Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Cümə, 18 Avqust 2017 00:00

Ümidsizlik iblisin təlqin etdiyi bir ovqatdır

Written by 

Tərcüməçi, şərqşünas-alim, “Qurani-Kərim”in bilicilərindən olan Nəriman Qasımoğlu ölüm və ölüm qorxusu haqqında çoxumuzun bilmədiyi maraqlı faktları açıqlayıb.

Publika.az-a müsahibə verən tanınmış alim son vaxtlar intiharların artmasının səbəblərindən və onun həlli yollarından danışıb.

"Mirzə Ələkbər Sabir bu halını məhrəm bildiyi dostu ilə bölüşürmüş"

- Nəriman müəllim, insanın intihara cəhd etməsinin bir səbəbi sağlam dini inancının olmaması ilə əlaqədar ola bilərmi?

- Şəksiz. Ancaq bu qənaətə zidd bir məqamı da xatırladardım. Məsələn, dini inanclarına görə intihara gedənlər də olur. Bəzi müsəlman ölkələrində baş verən intihar əməliyyatlarını nəzərdə tuturam. Bizim cəmiyyətimizdə isə, müşahidələrimə görə, intiharların çoxu ya inancsızlıqdan, ya dini biliklərinin az olması səbəbindən, ya da insanın ətrafının hansısa qəddarlığından baş verir.

İnancı zəif olan şəxs intiharın ümumən dini dəyərlərin mahiyyətinə zidd olduğunun fərqində deyil. Məsələn, böyük şairimiz Mirzə Ələkbərlə bağlı sadə bir misal gətirmək istəyirəm. Sabir ağır xəstəliyə tutulanda ağrılarından əziyyət çəkirmiş. Məhrəm bildiyi dostuna yazdığı məktubda səhhəti haqqında belə deyir: “Vəziyyətim o qədər ağırdır ki, istəyirəm bu ağrılardan canımı qurtarıb intihar edim. Amma dindarlığım buna imkan vermir”. Əlbəttə, bilirdi ki, ağrılardan qurtulmağın yeganə yolu ölümdür və nə zamansa dünyasını dəyişəcək. Bununla belə intihardan vaz keçdiyini bildirir. Ümumiyyətlə, Mirzə Ələkbər Sabir sözün həqiqi mənasında inanclı bir şəxs olub. Dindarlığını öz şeirlərində xüsusi olaraq car çəkməyib, ancaq din fanatlarını və dəllallarını ifşa edib. Dindarlığı özünə məhrəm hal sanırdı. Bu halını məhrəm bildiyi dostu ilə bölüşürmüş. Söhbət reklam edilməyən dindarlıqdan gedir. Belə bir inanc yaşayan şairimiz intiharı təbii olaraq böyük günah hesab edirmiş.

Əlbəttə ki, intiharı seçən insanlar Qurandakı ayələrdə bunun əleyhinə ifadə olunan təlqinlərdən xəbərsizdirlər. Təlqinlərdən biri bu məntiqdir ki, can alan, can verən Rəbbin özüdür, intihar Yaradanın bu səlahiyyətinə təcavüz etmək mənasına gəlir. “Təcavüzkarları sevməz Allah” deyə bir Quran ayəsi də var. Yəni intihar əslində səbəbindən asılı olmayaraq sənin yaratmadığın, İlahidən əmanət aldığın bir nəsnəyə xəyanət və təcavüz aktı kimi anlaşılmalıdır. Odur ki, bu, dində qəbulolumaz əməl sayılır.

“Qurani-Kərim”də səslənən ayələrə baxaq: “...Özünüzü öldürməyin. Heç şübhəsiz, Tanrı sizə rəhimlidir. Kim bunu eləyərsə düşmənçilik, zülm ilə, od içinə salarıq o kimsəni”. Yəni bu addımı atan insanın cəhənnəmlik aqibətinə də diqqət çəkilir. Nəticə etibarı ilə özünü öldürmək niyyətində olan insanlar bu əməlin qarşılığında onları hansı aqibətin gözlədiyini bilməlidirlər.

"Ümidsizlik iblisin təlqin etdiyi bir ovqatdır"

- Mirzə Ələkbər Sabirdən çox maraqlı nümunə çəkdiniz. Bəs İslam dinində necə, ağır vəziyyətdə olan xəstə insanın özünü öldürməsi bağışlanır?

- Quran məntiqinə görə, əlbəttə ki, bu, təqdiredilməzdir. Niyə? Çünki bu, o deməkdir ki, sən ümidini İlahidən üzmüsən. Ümidsizlik iblisin təlqin etdiyi bir ovqatdır. Quran ayələrində bu ovqata qapılmaq qınanılır. Odur ki, ağrılardan qurtulmaq üçün ölümü seçməyi Quran məntiqi qəbul etmir. Sabir də bunu bilirdi.

"Yaradanın sərhədsiz mərhəmətilə yanaşı, sərhədli olan cəzası da var"

- Allah intiharı bağışlayır?

- Rəbbimizin kimləri və nəyə görə bağışlaması haqqında qəti hökm verə bilmərik. Quranda “Hökm Allahındır” deyə ayə var. Hər şeyi O həll edir. Eyni zamanda ayələrdə bu da var ki, Yaradanın mərhəməti sonsuzdur, ancaq cəzası sərhədlidir, limitlidir.

İlahi ədalət qanununa aid keçən ifadələrdə təlqin olunur ki, insan yaxşı əməllərinin müqabilində etdiyindən qat-qat artığı ilə mükafatlandırılır. Bəlkə də intihar edən insanın elə gözəl əməlləri olub ki, İlahi onu bağışlaya bilər. Yəni, bu barədə biz qəti fikir söyləyə bilmərik. İlahi ədalətdə bir mütləqlik var. Və o mütləqlikdə, qeyd etdiyim kimi, Yaradanın sərhədsiz mərhəmətilə yanaşı, sərhədli olan cəzası da var.

Başqasına nifrətlə, düşmənçiliklə özünə qəsd edən adamın aqibətinə gəlincə isə, buna dair ayədə aqibətin cəhənnəmlik olduğu vurğulanır. Bu, xüsusən günahsız insanları öldürmək üçün intihar əməliyyatları keçirən terrorçulara aiddir. Yuxarıda sitat gətirdiyim ayədən çıxış edərək bildirim ki, özünə partlayıcı bomba bağlayaraq kütləvi sayda insan təlafatına səbəb olan və özünü həlak edən insanlar özləri üçün cəhənnəm əzabını da haqq etmiş olurlar.

"İntihar fikrinə düşən insana sevgimizdən pay ayırmalıyıq ki, yaşamağının və həyatının qiymətini dərk etsin"

- Nəriman müəllim, bir şəxsin intihar etmək istədiyini nədən anlamaq və onu bu fikirdən necə daşındırmaq olar?

- Bu, şəxsin psixoloji ovqatından asılıdır. 90-cı illərin ortaları idi. Bir dəfə dənizkənarı bulvarda dostum, gözəl şairimiz Vaqif Bayatlı Odər ilə gəzişirdik. Tanımadığım bir nəfər bizə yaxınlaşıb dedi: “Qurani-Kərim”in sizin qələminizdən çıxan açıqlamasını oxuyandan sonra özümü öldürmək fikrindən vaz keçdim”. Adi bir oxucunun bu etirafından sonra çox qəribə hisslər keçirdim, mütəəssir oldum. Və belə qənaətə gəldim ki, Quran ayələrindəki təlqinlər, şərti olaraq tərcümə variantında olsa belə, insanlara həqiqətən nələrisə öyrədir. Bu misalla oxuculara onu demək istəmirəm ki, intihardan vazkeçmək üçün insan mütləq Quran ayələrini oxumalıdır. Ancaq inanclı insanlar ən azından biliklərinin artması, təfəkkürlərinin genişlənməsi və işığa açılması üçün Qurandan bilgiləri olmalıdır. Bu bilgilər psixoloji durumu ağır insanlara dəstək ola bilər. Əlbəttə ki, əsas məsuliyyət din maarifçilərinin üzərinə düşür.

Hər hansı şəxsin intihar edəcəyini bilmək çox çətindir, biz hər zaman belə birisinin yanında olmaya bilərik. Lakin bunu bəyan edən insana bütün hallarda ciddi yanaşmalı, onu heç bir halda tək qoymamalıyıq. İstər sözlə olsun, istər konkret əməllə, dəstəyimizi heç zaman əsirgəməməliyik. Kiməsə adi söz, kiməsə Quran mətni, başqa birisinə sevgi hissinin bəyanı önəmli dərəcədə təsir göstərər. Ən vacibi isə intihar fikrinə düşən insana sevgimizdən pay ayırmalıyıq ki, yaşamağının və həyatının qiymətini dərk etsin.

- Böyük uğursuzluqlara düçar olan, amma özünə qıya bilməyən bir adamın ölüm arzulaması günah hesab olunur?

- Bu, yenə də ümidsizlikdən xəbər verir. Uğurlu insana cəmiyyətdə münasibət fərqli olur deyə uğursuzluqlara uğrayanlar ətrafla münasibətlərində diskomfort əhvalını yaşamalı olurlar...

"Uğursuzluqlar silsiləsi sonsuza qədər davam edə bilməz"

- Sizcə, uğurun açarı nədir?

- Məsələ ondadır ki, uğurlu insanların da uğur hekayətlərində uğursuzluq seriyası olur. Bir dəfə uğursuzluğa uğrayır, iki dəfə uğrayır, üç dəfə uğrayır, dörd dəfə uğrayır, amma ruhdan düşməyib yenə də israrla, inadla qarşılaşdığı bütün problemləri özündən uzaqlaşdırmaq üçün növbəti cəhdlərini edir. Ruhdan düşənlərə təlqin etmək lazımdır ki, bəlkə sənin uğursuzluqlarının arxasında bilmədiyin hansısa böyük bir hikmət dayanıb. Bəlkə belə məsləhətdir. Bu da psixoloqların üzərinə düşən vəzifədir. Əslində uğursuzluqlar silsiləsi sonsuza qədər davam edə bilməz, onun da bir sonu olmalıdır. Bəlkə bu elə o xoşbəxt sondur ki, uğursuzluqlara düçar olanlara çəkmiş olduqları bütün dərdlərini, əzablarını unutdurar.

- İntihar əcəldir?

- Əcəl müddətin, vaxtın tamam olmasıdır, hesabını aparan Rəbbin Özüdür. İntihar əcəli önləmək, müəyyən olunmuş vaxta subyektiv müdaxilə və üsyan cəhdidir.

- İntihar edənlə, öz əcəlilə ölən insanın can verməsi prosesi eyni baş verir? Yoxsa birinci daha əzablı ölümdür?

- İnsan intiharla özünü ikiqat əzaba düçar edir. Elə insanlar fərqində deyillər ki, onları başqa bir əzab da gözləyir.

"Bu mühiti dəyişmək barədə də düşünməliyik"

- Son vaxtlarda Azərbaycanda intihar sayları hədsiz dərəcədə çoxalıb. Ən dəhşətlisi də gənc qadının iki körpəsi ilə birlikdə özünü qatarın altına atması oldu. Halbuki biz İslam ölkəsiyik və dinimiz bunu qəti şəkildə pisləyir. Sizcə, bunlar təzad təşkil etmir ki? Niyə intiharın günah olduğunu təlqin edən ən güclü idealogiya İslam dini olduğu halda bizdə özünü öldürmək istəyənlərin sayı durmadan artır?

- Bayaqdan intiharın günah və ağır cəza olduğunu müzakirə edirik. Lakin unutmaq olmaz ki, burada cəmiyyətin də üzərində böyük məsuliyyət var. Təəssüf ki, insanlarda mərhəmət hissi azalıb. İntihara təşviq edən ciddi səbəblər də var. Ətrafdan sevgi, mərhəmət, dəstək görməyən insan ümidsizliyə düçar olur. Biz bu mühiti dəyişmək barədə də düşünməliyik. İnsanların maariflənməsi, onlara dinimizin mahiyyətinin izahı da önəmli rol oynaya bilər. Cəmiyyətimiz də tərbiyə edilməlidir. İnsanlar bilməlidirlər ki, mərhəməti sonsuz olan Allah hər bir insandan ətrafına qarşı mərhəmətli davranmağı təlqin edir.

"O ümidsizliyi yaradan ətrafdakıların diqqətindən məhrum olmasıdır"

- Yəni intiharın bir səbəbi insanın özünün zəifliyilə bağlıdırsa, digər tərəfdən onun bu qərarı verməsində başqaları da günahkardır?

- Bəli. İnsanları intihara aparan ümidsizlikdir, amma o ümidsizliyi də yaradan ətrafdakıların diqqətindən məhrum olması və sevgisizlik mühitində qalmasıdır. Hər alınan rədd cavabından sonra özündə güc tapıb yenidən ayağa qalxmaq da, hər adamın bacardığı iş deyil. İntiharların cəzasından mərhəmətsiz insanlara da pay düşür. İntihar edənlərin yaxınları həmin insana zamanında dəstək vermədikləri üçün bunun əzabını çəkəcəklər. Odur ki, məsələyə kompleks şəkildə yanaşmanı ortaya qoymalıyıq. İntihar edən də qəddardır, onları intihara sürükləyən insanlar da. Biri ümidsizlikdən öz canına qıyır, digəri də o ümidsizi intihara sürükləyir.

- Azərbaycanda intiharlar başqa İslam ölkələrilə müqayisədə daha tez-tez baş verir?

- Azərbaycanda intihar statistikası başqa müsəlman ölkələri ilə müqayisədə çox ola bilməz. Bilirsiniz, hazırda dağıntılardan əzab çəkən bəzi müsəlman ölkələrində nələr baş verir? Baş verənlərdə narahatlıq doğuran məqam cihad adı altında intihar əməliyyatlarını aparılması, bu əməliyyatlara gənclərin cəlb edilməsidir. Bunlar, əlbəttə, bütün çılpaqlığı ilə terror əməliyyatlarıdır. İntiharların həmin ölkələrdə yəqin bir sıra başqa səbəbləri də olmamış deyil. Bizdəki səbəblər, təbii ki, fərqlidir...

"İşğal edilmiş torpaqlarımızın qayıtması insanlarda böyük ruh yüksəkliyi və coşqu yaradacaq"

- Cəmiyyətdə mərhəmət duyğularını necə oyatmaq olar?

- İlk növbədə dinimizin mahiyyəti təbliğ edilməlidir. Kiməsə yardım əlini uzatmağın, kimisə sevgi ilə əhatə etməyin öz qarşılığı var. Özü də bunun qarşılığı sənin etdiyin əməlinin müqabilində qat-qat artır deyə bir düçüncə tərzi də formalaşmalıdır insanlarda. Quran məntiqində bunun təşviqinə dair ayələrdən danışdım.

Konkret reseptin verilməsi isə, əlbəttə, bizlik deyil. İlk növbədə ətrafdakı mühitimiz sağlamlaşmalıdır. Bu sağlamlaşma bütün - ictimai, iqtisadi, mədəni və s. sahələrdə getməlidir.

Azərbaycanlıların düşdüyü durumda başlıca bir problem də var: Qarabağ məsələsinə görə özümüzü müəyyən mənada sındırılmış kimi hiss edirik. Əlbəttə ki, müharibəni uduzmamışıq, müvəqqəti döyüş məğlubiyyətimiz var, müharibə hələ bitməyib. İnanıram ki, işğal edilmiş torpaqlarımızın qayıtması insanlarda böyük ruh yüksəkliyi və coşqu yaradacaq. Yəni konfliktin ədalətli həlli bütövlükdə cəmiyyət üçün sağlam mühitin gəlişməsində əhəmiyyətli rol oynaya bilər. İşğal faktının sarsıntılı psixoloji təsirini danmaq mümkün deyil. Bəzən bu barədə xüsusi olaraq heç fikirləşməsək də, torpaq işğallarının əhval-ruhiyyəmizə dolayısı ilə də olsa təsirini danmaq çətindir. Ötən ilin aprel döyüşlərində sadə vətəndaşlarımızın necə sevindiyini müşahidə etdim. Gəldiyim qənaət həm də bununla bağlıdır.

- Ölüm qorxusunun olması normal haldır, yoxsa psixoloji xəstəlik hesab olunur?

- Buna xəstəlik deməzdim, insanların əksəriyyətinə xasdır ölümdən qorxmaq. İnsan onun ağrısını çəkir ki, ölümlə hər şeyin bitdiyini düşünür. Ölüm qorxusu insana xas olan xüsusiyyətdir, hər halda sevdiyimiz insanlardan heç kim ayrılmaq istəməz. Bu, çox təbiidir. İnanclı insan bunun fərqində olmalıdır ki, ölümdən sonra həyat bitmir, şəklini dəyişir. Məsələn, “Qurani-Kərim”də açıqlaması dilimizdə adətən belə gedən ifadə var: “Allah öldürən və dirildəndir”. Bu ifadə ilə qarşılaşdığımda gördüm ki, öldürmək ifadəsi yerində deyil, çünki “öldürmək” daha çox “qətl etmək, qətlə yetirmək” anlamında işlənir, mənfi çalarlı sözdür. Orijinalda işlənən sözün etimoloji kökündə isə müvəqqəti ölüm halı nəzərdə tutulur. Yəni ölüm bir haldan başqa hala keçiddir. Həmin ifadəni yeni açıqlama əsərimdə başqa cür yazdım. Mərhəməti sonsuz olan İlahi qətl etməz. Söhbət ölüm halına salınmaqdan gedir həmin ifadədə, başqa bir həyat başlayır sonra. Ona görə də həmin ifadəni “öldürür” yox, “dirildir”in qrammatik nümunəsini əsas götürüb “ölüldür” yazdım. “Ölüm halına salır” mənasında. Elə bilirəm oxucular bu söz yaradıcılığımı anlayışla qarşılayacaqlar. Əslində müvəqqəti ölüm halını elə kliniki ölüm keçirənlər də təsdiq edir. Əgər insanlar ölümdən sonra onları başqa bir həyatın gözlədiyini bilsələr, ən azından ölüm qorxusu azalar. Nəticə etibarı ilə bu da təbliğ olunmalıdır ki, insanlarda ölüm qorxusu nisbətən azalsın.

- Həmçinin ölümdən, Əzrayıldan qorxmayan insanlar da az deyil...

- Əzrayıl ölüm mələyidir. Bununla bağlı “Kitabi Dədə-Qorqud”da - “Dəli Domrul” boyunda maraqlı bir epizod keçir. Qəhrəmanın təktanrılıq şüuru o qədər ibtidaidir ki, burada mələklərə inam üçün yer də yoxdur. Tanrıya yalvarır ki, camaatın dediyi Əzrayılı ona göstərsin. Göstərsin ki, bu ölüm mələyi ilə savaşıb birdəfəlik axırına çıxsın və o da “bir dəxi yaxşı yigidin canın almaya”. Dəli Domrulun duası Haqq-təalaya xoş gəlmir, “mənim birliyim bilməz, birliyimə şükür qılmaz, mənim ulu dərgahımda gəzəmənlik eləyir” deyir. Dəli Domrul Əzrayılın cənginə keçdiyində bu dəfə məhz ona yalvarıb aman diləyir. Əzrayıl deyir “mənə niyə yalvarırsan, Allah-təalaya yalvar”. Dəli Domrul Tanrıya həmd oxumaqla başlayan bir duada bulunur və duasını bu sözlərlə bitirir: “Mənim canım alır olsan Sən al, Əzrayılı almağa qoyma”... Təbii ki, Tanrıdır can verən, can alan.

- Ölüm qorxsu insanın həyat keyfiyyətini aşağı salır?

- Əlbəttə, insanın pxisoloji ovqatına təsir edən məsələdir, daim qorxu ilə yaşamaq olmaz axı. İnsan gərək İlahiyə təslimiyyət halında yaşasın.

- Xüsusilə anaların övladları dəcəllik edəndə onlara “Allah canını alsın”, “Allah gözünü çıxartsın” kimi cümlələr deməsi nə dərəcədə doğrudur? Bu, uşaqları Allah sevgisindən uzaqlaşdırır?

- Dilimizə o qədər ifadələr keçib ki, onları yeri gəldi-gəlmədi istifadə edirik. Əlbəttə ki, bunlar da saf-çürük olunmalıdır. Valideyn övladını qorxu ruhunda yox, əksinə, sevgilə böyütməlidir. Allaha sevgi aşılamalıdır. Sözsüz ki, Allah qorxusu da olmalıdır, bunun təyinatı insanı pis əməllərdən çəkindirməkdir. Quranda “Təkcə məndən qorx” deyə bir ifadə də var. Və təsəvvür edin ki, təkcə İlahidən qorxan adam başqa heç nədən qorxmur. Çəkindiyi də gözəgörünməz ulu varlıqdır. Bu duyğu insanda qorxmazlıq yaradır, insan şəxsiyyətini azadlıq ruhunda gəlişdirir. İnsan Rəbbi ilə üz-üzə qalanda onunla ünsiyyətə girdiyi andan da sevgi impulsları ilə üzləşir. Valideynlərin övladlarını tənbeh üçün işlətdikəri həmin ifadələr Allah qorxusunun fəlsəfəsi ilə düz gəlmir. Uşaqları ancaq pozitiv aurada tərbiyə etmək lazımdır. Onlarda lap erkən yaşlarından “sən dahi olacaqsan”, “səndən yoxdur”, “böyük insan olacaqsan”, “Allah səni sevir” deyə inam yaratmaq, hər hansı yaxşı işlərini mükafatlandırmaq lazımdır. Onları məyusluq hislərindən uzaq tutmaq vacibdir. Uşaqları “heç bir işə yaramırsan” deyib danlamaq qətiyyən yolverilməzdir, günahdır, onların psixikasında problemlər yaratmaq, inamsızlıq yaratmaq deməkdir. Kimlərinsə uğursuzluqlar seriyası öz başlanğıcını bəlkə elə kiçik yaşlarında aldığı belə mənəvi zədələrdən götürür?!

- Hüzurlu müsahibə üçün çox sağ olun, ümid edirəm ki, bu söhbət ölüm haqqında düşünən insanları fikrindən birdəfəlik vaz keçirər...

- Siz də sağ olun. Ümid edək...

Aytən,

Fotolar: Elnur Muxtar

 

http://publika.az/news/maraqliinanc/209951.html

Read 253 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR