Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə, 03 Noyabr 2017 06:49

Etnoqrafik ekspedisiya Qubanın Qrız kəndində tədqiqatlar aparıb

Written by 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun etnososioloji tədqiqatlar şöbəsinin əməkdaşları Quba rayonunun dağlıq hissəsində yaşayan “Şahdağ qrupu” xalqlarını tədqiq edirlər. Bu dəfə alimlərin tədqiqat obyekti Şahdağ dağının cənub-şərq yamacındakı qədim Qrız kəndidir.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, sərt təbii-iqlim şəraiti, təsərrüfat üçün torpaqların çatışmazlığı qrızların ayrı-ayrı ailələrinin və qohum qruplarının düzənlik ərazilərə köçməsini əsrlərboyu şərtləndirib. Belə köçmələrin nəticəsi olaraq Quba, həmçinin Xaçmaz, İsmayıllı rayonlarının ərazisində qrızların məskən saldığı Qrız Dəhnə, Əhmədoba, Palçınoba, Çinartala və digər bir sıra kəndlərin əsası qoyulub. Zəngin və özünəməxsus etnik mədəniyyətinə baxmayaraq qrızların bu günədək xüsusi etnoqrafik tədqiqat obyekti olmayıb. Qrızlara aid ayrı-ayrı tədqiqatlar əsasən bu xalqın dili və maddi-mədəniyyətinin bəzi aspektlərinə həsr olunub.

Professor Əliağa Məmmədlinin başçılıq etdiyi ekspedisiyanın əsas məqsədi qrızların hazırkı etnomədəni vəziyyətinin, qrız dilinin həm həmcins, həm də polietnik mühitdə işlənməsi dərəcəsinin öyrənilməsi olub. Burada əsas diqqət etnik identiklik məsələlərinə yönəldilib.

Professor bildirib ki, qrızlar arasındakı araşdırmalar hazırda Azərbaycanda müxtəlif etnik birliklərdə çoxpilləli etnik identikliyin yaranması prosesini göstərir. Eyni zamanda, Azərbaycan etnomədəni birliyində mənsubiyyətin dərk edilməsi, digər tərəfdən isə öz etnik identikliyinin, ənənəvi mədəniyyətinin qorunması müşahidə edilir.

Alimin sözlərinə görə, araşdırmaların ilkin nəticələri bu qənaətə gəlməyə əsas verir ki, ümumazərbaycan sosiomədəni birliyinə mənsubiyyət ölkəmizdə müxtəlif etnik qrupların nümayəndələrinin əksəriyyəti üçün prioritetdir. Bununla yanaşı, onlar öz etnik identikliklərini də aydın müəyyənləşdirirlər. Belə ki, respondentlərin çoxu etnik mənsubiyyəti özləri üçün çox vacib hesab edirlər. Öz etnik mədəniyyətinə mənsubiyyət onlar üçün kifayət qədər ciddi və mühüm olaraq qalmaqdadır.

Qrız kəndində etnoqrafik materialın yığılması zamanı ənənəvi mədəniyyət məsələlərinə də xüsusi diqqət yetirilib. Əldə edilən məlumatlar qrızların öz qədim adət və ənənələrini bu günədək saxlamaları barədə ilkin nəticə çıxarmağa əsas verir. Toy və digər mərasimlər nəsildən-nəslə ötürülən adətlərə uyğun keçirilir. Qrızların İslamdan öncəki etiqadları, çox sayda pirləri, həmçinin alovla bağlı inancları diqqəti cəlb edir. Bundan başqa, qrızlar müxtəlif təbiət hadisələri ilə bağlı ənənələri saxlamaqda davam edirlər. Bu qədim xalq arasında xalçaçılıq sənəti yüksək səviyyədə inkişaf edib. Azərbaycan xalçaçılığında həmin xalçalar xüsusi yer tutur.

https://azertag.az/xeber/Etnoqrafik_ekspedisiya_Qubanin_Qriz_kendinde_tedqiqatlar_aparib-1107477

Read 184 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR