Powered by Joomlamaster.org.uatogether with Joomstudio.com.ua

                                                                                                                         

                                                                                                                                                                                           Az (1) Ru (1) En (1)

Bazar ertəsi, 29 May 2017 08:35

Yeni İpək Yolu: istiqamətlər, təzadlar

Written by 

Bu günlərdə Çin Böyük İpək Yolunun istiqamətini göstərən yeni proqramı açıqlayıb ki, orada tarixən mövcud olmuş yolun xəritə üzrə nisbətən, amma iqtisadi-siyasi müstəvidə çox böyük dəyişiklik edilib. Söhbət ondan gedir ki, Şanxaydan başlayan dəmir yolu Almatı-Daşkənd-Səmərqənd-Düşənbə-Aşqabad xətti üzrə irəliləyərək Xəzər sahilindəki Türkmənbaşı şəhərinə tərəf deyil, İran ərazisinə istiqamət götürür. Yol bu ölkədə paytaxt Tehrana daxil olur və sonra İraqın şimalından keçərək İstanbula istiqamətlənir. İkinci xətt isə Orta Asiyadan Moskvaya uzanır. Yəni heç bir halda daha qısa, Xəzərdən keçməklə Azərbaycan və Gürcüstanda mövcud olan yüksəksəviyyəli infrastruktura, məsələn, Bakı-Tiflis-Qars dəmir yoluna baxılmır. Əlbəttə, bu da Azərbaycan vətəndaşı olaraq bizi narahat etməyə bilməz.

Əslində doğrudur, Çinin irəli sürdfüyü layihə Avrasiyanın 60 ölkəsini birləşdirir. Amma burada həmin ölkələrin yoldan faydalanması, ticarətini həyata keçirməsi nəzərdə tutulur. Yəni birbaşa transit olaraq rüsum qazanması, yeni iş yerlərini yaratması və sair deyil, sadəcə, yükünü bu yolla göndərməsi başa düşülür. Maddi mənfəət, siyasi və böyük iqtisadi gəlirlər isə tranzit mərkəzlər sayılan Rusiya, İran və Türkiyəyə çatır…


Minillərin yolu


Miladdan öncə təməli qoyulan Böyük İpək Yolu keçdiyimiz bu tarixi dövr ərzində Çini Orta Asiya üzərindən keçməklə Anadoluya və Avropaya bağlayıb. Dünyada ən uzun və qədim mədəniyyət körpüsü sayılır bu yol. Mənasına gəldikdə, məlum olduğu kimi, Çin ipəyi Qərb ölkələrinə daşındığı üçün bu adı alıb. Hətta orta əsrlərdə Çinlə yanaşı Hindistan və Uzaq Şərqdən Avropaya qiymətli daşlar, ədviyyat və sair da bu yolla daşınıb.

Əlbəttə, iki min il ərzində bu yol indiki adı ilə qeyd olunmayıb. Alman coğrafiyaşünası Ferdinand von Riçthofen araşdırmaları nəticəsində bu qənaətə gəlib və 1877-ci ildə bu ticarət xəttini Böyük İpək Yolu adlandıraraq yazılı elmi ədəbiyyatlara daxil edib.

Bayaq qeyd etdim ki, bu yol minillər ərzində həm də mədəniyyətləri yayan vasitə olub. Bəli, Şərqin bəşəriyyətin doğuşuna şahidlik etmiş mədəniyyəti məhz bu yolla Avropaya aparılıb. Bu günün özündə də sözügedən yolla şərqdən qərbə irəlilədikcə öz arealını genişləndirən mədəniyyət, din və sairənin nişanələrini görmək olar. Məsələn, hansısa buddist tacir qrupu dini inancına sayğı olaraq ölkəsindən minlərlə kilometr uzaqda, yol üstündə bir ibadətxana tikib…

Son yüz ildə bu yolun dünya üçün elə ciddi əhəmiyyəti qalmamışdı. Səbəb isə artıq insanların və yüklərin təyyarələrlə, gəmilərlə daşınması idi. Buna baxmayaraq, 1978-ci ildən başlayaraq Çində start götürən iqtisadi dirçəliş Avrasiyanın içinə doğru gəmilərin üzməməsi, üstəlik, çox baha başa gələn təyyarələrlə hər cür daşımaların çatdırılmasının qeyri-mümkün olmasını səbəbindən Böyük İpək Yolu xatırlanıb və bərpasına dair addımlar atılıb. 1980-ci ildən sonra iqtisadiyyatı o qədər gücləndi ki, yükləri anbarlarda toplanıb, qalıb. Üstəlik, Mao dönəminin sona çatması daxildə siyasi uzlaşma ilə nəticələnib, xarici siyasətdə isə neo-liberal baxışlar hakim olub. Bütün bunlar sözügedən yolun inkişafına qapıları taybatay açıb.

Bu yerdə qeyd edim ki, Yeni İpək Yolu layihəsini Çin rəhbəri Xi Cinping ilk dəfə 2013-cü il sentyabrın 7-də Qazaxıstana səfəri zamanı Nazarbayev Universitetində çıxışı zamanı səsləndirib.


Yeni İpək Yolunun mahiyyəti


Birincisi, layihədə Avrasiya materikinin 60 ölkəsini hər mənada bir-biirnə bağlamaq məqsədi güdülür. Layihədə iştirak edəcək ölkələrdə dünya əhalisinin 70 faizə qədəri yaşamaqdadır. İpək Yoluna daxil 60 ölkə, ümumilikdə, 21 trilyon dollarlıq iqtisadiyyata sahibdir.

Belə zənn edilir ki, layihənin tam icrasına başlanılarsa İpək Yolu üzərində yerləşəın ölkələrin iqtisadiyyatı canlanacaq, hətta ölkələr qeyd-şərtsiz bir-birinin inkişafına dəstək verəcək, imkanlı imkansıza sərmayə yatıracaq… 
İnfrastrukturun inkişafı ilə yanaşı enerji müqavilələrinin imzalanmasına gedən yollar açılacaq. Hətta enerji təhlükəsizliyi proqramını həyata keçirən Avropa Birliyinin Qafqaz və Mərkəzi Asiyadan enerji xammalı idxalına da şərait yaranacaq.

Ən əsası, layihə çərçivəsində Çinlə Fransa arasında daşımalar vaxt və maliyyə sərfi baxımından xeyli asanlaşacaq. Belə ki, Çindən Fransaya yük aparan gəmi bu yolu ən yaxşı halda 40 günə başa vurduğu halda, Yeni İpək Yolu çərçivəsində yüklər dəmir yolu ilə 16 günə Fransanın Lion şəhərinə çatdırılacaq.


Mütəxəssis fikri

Türkiyədə fəaliyyət göstərən Enerji İqtisadiyyatı Dərnəyinin sədri, professor Gürkan Kumbaroğlu deyir ki, Yeni İpək Yolu layihəsi hazırda təkarar formaya düşən iqtisadiyyatın sadəcə bir hissəsidir: “Bu yolun tam şəkildə fəaliyyət göstərməsi üçün Türkiyənin bəxti gətirib və açar rolunu doşayır. Çünki Asiyadan gələn yollar Avropaya ancaq Türkiyə ərazisindən keçə bilər. Bu baxımdan Mərkəzi Asiya və Xəzərin yanacaq xammalı da Türkiyə ərazisindən ötürüləcək. Deməli, bu yolda Qafqazın timsalında Azərbaycanın da geosiyasi mövqeyi ön plana çıxır. Hesab edirəm İpək Yolu Azərbaycansız reallaşmayacaq. Azərbaycan əlindəki müasir keçid infrastrukturları ilə ən qısa yol sayıla bilər”.

Rusiya Elmlər Akademiyasının Enerji İnstitutu Araşdırmalar bölümünün müdiri Tatyana Mitrova isə bu qənaətdədir ki, Yeni İpək Yolu layihəsi Rusiyanı indiki təcrid durumundan çıxaracaq ən güclü vasitədir və mütləq şəkildə qeyd olunan 60 ölkə, xüsusilə də Çinlə iqtisadi əlaqələri maksmum genişləndirəcək. “Hesab edirəm ki, Çinin güclü inkişafı Rusiyaya mənfi təsir etməyəcək, əksinə, imkan yaradacaq ki, Moskva iqtisadi tərəqqiyə nail olsun”.

Boğaziçi Universiteti Asiya Araşdırmaları Mərkəzinin Asiya-Sakit Okean Araşdırmaları üzrə mütəxəssisi Kadir Temiz də bu fikirdədir ki, 2000-ci illərdə Çin dünya istehsalının mərkəzinə çevrilib: “Xüsusilə, 2008-ci ildə yaşanan qlobal iqtisadi böhranadək Çin ikirəqəmli böyümə sürətinə malik olub. 2008-ci ildən sonra böyümə sürəti azalsa da, 2011-ci ildən sonra vəziyyəti nisbətən düzəlib. Bu gün Çin yeni inkişaf modelini icra edir. Böyük İpək Yolu ölkə daxilində iqtisadi-sosial inkişafa təkan verəcək və ticarəti daha da canlandıracaq”.

Mütəxəssis qeyd edir ki, hətta 2014-cü ildə Çin 10 milyard dollarlıq Yeni İpək Yolu Fondu da yaradıb. Eyni zamanda, layihəyə dəstək məqsədilə Asiya İnfrastruktur Bankının fəaliyyətini də artırıb.

İrandakı Xəzər Enerji Şəbəkəsinin aparıcı mütəxəssisi Mahmud Xaqani deyir ki, indi masada Avropaya çıxmağın üç istiqamətinə dair planlar var və bunların heç birindən imtina etmək olmaz: “Bu yol Rusiya, Türkiyə və İranı Avropaya birləşdirəcək. İran Türkmənistan, Azərbaycan və Türkiyə ilə geniş əməkdaşlıq edir. Bu yolla Asiyadan Avropaya həm şərq, həm də qərbdən hərəkət etmək olacaq. Layihə həm də enerjinin idxal-ixracı üçün vasitədir. Bu baxımdan İran və Azərbaycanın, eləcə də Orta Asiyanın yanacaq xammalı öz müştərisinə daha asanlıqla çatdırılacaq”.

Rusiya və Avrasiya məsələləri üzrə mütəxəssis, professor Salih Yılmaz da bildirir ki, əslində son bir əsrdə əhəmiyyətini itirmiş Böyük İpək Yolunu Çin və Qazaxıstan gündəmə gətirib. “Nəzərə alsaq ki, Çin Kommunist Partiyasının 2070-ci ilədək uzanan inkişaf proqramı var, deməli, bu layihə iştirakçı ölkələrə rifah və xoşbəxtlik gətirəcək. Dəmir yolları, şosseləri, dəniz yolları ilə bir-birilə iqtisadi əlaqələri olan ölkələr bu layihənin icrası nəticəsində aralarındakı mövcud xoşagəlməzlikləri yoluna qoya bilərlər. Beləliklə, bölgədəki hərbi-siyasi böhranların həllinə yaşıl işıq yanacaq. Qərb və Şərq ölkələrinin insanlarının yaşam tərzi arasında da böyük fərq var. Hesab edirən bu yolla inteqrasiya həmin fərqi azalda bilər. Ən azından Qərbin təsiri altındakı ölkələr asılılıqdan qurtulacaqlar”.

 
 
http://hafta.az/index2.php?m=yazi&id=200039
Read 336 times


XƏBƏR LENT

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR