimlik attestatı (diplomu yox-  N.N.) verilir.  
Mirzə  Ələkbərin   bəxtinə  944  nömrəli  attestat  düşür.                
M.Ə.Sabir müəllim işləmək üçün  attestatı  Şamaxı  Əhli-Təsənni  Ruhani İdarəsinin  xəttilə də   ala  bilərdi.  Şeirlərinin  birində  yazdığı  kimi, onun babası  sünni, nənəsi  isə şiə idi. O, sünni   ruhani məclisinin sədri Hacı Məcid  Əfəndi Əfəndizadə ilə səmimi dostluq   münasibətində idi. 1908–ci il fevralın 29-da vəfat edən Məcid Əfəndinin  matəminə Sabirin iki mərsiyə yazması  bu münasibətdən irəli gəlirdi.
Mirzə Ələkbər Məşədi Zeynal oğlu Bakı  Quberniya Şiə Ruhani İdarəsinə müəllimlik attestatı almaqdan ötrü  göndərdiyi  ərizəni Məcid Əfəndinin ölümündən 17 gün əvvəl -  fevralın  12-də  yazmışdı.
Sabirin  Bakı  Quberniyası  Şiə Ruhani İdarəsindən attestat almaq istəyi onun  Zaqafqaziya  Müəllimlər  Seminariyasında şiəməzhəb uşaqlara  dərs deyən  Firudun bəy Köçərlinin yüksək  vəzifəyə gedəcəyi təqdirdə boşalacaq yerdə işləmək arzusundan irəli gəlmişdi. Təəssüf  ki, bir neçə kitab müəllifi olan, ədəbiyyatımızın tarixini həm rusca, həm də azərbaycanca yazan,  Sokratın təlimini “Təlimati- Sokrat” adı ilə tərcümə edərək pedaqoji elmimizi zənginləşdirən,  bacarıqlı tərcüməçi olan F.Köçərlinin ali təhsili olmadığı üçün nəzərdə tutulan istək reallaşmadı. Başqa sözlə, Sabirin Qərbə istiqamətlənmiş yürüşü də məhz buna görə baş tutmadı.
Əhvali-ruhiyyəsi  gərginləşən, artıq səkkiz övlad atası olan şair (yeddi qızdan sonra Sabirin bir oğlu da dünyaya gəlmişdi)  ailəni müəllim işləmək yolu ilə saxlamaq qərarında israrlı olur.
M.Ə.Sabir  1908-ci ilin iyun ayında  “Tazə həyat”  qəzetində Bakıda təzə açılan “Səadət “ adlı  məktəbə iki müəllim tələb olunduğunu oxuyur. O, tərəddüd etmədən  məktəbin rəhbərliyinə  yazılı şəkildə müraciət edir, lakin Sabirin  müəllim işləmək, cəhalət qaranlığında əzab çəkən vətən övladlarına dərs demək, onlara maarifin işıqlı yollarını göstərmək  arzusu  baş  tutmur: attestatlı şairin ümid dolu məktubu cavabsız qalır.
1908-ci ilin sentyabrında Şamaxıda “Ümid məktəbi“ adı ilə bir təhsil ocağı  açılır. Sabir çətinlik çəkmədən bu məktəbə işə düzəlir. Bu işdə M.Ə Sabirə o vaxtlar Bakı-Dağıstan Məktəblər İdarəsinin inspektoru  (müfəttişi)  S.M.Qənizadənin  kömək etdiyi şübhəsizdir. Məktəbdə Sabirlə yanaşı, Hacı Baba Zamanov  soyadlı gənc bir müəllim də işləyirdi. O, Zaqafqaziya  Müəllimlər Seminariyasının məzunu idi.
Bu faktları da xatırlamaq  yerinə düşür ki, S.M.Qənizadə Qərb təmayüllü ali pedaqoji təhsil almış ilk azərbaycanlılardan biridir: S.M.Qənizadə, onun həmşəhərlisi Həbib bəy Mahmudbəyov, qutqaşınlı (indiki Qəbələ-N.N.)  Süleyman bəy Əbdürrəhmanbəyov 1887-ci  ildə  Tiflisdəki Aleksandrovski  Müəllimlər  İnstitutunu bitirmişdilər.
S.M.Qənizadə H.Mahmudbəyovla birlikdə 1887-ci ildə Bakıda yeni tipli  təhsil ocağı-“Rus-Müsəlman məktəbi“ yaratmış, qısa  bir  müddətdə  belə məktəblərin sayı  xeyli artmışdır.
“Məktəb“ jurnalının  1912-ci ildəki 21-ci  nömrəsində   S.M.Qənizadənin   türk   dünyasının  görkəmli  ziyalılarından biri olan məşhur pedaqoq və mühərrir İsmayıl bəy Qaspralı ilə maarif  cəbhəsindəki işbirliyindən söz açılır. Yazıdan aydın olur ki, S.M.Qənizadə və  İ.Qaspralı Türküstanda-Səmərqəndə “Rus- Müsəlman Məktəbi“ yaratmışdılar.
1910-cu ilin əvvəllərində Sabir  Bakıya gəlir, S.M.Qənizadənin köməyi ilə, “Nəşri-maarif” cəmiyyətinin xətti ilə açılan Balaxanı kənd  məktəbində  işə düzəlir. Sabir bu məktəbdə bir ildən artıq işləyir. Bir neçə ay xəstə yatan Sabir 1911-ci il  iyulun 12-də dünyasını dəyişir.
Hələ attestat  almamışdan  əvvəl xalq  içində  Mirzə Ələkbər  kimi  tanınan, ana dili ilə yanaşı,  fars və ərəb  dillərini də  şeir yazmaq  dərəcəsində mükəmməl bilən,  dövrün  vacib  və  qaçılmaz  tələbi  ilə  rus dilini  də  öyrənməyə məcbur  olan  Mirzə  Ələkbər  Məşədi  Zeynal  oğlu Tahirzadənin  (Sabirin, Hop-hopun, Ağlar-Güləyənin, Çayda çapanın, Nizədarın, Din  dirəyinin, Dindarın, Ə.S.Şirvaninin…) məktəbdəki müəllimlik fəaliyyəti cəmi  üç  ildavam edir.
Yaxşı  müəllimlərin yaxşı  şagirdi  olan,  xalq  pedaqogikasının  incəliklərini  mükəmməl  bilən,  Azərbaycan  dilinin  musiqi  və təranələrini bu dili bilənə də,  bilməyənə də  sevə-sevə  sevdirən  M.Ə.Sabirin  ictimai-siyasi  həyatımızdakı, mənəvi dünyamızdakı müəllimliyi isə dünya  durduqca, ağıllı sözə  ehtiyac duyulduqca davam  edəcəkdir.
 
http://az.strategiya.az/index.php?do=xeber&id=103548
Read 226 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR